Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2679/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-542/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-texniki təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamışdır.
2. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-322/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hök mü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla 09 (doqquz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddətin təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Məhkum tərəfindən 27 oktyabr 2024-cü il tarixdə verilmiş apelly asiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti 04 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
4. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-322/2023 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarı ilə Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir.
5. Qərardan Məhkum apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-542/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-322/2023 nömrəli, 07 noyabr 2024-cü il tarixli qər arı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Məhkum kassasiya şikayətində hər hansı dəlil irəli sürmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-542/2025 nömrəli, 22 iyul 2025ci il tarixli qərarının ləğv olunması, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasi ya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.
11. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.
12. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-322/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli hökmü Məhkum və müdafiəçisinin iştirakı ilə apellyasiya şikayəti vermək hüququ və qaydası da izah edilməklə elan edilmiş, hökmün surəti 21 dekabr 2023-cü il tarixdə onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 02 fevral 2024-cü il tarixdə məhkum tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir.
13. Bununla belə, Məhkum birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətini və bunun üçün qanunvericiliklə müəyyən edilmiş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti 27 oktyabr 2024-cü il tarixdə cəza çəkdiyi Azərbaycan Respublikası Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və 04 noyabr 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur.
14. Nəticədə Məhkum tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 08 (səkkiz) aydan artıq vaxt keçmişdir.
15. Kassasiya şikayətində məhkum hökmdən apellyasiya şikayəti verilməsi müdd ətini ötürməsinin hər hansı üzrlü səbəbdən baş verməsini əsaslandırmamış, buna dair hər hansı əsaslı sübut təqdim etməmişdir.
16. Təsvir edilənlərdən müəyyən olunur ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yəni birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 07 noyabr 2024-cü il tarixli və 22 iyul 2025-ci il tarixli qərarlarında göstərdikləri kimi, onun Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-322/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir.
17. Nəticə etibarilə m əhkəmə kollegiyası hesab edir ki, Məhkum verdiyi kassasiya şikayəti apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas kimi qəbul edilə bilməz.
18. Belə qənaətə gələn məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış hüquqi mövqeyini də nəzərə alır.
19. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməmə si barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması a rzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).
20. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması h üquqlarının pozulması hallarının müəyyən edilmədiyini nəzərə alır.
21. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsas müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-542/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 1(105)-542/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.