Məhkəmə qərarları › İş №1(102)-2747/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2747/2025

25.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2747/2025 25.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum, onun müdafiəçiləri X6 və Nəcəfov Şamil Rövşən oğlunun, tərcüməçi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1605/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum-ci il tarixdə Pakistan İslam Respublikasında anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Pakistan İslam Respublikasının Kasur şəhərində qeydiyyatda olmaqla yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-981/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 144.2.1, 14 4.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.

3. Həmin hökmlə həmçinin Təqsi rləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da təqsirli bilinib məhkum edilmişlər.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair 23 aprel 2025-ci il tarixli vəsatəti 07 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-981/2024 nömrəli, 30 may 2025-ci il tarixli qərarına əsasən Məhkumn Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-981/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatəti əsassız olduğuna görə təmin edilməmişdir.

6. Həmin qərardan Məhkum apellyasiya şikayəti verib, qərarın ləğv edilməsi, ərizənin təmin edilərək, hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1605/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-981/2024 nömrəli, 30 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Məhkum kassasiya şikayətində hökm çıxarıldıqdan sonra psixoloji vəziyyətinin dəyişməsi, habelə digər ölkənin vətəndaşı olduğundan Azərbaycan Respublikası qanunvericiliyini bilməməsi səbəbindən apellyasiya şikayəti verilməsi müddətini ötürdüyünü əsas gətirərək, Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 1(103)-1605/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qərarının ləğv olunmasını, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş edir.

10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.

12. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmün dən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.

13. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-981/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli hökmü Məhkum və müdafiəçisinin iştirakı ilə elan edilmiş, ona apellyasiya şikayəti vermək hüququ və qaydası izah edilmişdir. Hökmün surəti 05 sentyabr 2024-cü il tarixdə məhkumun saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 17 sentyabr 2024-cü il tarixdə qəbzlə qəbul edilmişdir. Daha sonra 27 sentyabr 2024-cü il tarixdə hökmün urdu dilinə tərcümə olunmuş surəti Penitensiar Xidmətin Umbakı Müəssisəsinə göndərilmiş və 02 oktyabr 2024-cü il tarixdə qəbzlə qəbul edilmişdir. Bununla belə, məhkum birinci instansiya hökmündən apellyasiya şikayətini və qanunvericiliklə müəyyən edilmiş müddətin bərpası üçün vəsatətini 23 aprel 2025-ci il tarixdə 13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmiş, həmin vəsatət 07 may 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur.

14. Nəticədə hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 07 aya yaxın, 06 (altı) ay 21 (iyirmi bir) gün vaxt keçmişdir.

15. Məhkum bu halı səhhətində yaranmış problemlərlə, psixoloji vəziyyətinin pis olması ilə əsaslandırmağa çalışsa da, iddia etdiklərini təsdiq edəcək hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir.

16. Məhkum müddətin ötürülməsinin digər əsasını Azərbaycan Respublikası qanunvericiliyini və Azərbaycan dilini bilməməsi ilə izah etmişdir. Lakin məhkəmə kollegiyası həmin əsası mülahizə xarakterli olmaqla, apellyasiya şikayəti ilə müraciət etmə imkanından məhrum edən əsas kimi qəbul etmir. Cinayət işinin materiallarından müəyyən edilir ki, məhkum cinayət təqibinin bütün mərhələlərində tərcüməçi və dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, hökm ona həm Azərbaycan, həm də urdu dillərində tərcümə olunmaqla elan edilmiş, apellyasiya şikayəti vermək hüququ və qaydası həm məhkumun, həm də müdafiəçinin iştirakı ilə izah edilmiş və hökmün surəti həm müdafiəçisinə, həm də məhkuma təqdim olunmuşdur.

17. Göründüyü kimi, baxılan kassasiya şikayətində üzrlü səbəb olaraq göstərilmiş hallar heç bir izah və sübuta əsaslanmayan mülahizələrdən ibarətdir, Məhkum apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdən kənar vaxtda verməsinə dair izahı isə iş materialları ilə təkzib edilir.

18. Təsvir edilənlərdən müəyyən olunur ki, Məhkumı birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud deyil, yəni birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 30 may 2025-ci il tarixli və 28 iyul 2025-ci il tarixli qərarlarında göstərdikləri kimi, onun Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-981/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir.

19. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, Məhkum verdiyi kassasiya şikayətində üzrlü səbəb olaraq göstərilən hallar heç bir sübuta əsaslanmayan mülahizələrdən ibarət olmaqla, apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas kimi qəbul edilə bilməz.

20. Belə qənaətə gələn məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış hüquqi mövqeyini də nəzərə alır.

21. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəmə yə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasını n qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).

22. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların, Məhkum müdafiə və ədalə tli məhkəmə araşdırması hüquqlarının pozulması hallarının müəyyən edilmədiyini də nəzərə alır.

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsas müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1605/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 1(103)-1605/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar