Məhkəmə qərarları › İş №2(3-6)-2167/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2167/2026

08.06.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2167/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di: Ərizəçi Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası - ##.##.1955-ci il təvəllüdlü X1 ## ##### 2026cı il tarixdə Rusiya Federasiyasının Zaparojya vilayəti, Melitopol şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakim Aynur Abdullayeva) ərizəçi Ərizəçi - mərhum atası – ##.##.1955-ci il təvəllüdlü X1 ## ##### 2026-cı il tarixdə Rusiya Federasiyası, Zaparojya vilayəti, Melitopol şəhərində ölməsi faktının müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin geri qaytarılması və ərizəçi Ərizəçi tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ##.##.2026-cı il tarixdə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunnun (qəbz nömrəsi: 1982876311) geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iş materiallarında olan Rusiya Federasiyası Zaporojya vilayəti VVAQ idarəsi Melitopol şəhəri və Melitopolski rayonu VVAQ ərazi şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, X1 ##.##.2026-cı il tarixdə Rusiya Federasiyası Zaporojya vilayəti, Melitopol şəhərində vəfat etmişdir, onun ölümü ##.##.2026-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Şəxs faktın təsdiqini o zaman tələb edə bilər ki, təsdiq olunmalı olan faktlara dair sənədləri başqa vasitələrlə əldə edə bilməsin və bu iş materialları ilə öz təsdiqini tapmış olsun. ##.##.1955-ci il təvəllüdlü X1 ölüm faktını təsdiq edən sənəd mövcud olduğundan, bu faktın təsdiq edilməsinin mümkünsüzlüyünə dəlaət edən sair hallar isə işlə müəyyən edilmədiyindən, ərizə geri qaytarılmalıdır. Beləliklə, ərizəçinin təsdiq olunmasını xahiş etdiyi hüquqi faktın digər üsullarla təsdiq edilməsinin qeyri-mümkünlüyü işlə müəyyən edilmir. Əksinə, ərizəçi buna dair Rusiya Federasiyası vətəndaşlıq vəziyyəti orqanının müvafiq sənədini əldə etmişdir. Ərizəçi Ərizəçi həmin qərardaddan verdiyi şikayətdə qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310.1-ci əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni geri qaytarmaqla gəldiyi nəticə düzgün olub. Çünki ərizənin geri qaytarılmasına səbəb lazımı sənədləri ərizəçinin ala bilməməsini təsdiq edən sübutların təqdim edilməməsi olub. Əksinə, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi X1 ##.##.2026-cı il tarixdə öldüyünə və ölümün ##.##.2026-cı il tarixdə Rusiya Federasiyasının səlahiyyətli orqanları tərəfindən dövlət qeydiyyatına alınmasına dair sübut təqdim edib. Bu cür vəziyyətdə ərizəçi atasının ölümünün Azərbaycan Respublikasında qeydə alınması yaxud tanınması üçün düzgün hüquqi vasitə seçməyib, yəni yenidən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməkdə haqlı olmayıb, çünki bu fakt artıq müəyyən edilib. Əlbətdə ki, ərizəçi nail olmaq istədiyi məqsədə çatmaq üçün qanunauyğun müraciətinin təmin olunmasından əsassız imtina edildiyi halda Qeydiyyat orqanının qərarından, hərəkət və hərəkətsizliyindən aidiyyəti üzrə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Demək ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarının 1.6-cı bəndinin tələblərinə əsasən də, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması səhv olmayıb. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar