Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2356/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-666/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Səfərov Məhəmməd Vahid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Səfərov Məhəmməd Vahid oğlu xüsusi ittiham qaydasınd a şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 147.1 və 148-ci maddələri ilə cinayət məsuluyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
2. Xüsusi ittiham qaydasında şikayəti onunla əsaslandırmışdır ki, xüsusi ittihamçı Səfərov Məhəmməd Vahid oğlu barəsində şikayət verilən şəxs X4 dostu Amil Hüseynov vasitəsilə tanımışdır. Sonuncu ilə münasibətləri pisləşdikdən sonra Orxan Ağayev onun və ailə üzvləri barəsində “Facebook” söyüş və təhqir xarakterli ifadələr işlədərək şərəf və ləyaqətini alçaltmış, habelə böhtan xarakterli məlumatlar yaymışdır. Bu səbəbdən o, polis orqanlarına müraciət etmiş, müraciət əsasında qəbul edilmiş cinayət işinin başlanılmasından rədd qərarında X3 «F acebook» sosial şəbəkəsində onu təhqir etməsi və böhtan atması faktları öz təsdiqini tapmışdır. Bundan sonra o, məhkəməyə müraciət etmiş, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1761/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddiası qismən təmin edilərək, X3 «Facebook» sosial şəbəkəsi vasitəsilə təkzib verməsi və üzr istəməsi öhdəliyi müəyyən edilmiş, həmçinin ondan mənəvi zərər əvəzi kimi 300 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qərara alınmışdır. Bununla belə, o, həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)676/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən şikayət qismən təmin edilərək, Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, X2 mənəvi ziyanın əvəzi olaraq 1000 manat tutularaq Səfərov Məhəmməd Vahid oğluna verilməsi, iddianın qalan hissəsinin isə dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. X3 qeyd olunan hərəkətləri nəticə etibarilə xüsusi ittihamçının nüfuzuna xələl gətirərək onu gözdən salmış, dostlar əhatəsində nüfuzdan salmaqla ona böhtan atılmışdır. Bu səbəbdən o, X3 cinayət məsuliyyətinə cəlb edilməsini tələb etmişdir.
3. Ağcabədi Rayon Məhkəməsinin 1(017)-166/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qərarına əsasən X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən eyni şəxs barəsində eyni ittiham üzrə məhkəmənin ləğv edilməmiş qərarı olması əsası ilə imtina edilmişdir.
4. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Səfərov Məhəmməd Vahid oğlu apellyasiya şikayəti verib, qərarın ləğv edilməsi, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-1160/2024 nömrəli, 27 dekabr 2024-cü il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 1(017)-166/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qərarı ləğv edilmiş, xüsusi ittiham qaydasında materialların icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə olunması üçün həmin şikayətin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Ağcabədi Rayon Məhkəməsinin 1(017)-25/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qərarına əsasən X3 Azərbaycan Respublik ası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir.
7. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Səfərov Məhəmməd Vahid oğlu apellyasiya şikayəti verib, qərarın ləğv edilməsi, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-398/2025 nömrəli, 02 may 2025-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 1(017)-25/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qərarı ləğv edilmiş, xüsusi ittiham qaydasında materialların icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə olunması üçün həmin şikayətin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Ağcabədi Rayon Məhkəməsinin 1(017)-25/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərarına əsasən X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətinin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi əsası ilə icraata qəbul edilməsindən imtina edilmişdir.
10. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Səfərov Məhəmməd Vahid oğlu apellyasiya şikayəti verib, qərarın ləğv edilməsi, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-666/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 1(017)-25/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Səfərov Məhəmməd Vahid oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağı instansiya məhkəmələri tərəfindən toplanmış sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməmişdir. Belə ki, hadisənin əvvəllər baş verməsinə baxmayaraq, həmin hərəkətlərin hazırkı dövrədək davam etməsi barədə göstərilən hallar məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Məhkəməyə sübut növü kimi təqdim edilmiş fotoşəkl in qiymətləndirilməməsi də sübutların araşdırılmasının tam aparılmadığını göstərir. Hazırda O. Ağayev tərəfindən sosial şəbəkədə paylaşımın silinmədiyi, təhqir və böhtan xarakterli məlumatların yayılmasının davam etdiyi bildirilmişdir. Hadisələrin 2024 və 2025-ci illərdə də təkrarlanması cinayət-prosessual müddətin keçmədiyini təsdiq edir. Lakin məhkəmələr bu hallara hüquqi qiymət verməmişlər. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-666/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qərarının ləğv edilməsi, işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması və ya iş üzrə qanuni qərar qəbul edilməsi xahiş edilmişdir.
14. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instan siyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM” və ya “CPM”) 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanu nvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdi rilə bilər.
19. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Səfərov Məhəmməd Vahid oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində təsbit olunmuş əsaslardan hər hansı birinə istinad etməyərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsinə dair məsələləri tənzimləyən cinayət-prosessual normaların tətbiqi üzrə apellyasiya məhkəməsinin hüquqi mövqeyini mübahisələndirib, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-666/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə tələb irəli sürmüşdür.
20. Məhkəmə kollegiyası Səfərov Məhəmməd Vahid oğlunun apellyasiya instansiyas ı məhkəməsinin qərarını kassasiya instansiyası məhkəməsində mübahisələndirərkən bu cür qərarların kassasiya qaydasında ləğv edilməsi əsaslarından hər hansı birinə müraciət etməməsini onun öz mövqeyini kifayət qədər əsaslandırmadığını göstərən hal kimi qiymətləndirərək, həmin şikayətlə əlaqədar həmçinin aşağıdakıları qeyd edir.
21. Azərbaycan Respublikası CPM-nin 302.1.4-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir.
22. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə görə həmin (CPM-nin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən) hallar olduqda məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir.
23. Təsvir olunan normalarla müqayisə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-666/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qərarı nəzərdən keçirildikdə müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlaması əsaslı və yuxarıda qeyd edilən cinayət-prosessual qaydaların tələblərinə cavab verən nəticədir.
24. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Səfərov Məhəmməd Vahid oğlunun təhqir və böhtan xarakterli hesab etdiyi məlumatlar X5 tərəfindən 12 iyun 2020-ci il tar ixdə yayılmışdır. Həmin əməllərin hüquqi qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkibinin Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğu nəzərə alınmışdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası CM-nin 75.1 və 75.1.1-ci maddələrinə uyğun şəkildə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il müddətinin keçməsi əsas götürülərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması nəticəsinə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi də eyni hüquqi əsasları rəhbər tutaraq birinci instansiya məhkəməsinin bu nəticəsini əsaslı hesab etmişdir.
25. Məhkəmələrin Səfərov Məhəmməd Vahid o ğlunun xüsusi ittiham qaydasında verdiyi şikayəti ilə əlaqədar qəbul etdiyi məhkəmə aktlarının nəticələri ilə razılaşan məhkəmə kollegiyası habelə qeyd edir ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
26. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
27. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqey inə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
28. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində bildirilənlərdən fərqlənm ir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırılmış cavablandırma verilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində gös tərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
30. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
31. Odur ki, məhkəmə kollegiyası təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)666/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Səfərov Məhəmməd Vahid oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-666/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.