Məhkəmə qərarları › İş №1(102)-2173/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2173/2025

09.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2173/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2299/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, a şağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xxxxx-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü-ekspeditor işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. 2. 04 may 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 21 may 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayə t işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Niyam” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Niyam” adlı şəxslə 1500 manat müqabilində külli miqdarda narkotik vasitənin qoyulacağı yerdən götürüb, deyiləcək ünvana çatdırmaq barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 02 sentyabr 2024-cü il tarixdə ümumi cinayətkar niyyətə uyğun olaraq bir qrup şəxs halında “Niyam” adlı İran İslam Respublikası vətəndaşı ilə “Whatsapp” sosial şəbəkəsində əlaqə saxlayıb, həmin gün sonuncunun Abşeron rayonu, Digah qəsəbəsi, Linkolin yanacaq doldurma məntəqəsinin yaxınlığında ağacın dibində qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan külli miqdarda 02 ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda 2595,0 qram, 2525,0 qram olmaqla, ümumilikdə 5120,0 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananı götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək saxlamış və daşımış, daxil olmuş məlumat əsasında Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı 02 sentyabr 2024-cü il tarixdə, saat 23 radələrində Abşeron rayonu Digah qəsəbəsində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin inzibati binasına gətirilib, orada 03 sentyabr 2024cü il ta rixdə, saat 00:40-dan 01:00-ə kimi üzərində şəxsi axtarış keçirilərkən əlində saxladığı 01 ədəd boz rəngli torbanın (sintetik çantanın) içərisindən 01 ədəd qara rəngli polietilen torbada 2595,0 qram, 01 ədəd qara rəngli polietilen torbada 2525,0 qram ümumilikdə 5120,0 qram çəkidə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1763/2024 nömrəli, 13 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 oktyabr 2023-cü i l tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib işinə yenidən baxılmasını xahiş etmiş, müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu isə ayrılıqda apellyasiya şikayəti verib, hökmün Məhkum aid hissədə dəyişdirilməsini, onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş əməlinin eyni Məcəllənin 307.1-ci maddəsinə tövsif edilərək həmin cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun olan cəza təyin edilməsini xahiş etmişdir.

8. Hökmdən həmçinin Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, hökmün dəyişdirilərək əməlinə düzgün hüquqi qiymət verməklə ona obyektiv, ədalətli cəza təyin edilməsini xahiş etmişdir

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2299/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1763/2024 nömrəli, 13 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr qərar qəbul edərkən məhkumun himay əsində heç bir yerdə işləməyən arvadının, xəstə anasının və üç azyaşlı övladının olmasını nəzərə almamışlar. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2299/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, humaniz prinsipinə əsaslanaraq məhkumun barəsində yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə mi nmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tə tbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum faktiki olaraq ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edib, kassasiya xahişini mahiyyəti üzrə Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdi r.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2299/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alın maqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Re spublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

20. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun o lmalıdır.

21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

22. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

23. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayəthüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

24. Məhkum ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

25. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməli həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

26. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hal olaraq himayəsində üç azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində - 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

27. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən eyni əsaslarla təsdiqlənmişdir.

28. Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarı da istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3cü maddələrinin tələblərinə xidmət edir.

29. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutl ar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2299/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə k ollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2299/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar