Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-336/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Məhkum və onun müdafiəçisi X3 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-367/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərarından Məhkum və xüsusi ittihamçı X1 nümayəndəsi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə “Renessans Palace” yaşayış kompleksi, 3 nömrəli bina, “E” bloku, 823 nömrəli mənzildə yaşayır.
2. X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun haqqında böhtan və təhqir dolu məlumatları internet informasiya ehtiyyatlarında qəsdən yayıb paylaşdığına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 147.1 və 148-ci madddələri ilə cinayət məsuliyyətinə cəlb olunması, həmin Məcəllənin 147.1-ci maddəsi ilə 06 ay müdətinə, 148-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhumetmə cəzasına məhkum edilməsi, Azərbayca n Respublikası CM-nin 66.2 maddəsinə müvafiq olaraq təyin edilmiş cəzaları tamamilə toplanmaqla qəti olaraq 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə hökmü çıxarılmasını xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2022-ci ilin aprel ayından oktyabr ayına qədər olan dövr ərzində müxtəlif vaxtlarda “instagram” və “whatsapp” sosial şəbəkələrində ona məxsus hesabların hekayə bölmələrində yalan olduğunu bilə-bilə X2 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayaraq böhtan atmış və internet informasiya ehtiyatında X2 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq təhqir etmişdir.
4. Gəncə Şəhər Məhkəməsinin 1(125)-168/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli, hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə 300 saat ictimai işlər cəzasına və Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə 300 saat ictimai işlər cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla üzərində qəti olaraq 450 saat ictimai işlər cəzasının saxlanılması hökm edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi3, eləcə də xüsusi ittihamçının vəkili Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 1(104)-367/2023 nömrəli, 08 avqust 2023-cü tarixli qərarı ilə xüsusi ittihamçının vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin 1(125)-168/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli hökmünün məhkum və onun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə 1000 (bir min) manat cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə 1000 (min) manat cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 1500 (min beş yüz) manat cərimə cəzasınn təyin edilməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və xüsusi ittihamçı X1 nümayəndəsi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
8. Məhkum verdiyi kassasiya şikayətində cinayətin törədilməsinə aidiyyətinin olmadığını iddia etməklə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-367/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir.
9. Xüsusi ittihamçı X1 nümayəndəsi Müdafiəçi1 verdiyi kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın yüngül olduğu iddia etməklə, sonuncuya ictimai işlər cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
10. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hök m və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddə də təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum cinayətin törədilməsinə aidiyyətinin olmadığını iddia etməklə, kassasiya xahişinı faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Xüsusi ittihamçı X1 nümayəndəsi Müdafiəçi1 Məhkum təyin edilən cəzanın yüngül olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaq ələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-367/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir o lunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsi rləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
22. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum cinayətin törədilməsinə aidiyyətinin olmamasına dair dəlillərini əsassız hesab edir.
23. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında toplanmış və tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum özünü təq sirli bilməsə də, onun Azərbaycan Respublikası CMnin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi xüsusi ittihamçının və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş sosial şəbəkə və internet informasiya ehtiyatlarından çoxsaylı çıxarışlar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddə lərinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək də lillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayətin törədilməsinə aidiyyətinin olması və cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
26. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum təqsirsizliyinin sübutu olaraq sosial şəbəkələrdə olan hesablarına kənar şəxslərin müdaxilə etdiyi barədə dəlili irəli sürmüş və dəlilini dəstəkləmək məqsədi ilə bu halı guya təsdiqləyən, sosial şəbəkənin texniki xidməti tərəfindən göndərildiyi iddia edilən faksla göndərilmiş elektron məktubun surətini təqdim etmişdir. Lakin, həmin sübut nəzərdən keçirildikdə, təqdim edilmiş faksın Bakı Teleqrafından, elektron məktubun isə mailto:muradabbasovturana@gmail.comElektron ünvan elektron ünvanından göndərildiyi müəyyən edil ir (cild 2 səh. 27).
27. Məhkəmə kollegiyası həmçinin xüsusi ittihamçı X1 nümayəndəsi Müdafiəçi1 məhkuma təyin edilən cəzanın yüngül olduğu barədə dəlillərini də əsassız hesab edir.
28. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
29. Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi həmçinin ondan ibarətdir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədini daşıyır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarı).
30. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
31. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
32. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza so sial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
34. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
35. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə ba ğlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
36. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq məhkuma təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növünü, yəni cərimə cəzası seçməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam ri ayət etmişlər.
37. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
38. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM- nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
39. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-367/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və xüsusi ittihamçı X1 nümayəndəsi Müdafiəçi1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-36 7/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.