Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2316/2023 07.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 1(103)-2010/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1994-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 03 aprel 2022-ci il tarixdə səhər saatlarında fəhlə işlədiyi ünvan 2 ünvanında yerləşən « 8-ci kilometr» bazarında, əvvəllər tanıdığı, eyni bazarda fəhlə işləyən Zərərçəkmiş şəxs naməlum yaşlı qadınla mübahisə etdiyinə görə irad bildirərək bir dəfə sillə ilə sifət nahiyəsindən vurması səbəbindən həmin gün saat 10 radələrində qeyd edilən ünvanda Zərərçəkmiş şəxs ilə yenidən aralarında yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq sözlər söyləməsinə əsəbiləşib qisas almaq məqsədilə üzərində olan qara rəngli, zavod üsulu ilə istehsal olunmuş qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs bel nahiyəsindən bir dəfə vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid daxili qanaxma ilə müşayiət olunan S-vari bağırsağın seroz qişasının zədələnməsi ilə nəticələnən qarnın sol yan səthinin daxilə nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası, qarnın sol yan səthinin qançırı xəsarətləri yetirərək qəsdən sağlamlığa agır zərər vurmuşdur.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 1(101)-1312/2022 nömrəli hökmü ilə (hakim X13 Ağa oğlunun sədrliyi, hakimlər X6 və X1 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 03 aprel 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələləri də həll edilmişdir.
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 1(103)-2010/2022 nömrəli qərarı ilə (hakimlər Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, X7 və X2 ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmünün dəyişdirilməsi, həmin hökmlə Məhkum təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının azaldılaraq ona 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cə zasının təyin edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 1(103)-2010/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar:
7. Kassasiya şikayətinin dəlilləri qismində məhkumun barəsində olan yüngülləşdirici hallar (ata-anasının uşaq vaxtı vəfat etməsi, əməlindən peşma olması, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması) sadalayaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2 022-ci il tarixli, 1(103)-2010/2022 nömrəli qərarının dəyişdirilməsini və barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
9. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər
10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
11. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə gö stərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
12. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
13. Məhkum kassasiya şikayətində tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi t ərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən (ata-anasının uşaq vaxtı vəfat etməsi, əməlindən peşma olması, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması) halların kifayət qədər nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
14. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan k assasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 1(103)-2010/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
15. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
16. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah e dilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
17. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
18. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə gö rə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
19. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
20. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
21. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər c inayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
22. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxıla n işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
23. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 1(101)-1312/2022 nömrəli hökmü ilə təyin edilmiş 6 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətini 3 il 6 aya endirmişdir.
24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddini endirərkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ni, onun şəxsiyyətini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən, məhkumun şəxsiyyətini, törətdiyi əməli və işdə olan digər yüngülləşdirici halları (əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslər barışmasını), həmçinin birinci instansiya məhkəməsində dövlət ittihamçısı qimində iştirak edən Dövlət ittihamçısı təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinin məhkəmədən xahiş etməsini kifayət qədər nəzərə almamış, bu əsasla da məhkəmənin cəza təyini zamanı gəldiyi nəticə qanuni və əsaslı olmamaqla cinayət qanunverici liyinin tələblərinə uyğun olmamışdır.
25. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşaraq, hökmün dəyişdirilməsi qənaətinə gəlmiş və bu qənaətə gələrkən məhkumun kassasiya şikayətinin dəlilləri qismində sadaladığı yüngülləşdirici halları əsas götürmüşdür.
26. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi v ə yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
27. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM- in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
28. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
29. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 1(103)-2010/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 1(103)-2010/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.