Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1918/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 07 fevral 2023-cü il tarixli, 1(105)-126/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx.xx.1987-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, «08 NoyabrZəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqmda» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökmlə təyin olunmuş cəzası 01 il azaldılmı ş və cəzası xx.xx.2022-ci il tarixdə başa çatmış, Sumqayıt şəhəri, Nərimanov küçəsi, 7/14 nömrəli yataqxana, 14-cü məhəllədə qeydiyyatda olub Abşeron rayonu, Novxanı kəndi, bağlar yaşayış massivində yerləşən fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 Rafiq oğlunun işlətdiyi Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən «Dönər 1» evinə, yəni binaya giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus 250 manat dəyərində İMEİ **********76712 kodlu İPHONE 6 markalı mobil telefonu, həmin telefonun içərisində olan 25 manat dəyərində 051 *** ** ** sim nömrəsini və həmin «Dönər1» evində satıcı işləyən Zərərçəkmiş şəxs1 məxsus 80 manat dəyərində «Salyut» markalı velosipedi gizli olaraq talayıb vahid niyyətlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Rafiq oğluna və Zərərçəkmiş şəxs1 cəmi 355 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin 1(012)-431/2022 saylı, 16 noyabr 2022-ci il tarixli hökmü ilə (hakim Ş.H.Nəcəfova) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəh ər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3 maddəsi ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə növündə cəzası qəti cəza müddətinə qismən hesablanmaqla ona qəti 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə göstərildiyi kimi həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması hökm edilmişdir.
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2023-cü il tarixli, 1(105)-126/2023 nömrəli qərarı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 1(012)-431/2022 saylı, 16 noyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2023-cü il tarixli, 1(105)-126/2023 nömrəli qərarından M əhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar və proses iştirakçılarının çıxışları:
7. Kassasiya şikayətinin dəlilləri qismində məhkumun barəsində olan yüngülləşdirici hallar (anasının ağır xəstə olması, ailəsinin yeganə qazanc gətirəni olması, əməlindən səmimi peşman olması) sadalayaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2023-cü il tarixli, 1(105)-126/2023 nömrəli qərarının ləğv edilməsini və barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. Kassasiya icraatı zamanı məhkəmə iclasında dövlət ittihamçısı kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. III. Hüquqi məsələlər
8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
9. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
10. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
11. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən (anas ının ağır xəstə olması, ailəsinin yeganə qazanc gətirəni olması, əməlindən səmimi peşman olması) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
12. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 07 fevral 2023-cü il tarixli, 1(105)-126/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
13. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
14. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını al maq məqsədi ilə tətbiq edilir.
15. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
16. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
17. C əzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
18. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
19. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başq a normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
20. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağ ır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
21. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Abşeron Rayon Məhkəməsinin 1(012)-431/2022 saylı, 16 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və əsaslı olmaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.
23. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
24. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhk əmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
25. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassa siya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
26. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
27. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2023-cü il tarixli, 1(105)-126/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2023-cü il tarixli, 1(105)-126/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.