Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2782/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, əmək müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində usta işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, halhazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət M əcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2025-ci il tarixli, 1(106)-481/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Şirinov Fuad Paşa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 1(099)-133/2025 nömrəli hökmü ilə (hakimlər: Ə.A.Əliyev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum 12 iyul 2024-cü il tarixdən 14 iyul 2024-ci il tarixədək, yəni 2 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 mart 2025-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Birinc i instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Şirinov Fuad Paşa oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2025-ci il tarixli qərarı ilə (hakimlər: C.R.Sultanov (sədrlik edən), E.İ.Xasməmmədov və P.V.Hacıyev) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2025-ci il tarixli qərarından müdafiəçi Şirinov Fuad Paşa oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum 10 iyul 2024-cü il tarixdə saat 22 radələrində Cəbrayıl şəhəri ərazisində yerləşən hərbi şəhərciyin yaxınlığında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində münaqişə edərkən sonuncunun yumruqla onun sağ göz nahiyəsindən bir dəfə zərbə endirərək getməsindən sonra münaqişəni davam etdirmək və həmin hərəkətinə görə Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə həmin gün saat 23 radələrində "xxxx" MMC-də onunla birlikdə işləyən digər Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs işlədiyi "xxxx" MMC-nin Cəbrayıl şəhəri ərazisində yeni inşa etdiyi elektrik stansiyasının yaxınlığına tikintidə işləyən şəxslərin gecələməsi üçün nəzərdə tutulan konteynerlərin qarşısına gəlməklə konteynerlərin qarşısında işçilərin qidalanmaları üçün inşa olunmuş tikilidə masanın üzərinə qoyulmuş şüşə butulkanı sağ əlinə götürərək masanın baş tərəfində digər tərəfinə keçən Zərərçəkmiş şəxs tuşlamaqla zərblə ataraq həmin butulkanın sonu ncunun başının sağ gicgah nahiyəsindən dəyməsi, həmin zərbənin təsirindən Zərərçəkmiş şəxs huşunu itirərək yerə yıxılmasından sonra isə qrupun digər üzvü Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsindən eni 4x9 sm və uzunluğu 81 sm olan ağac parçası ilə qəsdən dəfələrlə zərbə endirməsi, ümumilikdə isə həm özünün, həm də Təqsirləndirilən şəxs endirdiyi ümumi cinayətkar niyyətlə əhatə olunan çoxsaylı zərbələrin məcmusu nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid baş beyinin ağır dərəcəli əzilməsi, sağ təpə-gicgah payında hemorragik kontuziya sahələri, sağ təpə-gicgah nahiyədə epidural hematoma, pnevmasefaliya, sağ gicgah sümüyünün basılmış-qəlpəli sınığı və sağ gicgah nahiyəsinin yum şaq toxumlarının şişkinliyi və qançırı (əzilməsi) ilə, eyni zamanda zərbələrin şiddətinə və çoxluğuna əsasən zərərçəkmiş şəxsə ağır iztirabların verilməsi ilə müşayiət olunan açıq kəllə beyin travması kimi xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına xüsusi amansızlıqla qəsdən ağır zərər vurmuşlar. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Şirinov Fuad Paşa oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə qərarları maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Nəticədə Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmə diyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Şikayət müəllifi iddia edir ki, müdafiə tərəfinin iş üçün mühüm əhəmiyyət kəsb edən əlavə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi və əsas şahidlərin dindirilməsi ilə bağlı vəsatətləri təmin edilməmişdir. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnun, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” xx.xx.1950-ci il tarixli Avropa Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırılması, müdafiəni hazırlamaq üçün kifayət qədər imkanlara malik olmaq və şahidləri dindirmək hüquqlarının pozulması ilə nəticələnmişdir. Cinayət işi üzrə təqdim edilmiş məhkəmə -tibbi ekspertiza rəylərində zərərçəkmiş şəxsdə aşkar edilmiş xəsarətlərin hansı qisminin konkret olaraq Məhkum hərəkətləri nəticəsində yarandığı müəyyən edilməmiş, xəsarətlərin yaranma mexanizmi və lokalizasiyası iştirakçılıq kontekstində diferensial qaydada qiymətləndirilməmişdir. İştirakçılıqla törədildiyi iddia olunan cinayətdə hər bir şəxsin faktiki rolu, iştirak forması və məsuliyyət həcmi müəyyən edilmədən ümumi nəticəyə görə məsuliyyət tətbiq edilmiş, bu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32 və 33-cü maddələrinin tələblərinə zidd olmuşdur. Şahid ifadələri arasında mövcud olan kəskin ziddiyyətlər aradan qaldırılmamış, bir sıra mühüm şahidlərin dindirilməsindən imtina edilmiş, hadisənin baş vermə mexanizmi və ağır nəticənin konkret hansı hərəkət nəticəsində yarandığı sü buta yetirilməmişdir. Bundan əlavə, zərərçəkmiş şəxsin hadisənin başlanmasına səbəb olan davranışlarına hüquqi qiymət verilməmiş, Məhkum şəxsiyyəti, ailə vəziyyəti, yüngülləşdirici hallar, tərəflərin barışması və digər mühüm amillər cəza təyini zamanı nəzərə alınmamışdır. Eyni ilə ittihamın sübut olunmasında mövcud olan şübhələr aradan qaldırılmamış, Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələblərinə zidd olaraq həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə deyil, əleyhinə şərh edilmişdir. Müdafiəçi F.P.Şirinov kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kas sasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmu şdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə əsasən cinayət-prosessual qanunun müddəlarına uyğun surətdə müvafiq p rosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərl iyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Eyni zamanda, CPM-in 349.3 və 349.4-cü maddələri məhkəmə hökmünün, digər yekun qərarının məhkəmə aktının qanuniliyi meyarına cavab verməsini, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmasını tələb edir. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.3, 349.4, 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı və qanuni sayıla bilər. Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və hökmü dəyişdirilmədən saxlamış apellyasiya instans iyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, bu aktların Məhkum Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs ağır xəsarətin yetirlməsi hissədə gəlinmiş nəticə yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, o cümlədən Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına, habelə cinayətprosessual qanunun 349.4-cü maddəsində göstərilən məhkəmə aktının qanuniliyi tələbinə və 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəy yən olunur. Məhkəmələrin müəyyən edilmiş saydıqları bu hallar birinci instansiya məhkəməsində bilavasitə araşdırılmış sübutlara, o cümlədən məhkum edilmiş şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, habelə iş üzrə keçirilmiş məhkəmə ekspertiza rəylərinə əsaslanır (sadalanmış bu və digər sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edildiyindən və məhkəmələr tərəfindən onların həqiqi məzmununa uyğun olaraq qiymətləndirildiyindən, məhkəmə kollegiyası onların yenidən geniş şəkildə təsvir və şərh edilməsinə zərurət görmür). Yuxarıda təsvir edilmiş halların qeyd olunan şəxslərin ifadələri ilə uzlaşması, sübutların bir-birini tamamlaması və hadisənin ümumi mexanizmini təsdiqləməsi məhkəmələrin çıxardıqları - Məhkum Zərərçəkmiş şəxs ağır xəsarətin yetirilməs ində Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında birləşərək hərəkət etməsi, onun əməlində Cinayət Məcəlləsinin 126.2.1-cü maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin olması haqqında nəticənin düzgün olduğunu göstərir. Odur ki, məhkəmə heyəti kassasiya şikayətinin bu nəticənin mübahisələndirilməsinə həsr olunmuş hissəsi ilə razılaşmır. Lakin Məhkum Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə və xüsusi amansızlıqla ağır xəsarət yetirilməsi əlaməti üzrə məhkəmələrin gəldikləri nəticəyə diqqət etdikdə, göstərilən tövsifedici əlamətlə bağlı məhkəmələrin müəyyən edilmiş saydıqları hallar birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla, Məhkum təqsirliliyi barədə qənaətin isə Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin dispozisiyası ilə uyğunluq təşkil etmədiyi müəyyən edilir. Belə ki, hökmdən və birinci instansiya məhkəməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr Məhkum hərəkətlərində həmin tövsifedici əlamətlərin olması haqqında nəticəyə gələrkən sübutların məcmusuna istinad etməklə müəyyən edilmiş saydıqları belə bir haldan çıxış etmişlər ki, “Məhkum şüşə butulkanı zərərçəkmişin baş nahiyəsinə atması nəticəsində sonuncunun huşunu itirərək yerə yıxılmış, daha sonra qrupun üzvü Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs ağac parçası ilə qəsdən dəfələrlə endirilmiş zərbələrin, ümumilikdə isə həm özünün, həm də Təqsirləndirilən şəxs endirdiyi ümumi cinayətkar niyyətlə əhatə olunan çoxsaylı zərbələrin məcmusu nəticəsində Zərərçəkmiş şəxs həyat üçün təhlükəli ağır kəllə-beyin travması (ağır x əsarət) yaranmış və bu hərəkətlər zərərçəkmişə ağır iztirab verilməsi ilə müşayiət olunmaqla xüsusi amansızlıqla sağlamlığa qəsdən ağır zərər vurulması kimi qiymətləndirilməsinə əsas verir.” Sağlamlığa qəsdən ağır zərər vurma cinayətinin əsas tərkibi Cinayət Məcəlləsinin 126.1-ci maddəsində şəxsin sağlamlığına həyat üçün təhlükəli olan və ya onun sağlamlığının uzun müddət pozulmasına səbəb olan zərərin yetirilməsi kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinə baxdıqda aydın olur ki, bu norma ilə nəzərdə tutulan “xüsusi amansızlıqla” törədilmə dedikdə zərərçəkmişə adi zor tətbiqindən kənara çıxan, onun fiziki və ya psixi iztirablarını bilərəkdən artıran üsul və vasitələrdən istifadə başa düşülür. Bu, çoxsaylı zərbələr vurma, işgəncə xarakterli hərəkətlər, ağrını uzadan və ya şiddətləndirən üsullardan istifadə, zərərçəkmişin yaxınlarının gözü qarşısında zor tətbiq etmə və s. formalarda təzahür edə bilər. Əsas meyar – zərərçəkmişə əlavə əzab verilməsinin obyektiv olaraq müşahidə edilə bilməsi və bunun əməlin icra üsulunda əks olunmasıdır. Eyni ilə təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə Cinayət Məcəlləsinin 25.3-cü maddəsində təsvir edilmiş dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə). “Köməksiz vəziyyətdə olan şəxsə qarşı törətmə” isə zərərçəkmi şin özünü müdafiə etmək, müqavimət göstərmək və ya təhlükədən yayınmaq imkanlarının real olaraq məhdud olduğu vəziyyəti ifadə edir. Bu hal fiziki (uşaqlıq, qocalıq, xəstəlik, huşsuzluq, hərəkət məhdudiyyəti), psixi (şok vəziyyəti, psixi pozuntu) və ya situativ (əlləri bağlanmış, yıxılmış, təcrid olunmuş və s.) səbəblərlə şərtlənə bilər. Burada əsas obyektiv meyar – zərərçəkmişin faktiki olaraq müdafiəsiz olmasıdır. Təqsirkar zərərçəkmişin müdafiəsiz vəziyyətdə olduğunu bilməli və məhz bu vəziyyətdən istifadə etməklə əməli törətməlidir. Əgər təqsirkar bu vəziyyəti dərk etmirsə və ya obyektiv olaraq belə hal mövcud deyilsə, həmin kvalifikasiyaedici əlamət tətbiq edilə bilməz. Yuxarıda sadalanmış yanaşmalar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müə yyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Adı çəkilən Qərarın 13-cü bəndində göstərilir ki, CM-in 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyət o vaxt yaranır ki, zərərçəkmiş şəxs ö zünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs bunu dərk edir. Məsələn, köməksiz vəziyyətdə olma dedikdə zərərçəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəstəliyə tutulma, eləcə də özünə qarşı edilən hərəkətlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və s. bu kimi hallar başa düşülür. Məhkəmə aktlarında ətraflı təsvir edilmiş “sübutların məcmusunu”, həmin sübutlardan irəli gələn yekun mülahizələrlə müqayisə etdikdə aydın olur ki, Məhkum əməlinin “köməksiz vəziyyətdə olan şəxsə qarşı” və ya “xüsusi amansızlıq” kimi qiymətləndirməyə əsas verən nəticələr iş üzrə tədqiq edilmiş həmin sübutların məzmunu ilə uz laşmır və onlardan birbaşa irəli gəlmir. Belə ki, məhkum edilmiş şəxs Məhkum ifadəsində göstərmişdir ki, hadisə günü yolda təsadüfən rastlaşdığı Zərərçəkmiş şəxs avtomobildə söhbət zamanı heç bir əsaslı səbəb olmadan onun sağ göz nahiyəsindən yumruqla zərbə endirmiş və uzaqlaşmışdır. Sonradan səbəbi aydınlaşdırmaq üçün onun qaldığı yerə getmiş, X qaçaraq içəri daxil olduqda ardınca girərək masanın üzərindəki şüşə butulkanı götürüb arxasınca atmış, butulka dəydikdən sonra X yıxılmış, özü isə dərhal digər şəxslər tərəfindən çölə çıxarılmışdır. Bundan sonra X içəri daxil olaraq zərərçəkmişə taxta parçası ilə zərbələr endirmiş, daha sonra hamısı hadisə yerindən uzaqlaşmışlar. İfadədə həmçinin göstərilmişdir ki, sonradan Xin baş nahiyəsindən qan axdığı, onun yerdə halsız vəziyyətdə uzandığı müş ahidə olunmuş, hadisədən sonra ona qarşı zorakı hərəkətlər davam etdirilməmiş, Xlə əvvəlcədən razılaşma olmamış, təqsirləndirilən şəxs peşman olduğunu, zərərçəkmişin göstərdiyini və onunla barışdığını bildirmişdir. müalicəsinə maddi kömək Digər məhkum edilmiş şəxs birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsində göstərmişdir ki, hadisə günü iş yoldaşları ilə birlikdə qaldıqları yerdə olmuş, sonradan Xin vurulduğu barədə xəbər aldıqdan sonra digərləri ilə birlikdə hadisə yerinə getmişdir. Orada çoxsaylı şəxslərin olduğunu görmüş, yerdən bir ağac parçası götürmüş, lakin içəri daxil olarkən Xin artıq çölə çıxarıldığını, zərərçəkmişin isə üzüaşağı vəziyyətdə yerdə uzandığını müşahidə etmişdir. Özünün Xi vurmadığını, taxta ilə zərbə endirmədiyini, içəri girəndə yalnız onun başında n qan axdığını gördüyünü bildirmiş, həmçinin Xin də zərərçəkmişi vurduğunu görmədiyini qeyd etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hadisə günü konteynerlərin yerləşdiyi əraziyə çatarkən orada çoxsaylı şəxslərin toplandığını görmüş, özünü müdafiə məqsədilə yerdən ağac parçası götürərək otağa daxil olmuşdur. İçəridə Məhkum tutulduğunu, Zərərçəkmiş şəxs isə çömbəlmiş vəziyyətdə olduğunu gördükdən sonra onu əvvəl Xi vurub qaçan şəxs kimi tanımış və əlində olan ağac parçası ilə baş nahiyəsinə bir dəfə zərbə endirmişdir. Zərbədən dərhal sonra digər şəxslər tərəfindən saxlanılaraq otaqdan çıxarılmış, əlindəki ağac parçası alınmış və hadisə yerindən uzaqlaşdırılmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində gös tərmişdir ki, hadisə günü siqaret almaq üçün yola çıxarkən avtomobildə Məhkumla rastlaşmış, söhbət zamanı aralarında münaqişə yaranmış və o, Xi yumruqla vurduqdan sonra ayrılıb qaldığı yerə getmişdir. Sonradan yeməkxanada olarkən X və X digər şəxslərlə birlikdə ora gəlmiş, X masanın üzərində olan şüşə butulkanı götürərək ona atmış, butulka baş nahiyəsinə dəyərək onun yıxılmasına səbəb olmuşdur; Xin isə əlində ağac parçası ilə ona yaxınlaşdığını xatırladığını, bundan sonrakı hadisələri xatırlamadığını bildirmişdir. İfadəsinə görə, aldığı xəsarətlər nəticəsində uzun müddət yaddaş pozuntusu yaşamış, butulka zərbəsi gicgah sümüyünün sınmasına, sonradan ağacla vurulmanın isə həmin sınığın ağırlaşmasına səbəb olduğunu qeyd etmişdir. Zərərçəkmiş hazırda yenidən əməliyyata ehtiyacının olduğunu, tə qsirləndirilən şəxslərin ona maddi köməklik etdiyini, zərərin ödənilməsi ilə bağlı onlarla barışdığını və gələcəkdə bu iş üzrə şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, zərərçəkmiş şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ona yaxınlaşdığını xatırladığını, onun zərbəsindən sonra özündən getdiyini, ibtidai istintaq zamanı isə vermiş olduğu ifadəsində Xin ona şüşə butulkanı atdıqdan sonra sol çiyni üstə yerə yıxıldığını, sonra Xin ona ağacla bir dəfə zərbə endirdiyini, bu zaman huşunu itirdiyini, Xin x ona həmin ağac parçası baş nahiyyəsindən 2-3 dəfə vurub vurmadığını bilmədiyini, lakin ona elə gəlir ki, həmin vaxt Təqsirləndirilən şəxs ağac parçası ilə onun sol gicgah nahiyyəsində 2-3 zərbə vurmuşdur. Məhkəmə iclasınd a Şahid4 ifadəsində göstərmişdir ki, hadisə zamanı X zərərçəkmiş şəxsi vurmaq istədikdə sonuncu içəri qaçmış, X onun ardınca daxil olaraq masanın üzərindəki şüşə butulkanı götürüb zərərçəkmişə atmış, butulka baş nahiyəsinə dəydikdən sonra zərərçəkmiş yerə yıxılmışdır. Bu vaxt X tutulub çölə çıxarılmış, həmin anda Xin də içəri daxil olduğu, arxaya dönəndə isə görmüşdür ki, oradakılar Xi də tutublar, lakin onun zərərçəkmiş şəxsi vurmasını görməmiş, yalnız əlində taxta parçası olduğunu müşahidə etmişdir. Bundan sonra özü yaxınlaşaraq Xi də kənara çəkib çölə çıxarmış, orada olan yaşlı bir şəxsdən kömək istəmiş və dava-dalaşın davam etməsinin qarşısını almaq məqsədilə onları həmin yerdən uzaqlaşdırmağa çalışmışdır. İş üzrə Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, içəri gi rən zaman Məhkum masanın üzərində olan şüşə butulkanı götürərək Zərərçəkmiş şəxs tərəf atdığını, butulkanın onun sağ qulağının arxa nahiyəsinə dəydiyini və Xin masanın digər tərəfinə keçərək yerə oturduğunu görmüş, bu zaman Məhkum arxadan qucaqlayaraq çölə çıxarmış, arxadan səs-küy eşidərək geri dönmüş, Təqsirləndirilən şəxs əlində eni təxminən 5x10 sm, uzunluğu 0,8–1 metr olan ağac parçası tutduğunu, Şahid1 tərəfindən arxadan saxlanıldığını və onun yerdə olan Zərərçəkmiş şəxs tərəf hərəkət etdiyini, lakin saxlanıldığı üçün zərbə endirə bilmədiyini müşahidə etmişdir. Bundan sonra Məhkum buraxaraq Xin yanına getmiş, onun qolundan tutaraq digər şəxslərlə birlikdə çölə çıxarmağa çalışmış, bu zaman X dartınaraq “məni buraxın” deyib yenidən Xə tərəf getmək istəmiş, lakin saxlanılaraq çölə çıxar ılmış, əlindəki ağac parçası isə kənara atılmışdır. Otaqda olarkən şahid Təqsirləndirilən şəxs onun dava-dalaşa qoşulmasının və Zərərçəkmiş şəxs ağac parçası ilə zərbə vurmasının yersiz olduğunu, mübahisənin Xlə X arasında baş verdiyini və bu məsələyə müdaxilə etməməli olduğunu demiş, X isə sərxoş vəziyyətdə “düz etmişəm, vurmuşam” deyə cavab vermiş, aralarında qısa mübahisə yaransa da, digər şəxslər tərəfindən sakitləşdirilmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, X içəri daxil olduqdan sonra masanın üzərində olan şüşə butulkanı götürərək Xə atmış, butulka ona dəydikdən sonra X yerə yıxılmışdır. O, bu zaman Xi arxadan qucaqlayaraq çölə çıxarmağa çalışmış, həmin anda Xin sağ tərəfdən keçərək əlində olan taxta parçası ilə yerdə uzanmış vəziyyətdə olan Xin baş nahiyəsinə z ərbələr endirdiyini görmüşdür. Daha sonra digər şəxslərlə birlikdə həm Xi, həm də Xi çölə çıxarmışlar. Müdafiə tərəfinin Məhkum əməllərində Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin tərkib əlamətlərinin mövcud olmaması ilə bağlı iddialarının qiymətləndirilməsi ilə əlaqədar kollegiya Cinayət Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinə istinad edərək qeyd edir ki, qabaqcadan razılaşma olmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən əməl “bir qrup şəxs tərəfindən törədilmə” kimi qiymətləndirildiyi halda, cinayətin törədilməsinə dair razılıq əvvəlcədən əldə edildikdə həmin birlik “qabaqcadan əlbir olan qrup” statusu alır. Bu baxımdan, bir qrup şəxs formasında iştirakçılıq mütləq şəkildə əvvəlcədən planlaşdırılmış niyyətin mövcudluğunu deyil, hadisənin gedişində formalaşan, bir- biri ilə uzlaşan və vahid cinayətkar nəticəyə yönələn birgə icra davranışlarında ifadə olunur və iştirakçıların hərəkətlərinin eyni zaman və məkan çərçivəsində qarşılıqlı şəkildə tamamlanması ilə səciyyələnir. Həmçinin ictimai təhlükəlilik dərəcəsinə görə “bir qrup şəxs tərəfindən törətmə” cinayətkar birləşmələrin digər formaları – qabaqcadan əlbir olan qrup və ya mütəşəkkil dəstə ilə müqayisədə daha aşağı təşkilatlanma səviyyəsini ifadə edir və bu halda iştirakçıların davranışı əvvəlcədən planlaşdırılmış, sabit və davamlı cinayət əlaqəsinə deyil, hadisənin gedişində formalaşan birgə icraya əsaslanır. İş üzrə toplanmış və məhkəmələr tərəfindən tədqiq edilmiş sübutların məcmusundan görünür ki, hadisənin inkişafı təsadüfi və epizodik xarakter daşımamış, bir-birini şərtləndirən və vahid xətt üzrə formalaşan qarşılıqlı zorakılıq hərəkətləri şəklində baş vermişdir. Belə ki, əvvəlcə zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən Məhkum qarşı fiziki təsir göstərilmiş, bundan sonra Məhkum münaqişəni davam etdirmək məqsədi ilə zərərçəkmişi taparaq onun ardınca getmiş, sonuncunun baş nahiyəsinə şüşə butulka atmış, həmin hərəkətlərin davamı olaraq isə Təqsirləndirilən şəxs hadisəyə qoşularaq əlində olan taxta parçası ilə zərbələr endirmişdir. Bu hallar zorakılığın ayrı-ayrı, əlaqəsiz epizodlar şəklində deyil, eyni zaman və məkan çərçivəsində, qarşılıqlı tamamlayan və bir-birini şərtləndirən hərəkətlər ardıcıllığı kimi baş verdiyini təsdiq edir. Bu baxımdan, hadisə zamanı istifadə olunan vasitələrin – əvvəl şüşə butulkanın, daha sonra taxta parçasının – fərqli olması iştirakçıların niyyətin in parçalanması kimi deyil, vahid cinayətkar davranışın müxtəlif əşyalarla həyata keçirilməsi, hər iki şəxsin hərəkətlərinin zərərçəkmişə fiziki zərər yetirməyə yönəlməsi və zorakılığın eyni münaqişənin davamı kimi ardıcıl şəkildə inkişaf etməsi kimi dəyərləndirilməlidir. Digər tərəfdən Məhkum ilə Təqsirləndirilən şəxs bir qrup şəxs halında hərəkət etməsi və onların davranışlarının vahid cinayətkar nəticəyə – zərərçəkmişin sağlamlığına ağır zərər yetirilməsinə yönəlməsi toplanmış mötəbər sübutlarla təsdiq olunsa da, bu hal yalnız cinayətin birgə icra şəraitində törədildiyini göstərir və öz-özlüyündə əməlin köməksiz vəziyyətdə olan şəxsə qarşı və ya xüsusi amansızlıqla törədilməsi kimi tövsifedici əlamətlərin mövcudluğunu müəyyən etmir. Başqa sözlə desək, Məhkum və Təqsirləndirilən şəxs əmə llərinin qeyd olunan əlamətlər üzrə tövsif edilməsi üçün ağırlaşdırıcı halların onların qəsdi ilə əhatə olunması və ya ən azı həmin xüsusatların mövcudluğunu dərk edilərək şüurlu surətdə yol verilməsi real və obyektiv sübutlarla təsdiqi tələb olunur. Hazırki iş üzrə müəyyən edilmiş hallardan və onların əsasına qoyulmuş sübutlardan görünür ki, cinayətin iştirakçıları arasında Zərərçəkmiş şəxs köməksiz vəziyyətə salınması, həmin haldan istifadə edilərək Təqsirləndirilən şəxs ona xəsarətlər yetirməsi və ya ümumilikdə zərərçəkmiş şəxsin köməksizliyinin dərk edilərək bu şəraitdən istifadə olunması, habelə ona xüsusi ağrılar yetirməklə iztirab vermək, yəni əməli xüsusi amansızlıqla törətmək barədə əvvəlcədən razılaşma, qarşılıqlı anlaşma və ya belə nəticəni şüurlu şəkildə ehtiva edən birgə niyyə t mövcud olmamışdır. Belə ki, cinayətin bilavasitə törədilməsi zamanı Təqsirləndirilən şəxs zərərçəkmişə taxta parçası ilə zərbə endirməsi - onun zərərçəkmişin köməksiz vəziyyətindən istifadə etmək və ya ona xüsusi əzab və iztirab vermək niyyətindən irəli gələn hərəkət kimi deyil, Məhkum tərəfindən masanın üzərindəki şüşə butulkanın atılması ilə başlanmış zorakı hərəkətlərin davamı olaraq formalaşmış ümumi qəsdə qoşulması və qəsdən sağlamlığa ağır zərər yetirməyə yönəlmiş davranışının məntiqi davamıdır. Hadisənin inkişafı, zərbələrin yetirilmə ardıcıllığı, iştirakçıların emosional vəziyyəti və hərəkətlərin eyni zaman kəsiyində baş verməsi bu epizodun planlı və məqsədli əzabvermə davranışı deyil, münaqişənin davamı kimi formalaşdığını göstərir. O da nəzərə alınmalıdır ki, zərərçəkmiş Zərərç əkmiş şəxs huşunu itirməsi faktı onun ifadələrində qeyd olunsa da, bunun konkret hansı zərbədən, hansı anda və hansı fiziki vəziyyətdə baş verməsi iş üzrə sübutlarla qəti şəkildə müəyyən edilməmiş, eyni zamanda onun huşunu itirmiş vəziyyətdə zərbələrin sayı barədə məlumatlı olması həmin vəziyyətin xarakteri ilə ziddiyyət təşkil etmişdir. Belə ki, huşunu itirmiş şəxsin sonradan ona neçə zərbə endirildiyini qavraması və bu barədə dəqiq məlumat verməsi praktik və psixofizioloji baxımdan mümkünsüzdür. Bu baxımdan zərərçəkmişin yıxılması münaqişənin gedişində yaranmış ani fiziki təsirin nəticəsi olmaqla, onun əvvəlcədən müdafiə imkanlarından məhrum vəziyyətdə seçilərək hücuma məruz qalması və həmin haldan istifadə edilməsinə yönəlmiş ayrıca qəsdin mövcudluğu kimi dəyərləndirilə bilməz. Eyni zam anda, zərbələrin yetirilməsi zərərçəkmişə xüsusi iztirab vermək məqsədindən irəli gələn davranış kimi deyil, birgə icraçıların qarşıdurmanın dinamik inkişafı şəraitində zərərçəkmişə xəsarət yetirmək niyyətində olduqlarını və bu niyyətin həyata keçirilməsində qətiyyət göstərdiklərini ifadə edən xüsusat kimi qiymətləndirilməlidir. Göründüyü kimi, köməksiz vəziyyət və xüsusi amansızlıqla qəsdən ağır xəsarət yetirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin tərkib elementləri Məhkum hərəkətlərində müəyyən olunmadığından, qeyd olunan ağırlaşdırıcı əlamət ona şamil edilmiş cinayətlərdən və Cinayət Məcəlləsinin maddələri sırasından xaric edilməlidir. Qeyd olunan hal, yəni Məhkum sözügedən əməlinin yanlış olaraq Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə tövsif edilməsi məhkəmələrin mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiklərini, yəni kassasiya şikayətinin bu hissədə əsaslı olduğunu göstərir. Məhkum təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmi ş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində xüsusi olaraq göstərilmiş cəzanı yüngülləşdirən haldır. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci mad dəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – bir qrup şəxs halıqda qəsdən sağlamlığa ağır zərər vurma Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında aşağı həddi 6 ildən olmaqla yuxarı həddi isə 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya mə hkəməsinin hökmündən görünür ki, baxılan iş üzrə Məhkum himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, vurulmuş ziyanı ödəməsi Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə, əməlindən səmimi peşmançılıq çəkməsi isə CM-in 59.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran halların mövcudluğu müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin cəzanı ağırlaşdıran halların olmamasına və Məhkum cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmasına dair nəticələri ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Lakin, birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də Məhkum cəzasının yüngülləşdirici halları kifayət qədər araşdırmamış, nəticədə sonuncunun törətdiyi cinayətin məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsindən baş verməsi, eyni zamanda onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi kimi halları nəzərindən qaçırmış, müvafiq olaraq cəzanın həddini müəyyən edərkən təqsirkarın şəxsiyyətini səciyyələndirən, onun cəzasını yüngülləşdirən halları lazımınca dəyərləndirməmişdir. Halbuki təqsirkarın cinayətin “cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinin birbaşa təsbit etdiyi və CM-in 58.3-cü maddəsinə əsasən cəzanın təyin edilməsi zamanı mütləq şəkildə nəzərə alınmalı olan haldır. Eyni ilə məhkəmə kollegiyası hesab edir ki, təqsirkar şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması onu kriminal meyill i, əvvəllər məhkum olunmuş və yaxud cinayətə görə özünü məzəmmət etməyən şəxslərdən fərqləndirmək üçün ağlabatan əsaslar olmaqla, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbləri baxımından onun cəzasının yüngülləşdirən, eyni zamanda şəxsiyyətini səciyələndirən hal qismində nəzərə alınmasına əsas verir. Digər tərəfdən kollegiya bildirir ki, Məhkum törətmiş olduğu cinayət əməllərindən CMnin 126.2.3-cü maddəsinin xaric edilməsi, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə tövsifinə təsir etməsə də, həmin ağırlaşdırıcı əlamətin ittihamdan çıxarılması ittihamın faktiki həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur ki, bu da Məhkum münasibətdə təyin olunmuş cəzanın fərdiləşdirilməsi zamanı mütləq nəzərə alınmalı, cəzanın ölçüsündə öz əksini tapmalı h aldır. Məhkəmə kollegiyasının qənaətinə görə, belə vəziyyətdə CM-in 62-ci maddəsi tətbiq edilməklə Məhkum CM-in 126.2.1-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsi, CM-in 41.2-ci maddəsinin tələb etdiyi kimi, cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları (cinayətin nəticəsi ilə birlikdə götürülməklə) ilə uyğunsuzluq yaratmır və cəzanın da məqsədlərini təmin etməyə imkan verir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən isə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 200 4-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası Məhkum törətmiş olduğu cinayət əməllərindən CM-nin 126.2.3cü maddəsinin xaric edilməsi, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, eyni ilə zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ona vurulmuş ziyanı ödəməsi, himayəsində 02 azyaşlı uşaqlarının olması kimi halları məcmu halında götürərək - Cinayət Məcəlləsinin 62.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərə aid olan, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsas kimi qiymətləndirib, həmin maddənin Məhkum tətbiq olunmasını, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsində nəzərdə tutulmuş aşağı həddən də aşağı endirilib 04 (dörd) il 06 (altı) ay olaraq müəyyən edilməsini mümkün hesab edir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş halın, yəni məhkumun müdafiəçisinin kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsasın mövcud olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 22 iyul 2025-ci il tarixli, 1(106)-481/2025 nömrəli qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara ald ı: Müdafiəçi Şirinov Fuad Paşa oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2025-ci il tarixli, 1(106)-481/2025 nömrəli qərarı dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2025-ci il tarixli, 1(106)-481/2025 nömrəli qərarından və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 1(099)-133/2025 nömrəli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair müddəalar xaric edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə azaldılsın və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum 12 iyul 2024-cü il tarixdən 14 iyul 2024-ci il tarixədək, yəni 2 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2782/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2782/2025
13.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver