Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1127/2022 03.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri 09 mart 1954-cü il təvəllüdlü X2 12 oktyabr 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri 09 mart 1954-cü il təvəllüdlü X3 12 oktyabr 2021-ci il tarixdə evdə vəfat etmişdir və həmin vaxt tərəfindən təcili tibbi yardım çağırılmışdır. Təcili yə X4 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir və xəbərdarlıq vərəqəsində həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilməsi göstərilmişdir. Mərhum 2 saylı Biləcəri qəbrstanlığında dəfn edilmişdir. Mərhumun 2 saylı Biləcəri qəbristanlığında 12 oktyabr 2021-ci il tarixdə dəfn edilməsi barədə Biləcəri Bələdiyyəsi tərəfindən 02 noyabr 2021-ci il tarixdə arayış verilmişdir. Tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət edilmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. O, hüquqlarını bilmədiyindən əri vəfat edərkən vaxtında poliklinikaya müraciət etməmişdir və bu səbəbdən də həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. Həmçinin, o, Bakı şəhər Baş Səhiyyə Mərkəzi 15 nömrəli Şəhər Poliklinikasına həkimin ölüm haqqında tibbi şəhadətmnaməsinin verilməsi ilə bağlı müraciət etmişdir. 09 mart 1954-cü il təvəllüdlü X3 poliklinikaya müraciət etmədiyi və adına ambulator karta açılmadığından ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin imkan xaricində olması barədə 29 oktyabr 2021-ci il tarixdə cavab verilmişdir. Mərhumun həqiqətən 12 oktyabr 2021-ci il tarixdə vəfat etməsini və dəfn edilməsini məhkəmədə şahidlər təsdiq edə bilər. Mərhum ərinin ölüm faktını təsdiq edəcək sənədi başqa qaydada almaq imkanı yoxdur və ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Ölüm faktının təsdiq edilməsi onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktublarında iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin və mərhumun oğludur. X1 12 oktyabr 2021-ci il tarixdə evdə vəfat etmişdir. Təcili tibbi yardım çağırsalar da, köməyi olmamışdır. Atası həmin tarixdə 2 saylı Biləcəri qəbrstanlığında dəfn edilmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ona 12 oktyabr 2021-ci il tarixdə onun dostu - ərizəçinin oğlu Xalidin bibisi oğlu zəng vuraraq məlumat vermişdir ki, X3 vəfat etmişdir. O, xəbəri alan kimi dərhal ərizəçinin evinə getmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi onun xalasıdır. Ərizəçi ona 12 oktyabr 2021-ci il tarixdə zəng vuraraq bildirmişdir ki, əri rəhmətə gedib. Ərizəçi evdə tək qalmasın deyə onun yanına gəlməyini xahiş etmişdir. O, dərhal ərizəçinin evinə getmişdir. O, yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 09 mart 1954-cü il tarixdə anadan olmuşdur. İİ-ЖГ seriyalı 357030 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və X7 23 yanvar 1981-ci il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Zamanova soyadı verilmişdir. Təcili və X4 Stansiyasının 2 saylı Bölməsi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, 12 oktyabr 2021-ci il tarixdə, saat 15:05-də X2 meyidi, həkimə qədər ölüm aşkar edilmişdir. 15 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, 12 oktyabr 2021-ci il tarixdə vəfat etmiş 09 mart 1954-cü il təvəllüdlü X3 15 saylı Şəhər poliklinikasına müraciət etməmiş və adına ambulator karta açılmamışdır. Bu səbəbdən X2 adına ölüm haqqında tibbi şəhadətnamə (forma - 106 ) vermək imkanı xaricindədir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 02 noyabr 2021-ci il tarixli arayışından görünür ki, X3 12 oktyabr 2021-ci il tarixdə 2 saylı Biləcəri qəbrstanlığında dəfn edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 24 noyabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, onun vəfat edən əri X3 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin əri X3 12 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində ölmüş, lakin ərizəçinin ərinin ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 09 mart 1954-cü il təvəllüdlü X2 12 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09 mart 1954-cü il təvəllüdlü X2 12 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1127/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1127/2022
03.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver