Məhkəmə qərarları › İş №2(001)-1107/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1107/2022

29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1107/2022 29.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi, Vəkil iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs3, Maraqlı şəxs1 və Bakı şəhəri 26 saylı Notariat Ofisi cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”-nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1908-ci il doğumlu Şaban Cavad oğlundan miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsi (indiki Rəsulzadə qəsəbəsi), Dəmiryol (indiki A.Hüseynov) küçəsində yerləşən 22 nömrəli evin həyat yoldaşı 1913-cü il təvəllüdlü Nübar Kərim qızı tərəfindən qəbul edilməsi, Ərizəçi 1913-cü il təvəllüdlü Nübar Kərim qızının qardaşı nəvəsi olması faktının müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsi (indiki Rəsulzadə qəsəbəsi), Dəmiryol (indiki A.Hüseynov) küçəsində yerləşən 22 nömrəli evinin, miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, 1908-ci il doğumlu Şaban Cavad oğlu ilə 1913-cü il təvəllüdlü Nübar Kərim qızı 05.12.1928-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikah dövründə Bakı şəhəri Binəqədi rayonu, Kirov qəsəbəsi (indiki Rəsulzadə qəsəbəsi). Dəmiryol küçəsi (indiki A.Hüseynov), ev 22 şəxsi mülkiyyət hüququ üzrə Şaban Cavad oğlunun adına əldə olunmuşdur. Şaban Cavad oğlu 18.12.1968-ci ildə dünyasını dəyişmişdir. 31 may 1974-cü ildə onun(ərizəçinin) anası, yəni X3 Kərim qızının qəyyumu təyin olunur. 12 iyun 1974-cü ildə Nübar Kərim qızı dünyasını dəyişir. Şaban Cavad oğlu ilə Nübar Kərim qızının birgə nikahlarından övladları olmamışdır. Nübar Kərim qızının ölümündən sonra sözügedən evdə anası yaşamış, o və bacısı Maraqlı şəxs3 həmin evdə dünyaya gəlib orada böyümüşlər. Hazırda da o, həmin evdə yaşayır. X5 15.03.2021-ci il tarixində vəfat etmişdir. Yaşadığı mənzili vərəsəlik qaydasında öz adına sənədləşdirmək üçün notariat ofisinə müraciət etdikdə cavab olaraq bildirdilər ki, hazırda ev Şaban Cavad oğlunun adında qaldığından və bununla bağlı həmin mirasın faktiki qabul edilməsinə dair məsələ məhkəmənin səlahiyyətinə aid olduğundan müvafiq məhkəməyə müraciat edilməsi tövsiyyə olunur. Bu səbəbdən də, 26 saylı notariat ofisində vərəsəlik işi açılsa da, mövcud məsələ həll olunmadan qalmışdır. Odur ki, hazırda vərəsəliklə bağlı hüquqlarının həyata keçirilməsi və həmin hüquqların məhkəmə tərəfindən təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Şaban Cavad oğlu 18.12.1968-ci ildə dünyasını dəyişmişdir və ondan qalan miras əmlak Bakı şəhəri Binəqədi rayonu. Kirov qosabasi (indiki Rəsulzadə qəsəbasi). Damiryol (indiki A.Hüseynov) küçəsi, ev 22 həyat yoldaşı Nübar Kərim qızı tərəfindən qəbul edilmişdir. Anası(ərizəçinin) X11 isə Nübar Kərim qızının doğma qardaşı qızıdır. X34 doğma bacı-qardaşdırlar. Səbgül isə onun babasıdır. Nəticə etibarı ilə o, Ərizəçi Nübar Kərim qızının qardaşı nəvəsidir. X16 miras qalmış Bakı şəhəri Binəqədi rayonu, Kirov qəsəbəsi (indiki Rəsulzadə qəsəbəsi), Dəmiryol (indiki A.Hüseynov) küçəsi, ev 22 onun qardaşı qızı X11 tərəfindən faktiki olaraq qabul edilmişdir. Bu qohumluq faktının müəyyən olunması üçün Milli Arxiv İdarəsinə və Maraqlı şəxs1nə müvafiq sorğu göndərilməsini xahiş edir. Tərəfindən də sorğular göndərilmişdir. Qeyd edir ki, Nübar Kərim qızının ölümündən sonra. 1974-cü ildən anası, o və bacısı ondan miras qalmış evdə yaşamışlar və hazırda da orada yaşayır və orada qeydiyyatdadır. Bu mənada da anasından miras qalmış əmlakı onun vərəsəsi kimi idarə edərək və orada yaşayaraq faktiki olaraq özü qəbul etmişdir. Ondan başqa başqa digər vərəsə bacısı(ərizəçinin) Maraqlı şəxs3 ailə həyatı quraraq daimi olaraq başqa evə gəlin köçmüş, öz payından xeyrinə imtina edir və mənzilin onun adına keçirilməsinə heç bir etirazı yoxdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

5. Maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 və Maraqlı şəxs3 məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında gəlməmişlər və nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər.

6. Maraqlı şəxs Bakı şəhəri 26 saylı notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin 23.02.2022-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, işlərin çoxluğu ilə əlaqədar olaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, ərizəçi anar xalası oğludur. Anarın anası doğma xalasıdır. Nübar Kərim qızı babasının bacısıdır. Onun anası Məmmədova Tutu (qızlıq soy adı Kərimova) Səbgül qızıdır. 1928-ci ildə doğulmuş və 2001-ci il tarixində vəfat etmişdir. X23 İmamverdi oğlu 1920-ci ildə Bakıda anadan olmuş və 1991-ci il tarixində vəfat etmişdir. Nübar babasının bacısı, Şaban onun yoldaşı olub. Nübar və Şabanın övladı olmayıb. Mehriyyə Nübarın qardaşı Səbgülün qızı olub. X24 övladlığa götürüb. O, həm Nübarı, həm də Səbgülü uşaqlıqda görmüşdür. Nübardan sonra evdə Mehriyyə yaşayıb. Evdə Nübarın başqa qohumu olmayıb. Yalnız Mehriyyə həmin evdə yaşayıb. Mehriyyə öldükdən sonra, həmin evdə Anar yaşayır. Nübar və Şabanın hər ikisinin qəbri Kürdəxanıda, Aşağı qəbirstanlıqdadır. Bayramlarda özü həmin qəbirlər üstündə yasin oxutdurur. Anası Tutu, dayısı Kərimbala, xalası Pərvaz, xalası Mehriyyə, dayısı Qurbanbala, xalası Eşqinaz bacı qardaş olmuşlar. Hamısı artıq ölmüşdür. Axırıncı dəfə Mehriyə xalası vəfat etmişdir. Qohum-əqrabalardan heç kimin həmin evə qarşı tələbləri yoxdur. Özünün isə bir bacısı və bir qardaşı var ki, sağdılar və Kürdəxanıda yaşayırlar. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 29 mart 2021-ci il tarixli, AZ-İİ seriyalı, 177687 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 15 mart 2021-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 mart 2021-ci il tarixində 298 № ilə qeyd edilmişdir.

9. Kirov rayon qeydiyyat idarəsi tərəfindən verilən 30 dekabr 1974-cü il tarixli, İ- ЖГ seriyalı, 296587 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Nubar Kərim qızı 12 iyun 1974-cü il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 dekabr 1974-cü il tarixində 389 № ilə qeyd edilmişdir.

10. Kirov rayon qeydiyyat idarəsi tərəfindən verilən 18 fevral 1969-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Şaban Cavad oğlu 18 dekabr 1968-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 yanvar 1969-cu il tarixində 13 № ilə qeyd edilmişdir.

11. Kirov rayon qeydiyyat şöbəsi tərəfindən verilən 18 fevral 1969-cu il tarixli, AЗ seriyalı, 118364 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Şaban Cavad oğlu ilə Nuxbar Kərim qızı arasında 5 dekabr 1928-ci il tarixində nikah bağlanmış, bu barədə 18 fevral 1969-cu il tarixində 26-B № ilə qeyd edilmişdir.

12. Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən vəkil X17 ünvanlanan məktubdan görünür ki, Milli Arxiv Fondu haqında azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən 75 il saxlama müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 tərəfindən 1946-cı ilədək Vətəndaşlıq Vəziyyəti aktlarının qeydiyyat kitabları saxlamaq üçün təhvil verilmişdir. Bu səbəbdən 1913-cü il təvəllüdlü Nübar Kərim qızı ilə Səbgül Kərim oğlunun adına tərtib edilmiş doğum haqqında akt qeydləri barədə arayışların təqdim edilməsi mümkün olmamışdır.

13. Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən verilən 062 №-li arayışdan görünür ki, 15 mart 2021-ci il tarixində vəfat etmiş 05.12.1941-ci il təvəllüdlü X8 ölümü ilə əlaqədar qızı Maraqlı şəxs3 və oğlu Ərizəçi vərəsəlik işinin açılması ilə bağlı müraciət etmişdir. X2 ölümü ilə əlaqədar vərəsəlik işi açılmışdır

14. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 2a yerləşən mənzil şəxsi mülkiyyət hüququ üzrə Şaban Cavad oğluna məxsusdur.

15. Kirov rayon X10 15 №-li 31 may 1974-cü il tarixli qərarından görünür ki, vətəndaş X4 Kərim qızının ömürlük qəyyumu təyin edilməsi qərara alınmışdır.

16. Bakı şəhəri Kirov qəsəbəsi, X10 İcraiyyə Komitəsinin İctimai Təminat Şöbəsi tərəfindən verilən 26 iyun 1974-cü il tarixli 35 saylı qəyyumluğa dair vəsiqədən görünür ki, ünvan 2a yaşayan Məmmədova Mehriyyə, ünvan 2a yaşayan Nubar Kərim qızının ömürlük qəyyumu təyin olunmuşdur.

17. Maraqlı şəxs3 26 saylı notariat Kontorunda yazdığı ərizəsində göstərir ki, Nübar Kərim qızı 12 iyun 1974-cü il tarixində vəfat etmişdir. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. Onun ölümündən sonra mirası, nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmişdir və etmir. Öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miraz əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Mirasa dair iddiası, əmlak tələbi olmayacaqdır. AR, MM-nin 1268-ci maddəsinin məzmununu imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilməsinin mümkünsüzlüyü notarius tərəfindən ona izah edilmişdir.

18. Azərbaycan Respulikası Dövlət Tarix arxivindən məhkəməyə ünvanlanan məlumatdan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Kürdəxanı kəndi üzrə 1905-1919-cu ilə dair doğum aktlarının qeydiyyat kitabında Nübar Kərim qızı və Səbgül Kərim oğlunun doğum tarixlərinə dair heç bir məlumat aşkar olunmamışdır.

19. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyindən verilən 09.02.2022-ci il tarixli, 362 saylı çıxarışdan görünür ki, Ərizəçi ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsi, 22 saylı evdə daimi pasport qeydiyyatındadır.

20. Bakı şəhəri Səadət sarayi tərəfindən verilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X30(Şəbgül) qızı 21.06.1973-cü ildə nikaha daxil olmuşlar və arvada “Məmmədova” soyadı verilmişdir, bu barədə akt qeydləri kitabında 1463 nömrə ilə qeydiyyat aparılmışdır.

21. Binəqədi rayonu “Leyla” nikah evi tərəfindən verilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 02.02.1995-ci ildə vəfat etmişdir.

22. 04 fevral 2022-ci ildə aparılmış yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 1 mərtəbəlidir, 3 otaqdan ibarətdir. Evdə Ərizəçi, onun arvadı 30.01.1987-ci il təvəllüdlü X18 və onların uşaqları Əlibala və Zəhra yaşayırlar. Evin içində əşyalar vardır və yaşayış üçün əlverişlidir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

23. 1908-ci il doğumlu Şaban Cavad oğlu ilə 1913-cü il təvəllüdlü Nübar Kərim qızı arasında 05.12.1928-ci ildə nikah bağlanmışdır. Tərəflərin birgə nikahlarından uşaqları olmamışdır. X27 qardaşının qızı olduğu bildirilən X9 faktiki olaraq övladlığa götürmüşlər. Kirov rayon X10 15 №-li 31 may 1974-cü il tarixli qərarı ilə vətəndaş X3 Kərim qızının ömürlük qəyyumu təyin edilmişdir. Şaban Cavad oğlu vəfat edəndən sonra həmin evdə X21 Mehriyyə ilə birlikdə yaşamışdır. Nübar Kərim qızı vəfat edəndən sonra isə ünvan 4 ünvanında yerləşən evdə X11 yaşamışdır. X11 isə 15.03.2021-ci il tarixində vəfat etmişdir. Onun əri X15 isə 1995-ci ildə vəfat etmişdir. X8 atası Səbgül Kərim oğludur. X8 oğlu hazırki Ərizəçi yaşadığı mənzili öz adına vərəsəlik qaydasında rəsmiləşdirmək üçün notariusa müraciət etdikdə, qeyd edilən mənzilin, yəni Bakı şəhəri Binəqədi rayonu, Kirov qəsəbəsi (indiki Rəsulzadə qəsəbəsi), Dəmiryol küçəsi (indiki A.Hüseynov), ev 22 ünvanında yerləşən mənzilin mülkiyyət hüququ ilə Şaban Cavad oğlunun mülkiyyətində qaldığını öyrənmişdir. Hazırda ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsi (indiki Rəsulzadə qəsəbəsi), Dəmiryol (indiki A.Hüseynov) küçəsində yerləşən 22 nömrəli evin həyat yoldaşı 1913-cü il təvəllüdlü Nübar Kərim qızı tərəfindən qəbul edilməsi, özünün 1913-cü il təvəllüdlü Nübar Kərim qızının qardaşı nəvəsi olması faktının müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsi (indiki Rəsulzadə qəsəbəsi), Dəmiryol (indiki A.Hüseynov) küçəsində yerləşən 22 nömrəli evinin, miras əmlakın özü tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

24. Məhkəmə əvvəla qeyd edir ki, ərizəçinin tələbinin prosessual əsasını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1 və 307.2.9-cu maddəsi təşkil edir.

25. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

26. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər

27. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

28. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:

29. 307.2.1. şəxslərin qohumluq münasibətlərinin

30. 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin

31. Ərizənin mahiyyətindən göründüyü kimi, ərizəçi bir-biri ilə bağlı olan 3 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini məhkəmədən xahiş edir. Bu faktların bir-biri ilə bağlılığı onda özünü biruzə verir ki, ərizəçi nəticə etibarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsi (indiki Rəsulzadə qəsəbəsi), Dəmiryol (indiki A.Hüseynov) küçəsində yerləşən 22 nömrəli evin, yəni miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsini xahiş edir və mirasın açıldığı vaxtdan ardıcıl olaraq faktiki olaraq aparılmış, lakin rəsmiləşdirilməmiş hərəkətlərin məhkəmə qətnaməsi ilə təsdiqlənməsinə nail olmağa çalışır.

32. İş materiallarında olan sənədlərdən işin mübahisə doğurmayan halı miras əmlakın Şaban Cavad oğluna məxsus olmuş olması, Şaban cavad oğlu ilə Nübar Kərim qızının ər-arvad olması, onların nikahlarından uşaqlarının olmaması, Nübar Kərim qızının ərindən sonra vəfat etməsi, X8 Nübar Kərim qızının himayəçisi(qəyyumu) olması, Ərizəçi ilə, Maraqlı şəxs3 X8 övladları olmaları, X8 vəfat etmiş olması, miras əmlakda faktiki olaraq Ərizəçi ailəsi ilə birlikdə yaşamalarıdır.

33. Bundan başqa sözügedən əmlakla bağlı ilk dəfə miras 1968-ci ildə açılmışdır.

34. Sorğularla 18.12.1968-ci ildə vəfat etmiş Şaban Cavad oğlunun və 12.06.1974-cü ildə vəfat etmiş Nübar Kərim qızının doğum şəhadətnamələrini əldə etmək mümkün olmamışdır. Məhkəmə müvafiq sənədlərin əldə edilməsinin qeyri-mümkünlüyünü qəbul edərək mübahisələndirilən məsələlərə işin müəyyən edilmiş halları konteksindən yanaşmışdır.

35. Çünki 1908 və 1913-cü illərə dair müvafiq sənədlərin əldə edilməsinin qeyrimümkünlüyü sənədlərin yaranmasının üzərindən 100 ildən çox vaxt keçməsi və illərin aşımına məruz qalması, arxivlərin dəyişməsi, köçürülməsi və.s nəzərə alındıqda anlaşılandır.

36. Odur ki, Şaban Cavad oğluna məxsus olmuş sözügedən miras əmlakın əvvəlcə onun arvadı Nübar Kərim qızı tərəfindən qəbul edilməsi sübut əhəmiyyəti baxımından şübhə doğurmur. Belə ki, miras qoyanın ölümündən sonra Nübar Kərim qızının orda yaşamaqla mirası faktiki olaraq qəbul etməsi onun üzərində X22(Şəbgül) qızının himayəçisi(qəyyum) təyin edilməsi müddətinin uzadılması ilə bağlı 31 may 1974-cü il tarixli Kirov Rayon Deputatlar Sovetinin qərarı ilə sübut olunur. Çünki həmin qərarda yaşlılığı ilə bağlı üzərində himayəçi(qəyyum) təyin edilən şəxsin ünvanı kimi Kirov qəsəbəsi, Dəmiryolu küçəsi, ev 22 qeyd edilmişdir və himayəçilik ömürlük verilmişdir. Bu həmçinin onu da təsdiq edir ki, Nübar Kərim qızının uşaqları olmamış və valideynləri həyatda olmamışdır. Çünki əks təqdirdə yaxın qohumu olmayan X22(Şəbgül) qızının himayəçi(qəyyum) təyin edilməsində yaxın qohumlarının razılığı olmalı idi. Halbuki həmin qərarda belə razılığın alınması müəyyən edilmir. Eyni zamanda X22(Şəbgül) qızına himayəçiliklə(qəyyumluqla) bağlı 26.06.1974-cü il tarixdə verilmiş vəsiqədə qəyyumun üzərinə qəyyumluqda olan şəxsin şəxsi və əmlak hüquqlarının müdafiəsi vəzifəsi qoyulmuşdur. Həmin vəsiqədə himayəçinin(qəyyumun) də yaşadığı ünvan Kirov qəsəbəsi, Dəmiryolu küçəsi, ev 22 qeyd edilmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilən şəxs də sözügedən mənzildə bütün vaxtlarda ana babasının bacısı Nübar Kərim qızının və ondan sonra xalası Məmmədova Mehriyyənin yaşadığını təsdiq etmişdir.

37. Bununla bağlı Azərbaycan SSR-in 1969-cu il 26 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 140-cı maddəsinə əsasən Himayəçilik on beş yaşından on səkkiz yaşınadək olan həddi-büluğa çatmamışlar üzərində müəyyən edilir. Himayəçilik həmçinin səhhətinə görə müstəqil olaraq öz hüquqlarını həyata keçirə bilməyən və vəzifələrini yerinə yetirə bilməyən fəaliyyət qabiliyyətli həddi-büluğa çatmış şəxslər üzərində, habelə spirtli içkilərdən və ya narkotik maddələrdən sui-istifadə etmək nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış (Azərbaycan SSR Mülki Məcəlləsinin 16-cı maddəsi) şəxslər üzərində müəyyən edilir (3, 9).

38. Həmin Məcəllənin 149-cu maddəsinə əsasən Qəyyum və ya himayəçi yalnız onun razılığı ilə təyin edilə bilər.

39. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasporta əsasən Şaban Cavad oğluna məxsus olan Kirov rayonu, Kirov qəsəbəsi, Dəmiryolu küçəsində yerləşən 22 nömrəli ev onun ölümündən sonra arvadı Nübar Kərim qızı tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir.

40. Belə ki, Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanununa görə qüvvədən düşmüş Mülki Məcəllənin 532-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

41. Həmin Məcəllənin 533-cü maddəsinə əsasən Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir.

42. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

43. Odur ki, miras əmlakın miras qoyanın arvadı, yəni 1913-cü il təvəllüdlü Nübar Kərim qızı tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi işin halları ilə öz təsdiqini tapır.

44. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur.

45. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.

46. Məhkəmə ərizəçinin anası X22(Şəbgül) qızının Nübar Kərim qızının qardaşı qızı olması, yəni onun 1913-cü il təvəllüdlü Nübar Kərim qızının qardaşı nəvəsi olması faktının müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan 12 aprel 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır.

48. İşin müəyyən edilən hallarından görünür ki, X8 atası Səbgül Kərim oğludur, Nübar Səbgülün bacı-qardaş olması Nübarın doğum haqqında şəhadətnaməsi tapılmasa belə işin halları və şahid ifadəsi ilə öz təsdiqini tapır. Belə ki, şahid qismində dindirilən şəxs ərizəçinin onun xalası oğlu olmasını, Nübar Kərim qızının onun babası Səbgülün bacısı olmasını təsdiq etmişdir. Eyni zamanda şahid Nübar Kərim qızının övladının olmamasını anasının və o cümlədən ana tərəfindən qohumlarının hamısının vəfat etdiyini, sonuncu olaraq xalası Mehriyyənin vəfat etdiyini bildirmişdir.

49. Odur ki, ərizəçinin anası X22(Şəbgül) qızının 1913-cü ildə doğulmuş və 12.06.1974-cü ildə vəfat etmiş Nübar Kərim qızının qardaşının, yəni Səbgül Kərim oğlunun qızı olması sübut olunduğundan, Ərizəçi 1913-cü ildə doğulmuş və 12.06.1974-cü ildə vəfat etmiş Nübar Kərim qızının qardaşı nəvəsi olması faktı müəyyən edilməlidir. Bundan başqa işin halları ilə ərizəçinin anasından başqa Nübar Kərim qızının 1-ci növbədən sağ olan vərəsəsinin olması, həmçinin ikinci növbə vərəsələrdən Nübar Kərim qızının sağ olan bacı qardaşının olması və ya onların uşaqlarının da mirası qəbul etməsi halı da müəyyən edilmir.

50. Yuxarıda qeyd olunan faktlar həmçinin onu da təsdiq edir ki, 12.06.1974-cü ildə vəfat etmiş Nübar Kərim qızının qəbul etdiyi ərindən qalan mirası da qardaşı qızı X11 orada daimi olaraq yaşamaqla, bibisinə himayəçilik etməklə, miras əmlakı faktiki idarə etməklə qəbul etmişdir.

51. Bu baxımdan məhkəmə hesab edir ki, 1913-cü il təvəllüdlü Nübar Kərim qızı tərəfindən faktiki idarə edilməklə qəbul edilən miras əmlak vərəsəlik açıldığı vaxtdan ona məxsus hesab olunduğundan, onun ölümü ilə faktiki olaraq yenidən vərəsəlik açılmış və həmin miras əmlak miras qoyanın qardaşı qızı X22(Şəbgül) qızı tərəfindən faktiki olaraq qəbul edilmişdir. Eyni zamanda miras qoyanın 1974-cü ildə ölümündən etibarən miras əmlaka dair digər vərəsələr tərəfindən mübahisə edilməmiş və Kirov rayonu, Kirov qəsəbəsi, Dəmiryolu küçəsində yerləşən 22 nömrəli evdə X22(Şəbgül) qızı və onun ailə üzvləri yaşamışdır.

52. Bu baxımdan Kirov rayonu, Kirov qəsəbəsi, Dəmiryolu küçəsində yerləşən 22 nömrəli evin miras əmlak kimi X22(Şəbgül) qızı tərəfindən faktiki olaraq qəbul edilməsi işin müəyyən edilmiş halları ilə sübut olunur.

53. Bundan sonra, yəni miras əmlak faktiki olaraq X22(Şəbgül) qızı tərəfindən qəbul edildikdən sonra, o ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam etmiş və ölümünə qədər(15.03.2021-ci il tarixədək) həmin evdə yaşamışdır.

54. Onun ölümündən sonra mirasın qəbul edilməsi müddəti ərzində(12.04.2021ci il tarixli arayışa əsasən) Maraqlı şəxs3 və Ərizəçi vərəsəlik işinin açılması ilə bağlı Notariusa müraciət etmişlər. Eyni zamanda nəzərə alınmalıdır ki, X22(Şəbgül) qızının əri X15 miras açılanadək artıq(1995-ci ildə) vəfat etmişdir.

55. Bu fakt həmçinin onu təsdiq edir ki, Ərizəçi miras əmlakı həm notariusa müraciət etməklə, həm də faktiki idarə etməklə qəbul etmişdir.

56. Belə ki, yerində müayinənin nəticəsindən də bəlli olmuşdur ki, həmin evdə hazırda Ərizəçi arvadı və iki uşağı ilə birlikdə yaşayırlar.

57. Digər vərəsə olan Maraqlı şəxs3 isə 25.01.2022-ci il tarixdə notariusa miras əmlakdan imtina etməsi barədə müraciət etmiş və ona mirasdan imtinanın nəticələri izah edilmişdir.

58. Hər bir halda həmin hal notariusun səlahiyyətlərinə aid olmaqla, vərəsəlik işinin yekununda notarius tərəfindən nəzərə alınmalı olan məsələdir və hüquq haqqında mübahisənin olmamasını təsdiq edir.

59. Odur ki, Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsi (indiki Rəsulzadə qəsəbəsi), Dəmiryol (indiki A.Hüseynov) küçəsində yerləşən 22 nömrəli evin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmışdır.

60. Belə ki, qüvvədə olan Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

61. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr hesab olunurlar.

62. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

63. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

64. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

65. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Tətbiq olunan prosessual normalar və qaydalar:

66. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

67. Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdir. Nəticə:

68. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 1908-ci il təvəllüdlü(1968-ci ildə vəfat edən) Şaban Cavad oğlundan miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsi (indiki Rəsulzadə qəsəbəsi), Dəmiryol (indiki A.Hüseynov) küçəsində yerləşən 22 nömrəli evin onun həyat yoldaşı 1913-cü il təvəllüdlü(1974-cü ildə vəfat edən) Nübar Kərim qızı tərəfindən qəbul edilmiş hesab edilməsi faktı, Ərizəçi 1913-cü il təvəllüdlü(1974-cü ildə vəfat edən) Nübar Kərim qızının qardaşı nəvəsi olması faktı, Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsi (indiki Rəsulzadə qəsəbəsi), Dəmiryol (indiki A.Hüseynov) küçəsi, ev 22 ünvanında yerləşən və sonradan 05.12.1941-ci il təvəllüdlü X22(Şəbgül) qızı tərəfindən qəbul edilən miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

69. Eyni zamanda qeyd edilməlidir ki, hazırki qətnamə Ərizəçi vərəsəlik şəhadətnaməsi verilməsi üçün əsasdır.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. 1908-ci il təvəllüdlü(1968-ci ildə vəfat edən) Şaban Cavad oğlundan miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsi (indiki Rəsulzadə qəsəbəsi), Dəmiryol (indiki A.Hüseynov) küçəsində yerləşən 22 nömrəli evin onun həyat yoldaşı 1913-cü il təvəllüdlü(1974-cü ildə vəfat edən) Nübar Kərim qızı tərəfindən qəbul edilmiş hesab edilməsi faktı, Ərizəçi 1913-cü il təvəllüdlü(1974-cü ildə vəfat edən) Nübar Kərim qızının qardaşı nəvəsi olması faktı, Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsi (indiki Rəsulzadə qəsəbəsi), Dəmiryol (indiki A.Hüseynov) küçəsi, ev 22 ünvanında yerləşən və sonradan 05.12.1941-ci il təvəllüdlü X22(Şəbgül) qızı tərəfindən qəbul edilən miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Hazırki qətnamə Ərizəçi vərəsəlik şəhadətnaməsi verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar