Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-166/2026 14.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya Ərizəçi ölüm faktını tanıması tələbi (Açar sözlər: xüsusi icraat, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, ölüm faktının tanınması, ərizənin baxılmamış saxlanılması, prosessual hüquq normalarının pozulması, qərardadın ləğvi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və X4 ibarət tərkibdə, İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. Ərizəçi Ərizəçi "15" aprel 2026-cı ildə ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, ## ######## 1973-cü il təvəllüdlü qardaşı X2 ## #### 1995-ci ildə Şərur rayonu, Ələkli kəndində ölməsi faktının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (iş vərəqə 01-02).
b) Tələb üzrə qəbul edilmiş məhkəmə aktı.
2. Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə ərizənin baxılmamış saxlanılması qərara alınmışdır (iş vərəqə 55-58).
c) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.
3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə zəruri sübutlar lazımi qaydada toplanmamış və ərizə formal xarakterli tərtib edilmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda iş materiallarına digər zəruri sübutlar və hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Eyni zamanda, məhkəmə iclasında dindirilən şahidlər yalnız ərizəçinin qardaşının öldüyünü eşitdiklərini, lakin hadisənin digər detalları və ya ayı barədə məlumatlı olmadıqlarını bildirmişdirlər. Məhz sübutların yetərincə toplanılmamasını əsas gətirən məhkəmə, Mülki-Prosessual Məcəllənin müvafiq maddələrinə istinad edərək ərizənin baxılmamış saxlanılması qənaətinə gəlmişdir.
II. Məhkəmə aktından verilmiş şikayət. a) Şikayətin predmeti.
4. Ərizəçi Ərizəçi ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini, ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi (iş vərəqə 63-67).
b) Şikayətin əsaslandırılması.
5. Ərizəçi şikayətini onunla əsaslandırmışdı ki, məhkəməyə müraciət etmək üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Şərur Rayon Qeydiyyat Şöbəsindən, X1 Mərkəzindən, Ələkli kənd bələdiyyəsindən və digər qurumlardan müvafiq sənədləri toplayıb təqdim etmişdir. Eyni zamanda, qardaşı X2 ## #### 1995-ci ildə vəfat etməsini təsdiq etmək üçün şahidlərin də məhkəmə baxışında iştirakını təmin etmişdir. Lakin birinci instansiya məhkəməsi qərardad qəbul edərkən təqdim edilmiş sübutları, ərizəçinin izahatlarını və şahid ifadələrini hərtərəfli, tam və ədalətli şəkildə araşdırmamışdır.
6. Ərizəçi şikayətində xüsusilə vurğulamışdır ki, məhkəmə sübutların yetərincə toplanmadığını və hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyini əsas gətirsə də, məhz hansı sənədlərin əskik olduğunu qərardadda qeyd etməmişdir. Bununla da, ərizəçi məhkəmənin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci (sübutların araşdırılması) və 88-ci (sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verilməsi) maddələrinin tələblərini pozduğunu bildirmiş və əsassız hesab etdiyi qərardadın ləğv edilməsini tələb etmişdir.
7. Ərizəçi birinci instansiya məhkəməsinin maddi hüquq normasını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1159.1.1, 1243.1 və 1243.2-ci maddələrinə, prosessual hüquq normasını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 305-ci (305.1.2) maddələrinə istinad etmişdir.
c) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə.
8. Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət əsaslı sayılmadığından, onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara almışdır (iş vərəqə 69-71).
III. Apellyasiya instansiyası məhkəməsində icraat. a) Şikayətin icraata qəbulu.
9. Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “27” avqust 2026-cı ildə daxil olmuş və kollegiyanın “28” avqust 2026cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi. b) Şikayətə qarşı etirazın dəlilləri.
10. Şikayətə qarşı etiraz daxil olmamışdı.
IV. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
11. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.
12. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.
13. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadını ərizəçi tərəf mübahisələndirir. Onun verdiyi şikayət sözügedən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, həmin qərardad şikayətin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.
V. Tətbiq edilən hüquqi aktlar.
a) Azərbaycan Respublikası Konstitusiyasının:
15. - 60-cı maddəsinin 1-ci bəndinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
b) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
16. - 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir;
17. - 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər;
18. - 1159.1.1 və 1159.1.3-cü maddələrinin tələbindən aydın olur ki, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsə sayılır. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
c) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
19. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;
20. - 259.0 və 259.0.12-ci maddələrində qeyd edilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır;
21. - 307.1-ci maddəsinin tələbinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir;
22. - 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
ç) “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il, * nömrəli qərarının:
23. -2-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
d) “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** nömrəli qərarının:
24. -1.6-cı bəndində məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır;
25. - 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər;
26. - 9-cu bəndinə görə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il ## ####### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir;
27. - 9.1-ci bəndində göstərilir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının ## ###### 2018-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər;
28. - 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Mülki-Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır;
29. - 9.3-cü bəndinin tələbinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir
VI. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
30. Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından ərizəçinin verdiyi şikayəti və ona baxılması ilə bağlı araşdırılmış sübutları nəzərdən keçirən kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Xüsusi icraat qaydasında baxılan bu kateqoriya işlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada tərəflər arasında hüquq haqqında mübahisə mövcud olmur, məqsəd isə şəxsin müəyyən subyektiv hüquqlarını həyata keçirməsi üçün zəruri olan faktların hüquqi cəhətdən təsdiqlənməsidir.
31. Lakin bu cür faktların, o cümlədən şəxsin müəyyən vaxtda və şəraitdə vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün qanunvericilik imperativ şərtlər müəyyən etmişdir. Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarının 1.2-ci bəndinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları yalnız o zaman müəyyən edə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğursun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin və ya itirilmiş sənədlərin bərpası qeyri-mümkün olsun. Plenum birmənalı şəkildə izah edir ki, bu şərtlər birlikdə mövcud olmalıdır və onlardan hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
32. Iş materiallarından göründüyü kimi, ərizəçinin tələbi qardaşı X2 ## #### 1995-ci il tarixdə ölməsi faktının tanınmasından ibarətdir. Birinci instansiya məhkəməsi isə iş üzrə zəruri sübutların yetərincə toplanmadığını, digər sübutların və hüquqmüəyyənedici sənədlərin iş materiallarına əlavə edilməməsini və dindirilmiş şahidlərin hadisə barədə yalnız eşitdiklərini bildirərək kifayət qədər məlumatlı olmamalarını əsas gətirərək ərizənin baxılmamış saxlanılması nəticəsinə gəlmişdir. Kollegiya isə birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşmır.
33. Belə ki, mülki prosessual qanunvericilikdə ərizənin (iddianın) baxılmamış saxlanılması əsasları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-cu maddəsində qəti və dəqiq şəkildə sadalanmışdır. Qanunverici tərəfindən müəyyən edilmiş bu siyahı genişləndirilə bilməz.
34. Xüsusi icraat qaydasında baxılan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə ərizənin baxılmamış saxlanılması xüsusiyyətləri isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilən ## ##### 2019-cu il tarixli qərarında öz əksini tapmışdır. Həmin Qərarın 1.5, 1.6 və 9.2-ci bəndlərinə əsasən, məhkəmə baxışı mərhələsində hüquq haqqında mübahisənin olduğu aşkar edildikdə, faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilmədikdə, lazımi sənədlərin alına bilməməsini və ya itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar, xüsusən də "Ölüm haqqında tibbi şəhadətnamə"nin alınması üçün müraciət edilməsi və onun hansı səbəbdən alınmamasını təsdiq edən sənədlər təqdim edilmədikdə və hakim tərəfindən verilmiş müddətdə bu nöqsanlar aradan qaldırılmadıqda ərizə Mülki-Prosessual Məcəllənin 259.0.12-ci maddəsinin tələblərinə əsasən baxılmamış saxlanıla bilər.
35. Birinci instansiya məhkəməsinin ərizəni baxılmamış saxlamaq üçün əsas gətirdiyi səbəblər, yəni "sübutların yetərincə toplanmaması" və "şahidlərin kifayət qədər məlumatlı olmaması" nə Mülki-Prosessual Məcəllənin 259-cu maddəsində göstərilən, nə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında xüsusi icraat işləri üçün nəzərdə tutulan baxılmamış saxlama əsaslarına aid deyildir. Məhkəməyə təqdim olunmuş sübutların kifayət edib-etməməsi və ya şahid ifadələrinin mötəbərliyi məsələsi iddiaya (ərizəyə) mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı (qətnamə) qəbul edilərkən məhkəmə tərəfindən qiymətləndirilməli olan hallardır. Sübutların yetərsiz olması işin baxılmamış saxlanılması üçün deyil, mahiyyəti üzrə baxılaraq tələbin rədd edilməsi üçün əsas ola bilər.
36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması qərardadın ləğv edilməsinə o halda əsas olur ki, bu, düzgün olmayan qərardadın qəbul edilməsinə səbəb olsun.
37. Birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxlamaqla prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, qanunvericilikdə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında göstərilməyən əsaslara (sübutların və şahid ifadələrinin kifayət etməməsi) istinad edilməsi işə mahiyyəti üzrə baxılmasından qanunsuz olaraq imtina edilməsi ilə nəticələnmişdir. Bu isə məhkəmə tərəfindən düzgün olmayan qərardadın qəbul edilməsinə səbəb olan birbaşa prosessual qanun pozuntusudur.
38. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə və "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarının 1.6 və 1.7-ci bəndlərinə əsasən, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə qəbul edilərkən hakim ərizəçinin belə ərizə ilə müraciət etmək (subyektiv) hüququnun olub-olmadığını mütləq yoxlamalıdır. Məhz bu subyektiv hüququn və hüquqi marağın aydınlaşdırılması üçün şəxslər arasındakı qohumluq (qardaşlıq) faktı rəsmi sənədlərlə əsaslandırılmalıdır. Bu halda qohumluğu təsdiq edən əsas sübut "ailə tərkibi haqqında arayış" deyil, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanının verdiyi rəsmi arayışdır (akt qeydindən çıxarışdır). Iş materiallarında olan qeydiyyat sənədlərinə əsasən, ərizəçi Ərizəçi ata adı "Məmməd" olduğu halda, vəfat etdiyi iddia olunan Ramiz Babayevin atasının adı sənədlərdə "Mamed" (Mamed Qasım oğlu) kimi qeyd edilmişdir. Sənədlərdəki ata adlarında olan bu fərqliliyə (Məmməd və Mamed) görə onların qardaş olmaları faktı təqdim edilmiş sənədlərlə müəyyən edilmir. Nəticə etibarilə, hüquqi marağı və qohumluq əlaqəsini birmənalı təsdiq edən sübutlar olmadan, ərizəçinin həmin şəxsin ölüm faktının tanınmasını tələb etmək üçün birbaşa subyektiv hüququnun yaranıb-yaranmadığı qeyri-müəyyən qalır.
40. Plenum Qərarında birmənalı olaraq izah edilir ki, belə məlumatlar və ya sübutlar olmadıqda, məhkəmə ərizəni icraata qəbul etmə mərhələsində Mülki-Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarmalıdır. Əgər məhkəmə ərizəni artıq icraata qəbul etmişsə və iş məhkəmə baxışı mərhələsindədirsə, bu zaman hakim həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələblərinə riayət etməyə borcludur. Mülki-Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, işin mahiyyəti üzrə baxılmasına maneçilik törədən sənəd çatışmazlığı və ya digər nöqsanlar aşkar edildikdə, məhkəmə iddiaçıya həmin nöqsanları aradan qaldırmaq üçün rəsmi qaydada müddət (vaxt) təyin etməlidir. Yalnız məhkəmə tərəfindən müəyyən edilmiş bu müddət ərzində iddiaçı (ərizəçi) nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanıla bilər.
41. Eyni zamanda, məhkəmə ərizəçinin müraciət etmək hüququnu və qanuni marağını aydınlaşdırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarını nəzərə almalı idi. Işin materiallarından göründüyü kimi, ərizəçinin ölüm faktının tanınması tələbi ##.##.2002-ci il tarixdə vəfat etmiş anası X3 qalmış mirasın rəsmiləşdirilməsi məqsədi daşıyır. Mülki Məcəllənin 1133.1-ci və 1134.1-ci maddələrinə görə ölmüş şəxsin əmlakı qanun üzrə və ya vəsiyyət üzrə miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslərə keçir. Həmin Məcəllənin 1159.1.1-ci və 1159.1.3-cü maddələrinin tələblərinə əsasən, ölənin uşaqları birinci növbəli vərəsə sayılırlar və miras açılanadək vəfat etmiş uşaqların payı təmsilçilik hüququ əsasında onların nəsli (uşaqları) arasında bölünür. Lakin barəsində ölüm faktının tanınması istənilən şəxsin (Ramiz Babayevin) subay və ya ailəli olması, habelə onun uşaqlarının (təmsilçilik hüququ əsasında vərəsə ola biləcək şəxslərin) olub-olmaması barədə iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Məhz bu xüsusatlara aydınlıq gətirilmədən və müvafiq sübutlar təqdim edilmədən, ərizəçinin miras işi çərçivəsində sözügedən ölüm faktının müəyyən edilməsinə dair subyektiv hüququnun və birbaşa qanuni marağının mövcudluğu tam əsaslandırılmış hesab oluna bilməz.
42. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin qanuni marağının və məhkəməyə müraciət etmək (subyektiv) hüququnun olub-olmaması lazımi qaydada araşdırılmadan, habelə təqdim edilmiş sənədlərə hüquqi qiymət verilmədən ərizə qanunda nəzərdə tutulmayan əsaslarla baxılmamış saxlanılmışdır. Məhkəmə, sübutların kifayət edibetməməsi məsələsinə işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı qəbul edərkən qiymət verməli olduğu halda, prosessual qanunvericiliyin və Ali Məhkəmənin Plenum Qərarının tələblərini pozaraq düzgün olmayan qərardad qəbul etmişdir. Bu səbəbdən Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli və iş yenidən mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
43. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.
44. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
45. - ərizəçi Ərizəçi verdiyi şikayət təmin edilməli;
46. - Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ləğv edilməli;
47. - ərizəçi Ərizəçi qardaşı X2 ölüm faktının tanınması tələbinə dair mülki iş, bu qərardadın əsaslandırma hissəsində qeyd edilən hüquqi mövqe və xüsusatlar nəzərə alınmaqla, yenidən mahiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinə geri qaytarılmalıdır.
48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
49. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
50. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir. VII. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq
qərara aldı: Ərizəçi Ərizəçi verdiyi şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi qardaşı X2 ölüm faktının tanınması tələbinə dair mülki iş, bu qərardadın əsaslandırma hissəsində qeyd edilən hüquqi mövqe və xüsusatlar nəzərə alınmaqla, yenidən mahiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Səxavət Bəylərli.