Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1768/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1046/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etd i. I. İşin halları
1. Məhkum xx xxxxxx-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. 2. 17 noyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 06 dekabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyə n edilmiş işin faktiki hallarına görə, Məhkum qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, qazanc əldə etmək üçün qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmək barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb istintaqa məlum olmayan vaxt və şəraitdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında qeyrisinin vasitəsilə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metilendioksimetamfetamin (MDMA) tərkibli 15 ədəd həbləri və külli miqdarda - 100,23 qram çəkidə narkotik vasitə olan həşiş qətranını əldə edib üzərində saxlamaqla daşımışdır. Bundan başqa o, təkrarən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayə t əlaqəsinə girərək, qazanc əldə etmək üçün qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək barədə razılığa gəldikdən sonra, sosial şəbəkə vasitəsi ilə qeyrisi ilə əlaqə saxlayıb istintaqa məlum olmayan vaxt və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən qeyrisinin vasitəsilə Bakı şəhəri, ünvan 3 evin yaxınlığındakı zibil qutusunun yanında gizlədilmiş külli miqdarda – 1.000,7 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq yaşadığı ünvan 3 ünvanda saxlamışdır. 25 iyul 2023-cü il tarixdə, saat 13:00-da Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum yaşadığı evin yaxınlığında saxlanılaraq 43-cü Polis Bölməsinə aparılmış, orada həmin tarixdə, saat 15:00-da üzərinə şəxsi axtarış keçirilərkən şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan paketin içərisində təsiredici maddəsinin ümumi təmiz çəkisi 2,4 qram təşkil edən 15 ədəd həb - kustar üsulla hazırlanmış psixotrop maddə metilendioksimetamfetamin (MDMA), 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 100,23 qram olan maddə (bitki mənşəli kütlə) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, eləcə də həmin tarixdə, saat 16:00-da yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən evə baxış keçirilərkən, evin daxilində dolabın içərisindən 01 ədəd şəffaf sellofanda külli miqdarda - təmiz çəkisi 1.000,7 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cina yətlər Məhkəməsinin 1(101)-1073/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 25 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, narkotik vasitə istifadəçisi olsa da, nə təklikdə, nə də başqası ilə əvvəlcədən əlbir olan şəxs halında narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən polis bölməsinə aparılarkən nə üzərində, nə də evində narkotik vasitə olmayıb. Ona polis bölməsində hədə-qorxu və təzyiq göstərilmiş, polis bölməsində olduğu vaxt isə polis əməkdaşları evinə narkotik vasitəni yerləşdirmişlər. Məhkəmədə sadəcə polis əməkdaşları şahid kimi ifadə vermişlər. Onlar isə işdə bilavasitə maraqlı olduqları üçün işin faktiki hallarına deyil, ittihamyönlü ifadələr vermişlər. Bundan başqa istintaq orqanı və məhkəmə onun qabaqcadan əlbir olduğu deyilən şəxslərin müəyyən edilməsi ilə bağlı heç bir araşdırma aparmamışlar. Narkotik vasitənin növü və miqdarı satış məqsədinin sübut olunması üçün yetərli deyi ldir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1046/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1073/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Məhkum kassasiya şikayətində apellyasiya şikayətində irəli sürdüyü eyni dəlilləri təkrarlamaqla, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instan siyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində təqsirli liyinin sübuta yetirilmədiyini iddia edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan müraciət kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1046/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
17. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbi t olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyən ləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qər arı, 29 noyabr 2022-ci il).
20. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
21. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən məhkum tərəfindən eyni dəlillər üzrə verilmiş apellyasiya şikayəti üzrə araşdırma aparmış apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə, habelə mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu şəkildə b ir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, lakin onun Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş polis əməkdaşlarının ibtidai istintaq və məhkəmə qarşısında verdikləri bir-biri ilə uzlaşan ifadələri, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılması haqqında protokol (üzərinə şəxsi axtarış keçirilərkən Məhkum sorğu zamanı bir ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə “tiryək”, həblərin isə psixotrop maddə “ekstazi” olduğunu, 3-4 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında əvvəllər tanımadığı şəxsdən tiryəki 200 manata, “ekstazi”ni 100 manata şəxsi istifadəsi üçün aldığını, bundan əlavə yaşadığı evdə də təxminən bir kiloqrama yaxın narkotik vasitə “kakos” olduğunu bildirmişdir), davamı olaraq videoçəkilişlə evə baxış keçirilməsi və götürmə haqqında protokol (evə baxış zamanı Məhkum evin daxilində girişdən sağ tərəfdə yerləşən dolabın içərisindən bir ədəd şəffaf sellofanda olan bükümü təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni tanımadığı İran İslam Respublikası vətəndaşından internet vasitəsi ilə aldığını bildirmişdir), məhkəmə-kimyəvi, məhkəmə-bioloji ekspertizalarının rəyləri, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi, maddi sübutlar və başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
22. Müvafiq olaraq, birinci in stansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələr ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsasla rının olmaması haqqında nəticəyə gəlmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
24. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin müvafiq dəlillərini müzakirə edərək hesab edir ki, hazırda mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də məhkəmə təcrübəsinə uyğundur.
25. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
26. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
27. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
28. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1046/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhk um tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1046/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.