Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2481/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-610/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qərarından apellyasiya icraatı zamanı dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı Əsədov İl qar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə kassasiya icraatı zamanı dövlət ittihamçısı Əhmədov Səfər Əhməd oğlu tərəfindən verilmiş dəyişkliyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx-ci il tarixdə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, X-da qeydiyyatda olmaqla yaşayır. 2. 28 aprel 2025-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 13 may 2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 21 dekabr 2024-cü il tarixdə, saat 20:30 radələrində sərxoş vəziyyətdə Sabirabad rayon Həşimxanlı kəndində yerləşən Zərərçəkmiş şəxs işlədiyi çayxanaya gəlib masa arxasında əyləşəndən sonra təkidlə Zərərçəkmiş şəxs ona çay süzməsini tələb etmiş, Zərərçəkmiş şəxs ona çay süzmədiyi üçün mübahisə edib orada olan şəxslərin gözü qarşısında əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, onu nalayiq söyüşlərlə söyüb sonra masanın üzərində olan 1 ədəd çayniki, 3 ədəd stəkanı, 3 ədəd nəlbəkini, 2 ədəd külqabını, soyuducunun üzərindəki 10 ədəd pivə bakalını və çayxanadakı 1 ədəd kauçuk stolu sındıraraq ona 309 manat maddi ziyan vurmuş, sonra isə başı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən zərbə vuraraq ona burun belində qançır, sol gözaltı nahiyədə sıyrıq əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək şəxslər üzərində zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir.
5. Sabirabad Rayon Məhkəməsinin 1(056)-60/2025 nömrəli, 21 may 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilməsi hökm edilmiş, digər məsələləri həll edilmişdir.
6. Sabirabad Rayon Məhkəməsinin 1(056)-60/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum ərizəsi təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 1(056)-60/2025 nömrəli, 21 may 2025-ci il tarixli hökmünün həll edilməyən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri məsələsi aradan qaldırılmış, hökmün nəticəvi hissəsinə “Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın” məzmununda ikinci abzasın əlavə edilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən və qərarından dövlət ittihamçısı apellyasiya protestləri verib, hökmün cinayət qanunu normalarını düzgün tətbiq etməklə, eləcə də təqsirləndirilən şəxsə təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzasını təyin etm əklə dəyişdirilməsini, habelə anlaşılmazlığın həll edilməsinə dair qərarın ləğv edilməsini xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-610/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qərarı ilə apellyasiya protestləri təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin 1(056)-60/2025 nömrəli, 21 may 2025-ci il tarixli hökmü və Sabirabad Rayon Məhkəməsinin 1(056)-60/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarı verilmiş apellyasiya protestlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından apellyasiya icraatı zamanı dövlət ittihamını müdafiə etmiş Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən kassasiya protesti verilmişdir.
10. Kassasiya protesti üzrə baxış zamanı dövlət ittihamçısı Əhmədov Səfər Əhməd oğlu Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 414.2-ci maddəsinə əsaslanmaqla verilmiş kassasiya protestinə dəyişiklik edilməsi barədə ərizə təqdim etmiş və həmin dəyişiklik nəzərə alınmaqla müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. II. Kassasiya protestinin və ona dəyişikliyin dəlilləri, etirazlar
11. Kassasiya protestində məhkəmələr tərəfindən Məhkum şəxsiyyəti, törədilmiş cinayətin nəticələri və işin digər halları nəzərə alınmadan ona yüngüllüyünə görə açıqaydın ədalətsiz cəza təyin edildiyi, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzaların ən yüngül növünün ən aşağı həddində cəza seçildiyi iddia edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-610/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
12. İlkin kassasiya protestinə təqdim edilmiş dəyişiklikdə faktiki olaraq kassasiya tələbindən imtina edilərək, məhkum edilmiş şəxs barəsində 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiq olunmasının mümkünlüyünə istinad edilmiş, həmin akt əsasında məhkuma təyin edilmiş cərimə cəzasından azad edilməsi, bununla əlaqədar olaraq isə apellyasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi xahiş edilmişdir.
13. Kassasiya protesti və ona dəyişikliyə dair etiraz daxil olmamışdır. III. Hüquqi məs ələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbin dən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Dövlət ittihamçısı kassasiya protestinə edilmiş dəyişikliyin məzmununda apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı halla əlaqələndirməsə də, müraciətində Məhkum barəsində amnistiya aktının tətbiq edilməsinin mümkünlüyünə istinad edərək, bu əsasla cəzadan azad olunmasına dair, həmin səlahiyyətə malik kassasiya instansiyası məhkəməsi tərəfindən təqdim edilmiş dəyişikliyə uyğun qərar qəbul edilməsini xahiş etmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bununla əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)- 610/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Kassasiya protesti və ona edilmiş dəyişikliklə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılıbaraşdırılmaması, onların düzgün qiymətləndirilib-qiymətləndirilməməsi, Məhkum təqsirinin sübuta yetirilib-yetirilməməsi və törətdiyi əməlin hüquqi tövsifi istər kassasiya protestində, istərsə də ona edilmiş dəyişiklikdə mübahisələndirilmir. Dövlət ittihamçısı müraciətində yalnız məhkum barəsində amnistiya aktının tətbiq edilməsi üçün əsasların mövcud olmasını iddia edərək bu əsasla müvafiq qərarın qəbul edilməsini xahiş edir.
21. Məhkəmə kollegiyası kassasiya protestinə edilmiş dəyi şiklikdə irəli sürülmüş dəlillərlə bağlı qeyd edir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması və əməlinin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilməsi barədə məhkəmələrin gəldiyi nəticə əsaslıdır və şübhə doğurmur.
22. Məhkəmə kollegiyası nəzərə alır ki, Məhkum təqsirli bilindiyi cinayət əməli qəsdən törədilən və Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilmişdir. Həmin maddənin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə, habelə digər alternativ cəzalar nəzərdə tutulmuşdur.
23. Birinci instansiya məhkəməsinin 21 may 2025-ci il tarixli hökmündən göründüyü kimi, Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddən in sanksiyasında nəzərdə tutulmuş cəzaların ən yüngül növü olan 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, bu hissədə həmin hökmdən verilmiş kassasiya protestindən dövlət ittihamçısı faktiki olaraq imtina etmişdir.
24. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-nin 81.1-ci maddəsində amnistiya aktının fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilməsi nəzərdə tutulur.
25. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən, məhkum olunmuş şəxslər isə cəzadan azad edilə, yaxud onlara təyin edilmiş cəza azaldıla və ya daha yüngül cəza növü ilə əvəz edilə bilər.
26. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 19 dekabr 2025-ci il tarixində qə bul edilmiş “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın 2-ci hissəsində, bu Qərarın 6-cı hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla, müvafiq kateqoriyadan olan məhkumların cəzadan azad edilməli olduğu müəyyən edilmişdir.
27. Həmin Qərarın 2.11-ci bəndinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas və ya əlavə cəza kimi üç min manatdan artıq olmayan miqdarda cərimə cəzasına məhkum edilmiş şəxslər cəzadan azad edilirlər.
28. Eyni Qərarın 5.3-cü bəndində göstərilir ki, məhkəmələr icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən həmin Qərarın müddəalarına uyğun olaraq amnistiya tətbiq edirlər.
29. Yenə də eyni Qərarın 5.2.2-ci bəndində qeyd edilir ki, Qərarın 2-c i hissəsində nəzərdə tutulmuş şəxslər onlara təyin edilmiş cəzadan azad edilirlər.
30. İstinad edilən qərarın 9-cu hissəsində təsbit edilmişdir ki, bu Qərarın 1–3-cü hissələrinin müddəaları amnistiya aktı qüvvəyə mindiyi günədək çıxarılmış və sonradan qüvvəyə minmiş məhkəmə qərarları əsasında məhkum edilmiş şəxslərə də şamil edilir.
31. Eləcə də həmin Qərarın 27-ci hissəsində əksini tapmış qaydada kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara amnistiya tətbiq edilməmişdirsə, bu məsələnin kassasiya instansiyası məhkəməsində baxılarkən həll edilməli olduğu müəyyən olunur.
32. Bütün qeyd edilənləri nəzərə alaraq, habelə cəzanı icra edən orqan tərəfindən Məhkum barəsində amnistiya aktının tətbiq edilmədiyini müəyyən edərək, məhkəmə kollegiyası onun barəsində Qəra rın 2.11-ci bəndinin tətbiq edilməli olduğu qənaətinə gəlir.
33. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin ona edilmiş dəyişikliyə uyğun olaraq təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-610/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum təyin edilmiş cərimə cəzasından azad edilməsini və qərarın qalan hissələrinin dəyişdirilmədən saxlanılmasını zəruri hesab edir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti dövlət ittihamçısı Əhmədov Səfər Əhməd oğlu tərəfindən təqdim edilmiş dəyişikliyə uyğun olaraq təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-610/2025 nömrə li, 29 iyul 2025-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 2.11-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təyin edilmiş 1000 (min) manat miqdarında cərimə cəzasından azad edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-610/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.