Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2457/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-221/2024 nömrəli, 11 iyun 20 24-cü il tarixli qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XX XX XX tarixdə Balakən rayonunun Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, X1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 15 fevral 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,990 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasi tə heroini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Məhkumun qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 05 sentyabr 2022-ci il tarixdə, saat 20:40-da Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “X” ailəvi istirahət mərkəzinin qarşısında saxlanılaraq Balakən şəhəri, N.Nərimanov küçəsi 67 ünvanında yerləşən Balakən Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin tarixdə saat 22:43-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqda rda 4,990 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynindəki açıq boz rəngli kətan şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. 3. 02 mart 2023-cü il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,990 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzəri ndə saxlamaqla daşımış, Məhkumun qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum 05 sentyabr 2022-ci il tarixdə, saat 20:40-da Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “X” ailəvi istirahət mərkəzinin qarşısında saxlanılaraq Balakən şəhəri, N.Nərimanov küçəsi 67 ünvanında yerləşən Balakən Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin tarixdə saat 22:43-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda 4,990 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Məhkumun əynində olan açıq boz rəngli kətan şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür.
5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-4/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Əliyev Emil Namiq oğlu ay rı-ayrılıqda apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsi və bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.
7. Hökmdən dövlət ittihamçısı Mirzəyev Tofiq Mais oğlu apellyasiya protesti verib, Məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cəza təyin edilməklə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-221/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-4/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli hökmü apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə dəyişdiri lmədən qüvvəsində saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti və Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Kassasiya protestində qeyd olunmuşdur ki, məhkum edilmiş şəxsdən aşkar olunmuş narkotik vasitənin miqdarı onun satış məqsədi ilə əldə edilməsinin birbaşa təsdiqidir. İş materiallarında Məhkum tərəfindən narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən şahid ifadələri, kifayət qədər digər sübutlar mövcuddur. Apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanılmış sübutları Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymət ləndirilməmiş və tədqiq etməmiş, nəticədə Məhkumun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən eyni Məcəllənin 234.1-1-ci maddəsinə səhv tövsif edilmişdir. Məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)221/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.
11. Kassasiya şikayətində qeyd olunmuşdur ki, ibtidai istintaq və məhkəmə araşdırmaları dövründə maddi və prosessual cinayət qanunlarının tələbləri və məhkumun hüquqları pozulmuş, istintaq tam və şəffaf aparılmamışdır. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-221/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya sı məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikas ı CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyi və nəticədə Məhkumun törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyi iddia edilməklə, kassasiya xahişi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirilmişdir.
18. Kassasiya şikayətində məhkum təqsirliliyinin sübuta yetirilmədiyini, barəsində olan ittiham hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyini iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-221/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respub likası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmama sını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
24. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkumun əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə kassasiya protestinin, eləcə də məhkumun özünün onun təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
25. İlk növbədə kassasiya şikayətinin dəlillərini n əsassız olması ilə bağlı qeyd edilir ki, bu dəlillər daha əvvəl onun özünün və müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərində da qaldırılmış, onları, eləcə də dövlət ittihamçının apellyasiya protestinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları yuxarıda qeyd edilmiş maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman, eləcə də şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, məhkəmə-fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, axtarış, baxış və götürmə aparılması haqqında protokol, digər istintaq hərəkətlərinə dair protokollar, maddi sübut, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
26. Belə olan halda məhkəmələr yuxarıda sadalanan sübutları məhkumun ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə müqayisəli şəkildə tədqiq edib onun məhkəm əyədək icraat zamanı verdiyi ifadələrini daha inandırıcı hesab edərək, məhkəmə qarşında bildirdiklərini işin hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq üçün verilmiş ifadə kimi qiymətləndirmişlər.
27. Eyni zamanda məhkum saxlanılarkən onunla birlikdə olmuş şahidlərin məhkəmədə verdiyi ifadələrində bildirdiklərinə münasibətdə qeyd edilmişdir ki, həmin şəxslər ibtidai istintaqın heç bir mərhələsində daha əvvəl verdikləri ifadələrin həqiqətə uyğun olmadığını və təzyiq altında verildiyini hər hansı formada iddia etməmiş, bu hal istintaq dövründə verilmiş ifadələrin həqiqi və səmimi olduğuna dəlalət edir. Qeyd edilənlərə əsaslanaraq məhkəmələr şahidlərin yeni ifadələrinə tənqidi yanaşıb, onları Məhkumun cinayət məsuliyyətindən yayınmasına istiqamətlənmiş kimi qəbul etmişlər.
28. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olm aması haqqında nəticəyə gəlmişdir.
29. Məhkumun törətdiyi cinayət əməlin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmasının səhv nəticə olduğu üzrə dövlət ittihamçısının hazırda irəli sürdüyü kassasiya protestinin dəlillərinə də apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq ətraflı cavablandırma verilmiş, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, eləcə də həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
30. Dövlət ittihamçısının qeyd etdiyi bu məsələ ilə bağlı apellyasiya instansiyası müəyyən etmişdir ki, iş materiallarında Məhkumun narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olmasına dair (narkotik vasitənin kimə, neçəyə, harada satılması və s. bu kimi məlumat) heç bir sübut növü mövcud deyildir.
31. Müəyyən edilən bu halı nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və ittihamı əsaslandırıb daxili inam yaradan digər mötəbər sübutların mövcud olmadığı şəraitdə təkcə Məhkumun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin 4,990 qram çəkidə olması faktı onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edən fakt kimi çıxış edə bilməz.
32. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya prot estində isə apellyasiya məhkəməsinin nəticəsini təkzib edə biləcək dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkumun törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
33. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna görə də narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). İstintaq hərəkətlə rinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alış-verişin iştirakçıları – narkotikin təchizatını təmin və ya alış-verişində iştirak edən potensial şəxslər barədə məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamətində istintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır (Savalanlı və Digərləri Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il).
34. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkumun törətdiyi cinayət əməlinin tövsifinə dair gəldiyi nəticəsi ilə razılaşır və hesab edir ki, hazırda mübahisələndirilən qərar maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də məhkəmə təcrübəsinə uyğun olaraq qəbul edilmişdir.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir.
36. Qeyd olunanlar apel lyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
37. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-221/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protesti və Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-221/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.