Məhkəmə qərarları › İş №2(001)-130/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-130/2023

22.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-130/2023 22.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əli oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi, Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi, Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinə köçürülmə və.s” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 himayəsində olan övladları 26 mart 2009-cu il təvəllüdlü X18 və 06 avqust 2010-cu il təvəllüdlü X24 ilə birlikdə ünvan 1 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə iddiaçıya məxsus üç otaqdan ibarət yaşayış sahəsindən çıxarılmasını, cavabdeh X5 özünə yaşayış yeri seçənə kimi, 24 ay (2 il) müddətində kirayə qalması üçün hər ay 300 manat iddiaçı tərəfindən ona ödənilməsini, mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət yaşayış sahəsinə iddiaçının köçürülməsini və cavabdehin yaşayış yerindən çıxarılması onun həmin ünvana istifadə hüququnun olmaması, onun və iki övladının həmin ünvan üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2183/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı qismən mümkün hesab edilmiş və iddia ərizəsinin cavabdehin yaşayış yerindən çıxarılmasının onun həmin ünvana istifadə hüququnun olmaması, onun və iki övladının həmin ünvan üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi hissəsində icraata qəbul edilməsindən imtina edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 oktyabr 1989-cu il tarixdə Nərimanov Rayon X17 İcraiyyə Komitəsi tərəfindən, mərhum həyat yoldaşı X19 verilmiş 028728 №-li orderə müvafiq olaraq X29 1930-cu iltəvəllüdlü, Abiyev (Gülhəsənova) Gülnaz qulam qızı 1963-cü il təvəllüdlü, qızı X25 1983-cü il təvəllüdlü, oğlu X30 1984-cü il təvəllüdlü, qızı X36 1987-ci il təvəllüdlü, beş nəfər ailə tərkibi olaraq Kirov (Binəqədi) rayonu, küçə 1260-cı kvartal (hazırda 7-ci mkr, F.Məlikov küçəsi adlanan) 2 “b”, blok 4, mənzil 82 ünvanda yerləşən beş otaqdan ibarət, ümumi sahəsi 75,61 kv.m olan mənzil almışlar. 08 yanvar 1990-cı il tarixdə oğlu X26 dünyaya gəlmişdir. 1999-cu ildə mərhum yoldaşı X29 ilə nikahları ləğv olunduqdan sonra, birgə yaşamaq mümkün olmadığı üçün, qeyd olunan beş otaqlı mənzilin aralarında bölünməsinə dair Binəqədi rayon Məhkəmsində xx.xx.1999-cu il tarixli, 2-513 saylı müvafiq qətnamə çıxarıldı. Həmin qətnamə ilə yaşadıqları 7-ci mkr 2 “b” saylı evin beş otaqlı, yaşayış sahəsi 75.61 kv.m olan mənzil bölünərək, sahəsi 13,40; 12,71 və 16.5 kv.m olan 3 otaq övladları Novzər, Zəhra və Abubəkirlə iddiaçıya verilmişdir. Digər iki iç-içə olan otaqlar isə sabiq yoldaşı abıyev Yusif ilə qızı Umleylaya verilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin Başçısının 25 oktyabr 1999-cu il tarixli 748 nömrəli sərəncamə ilə həmin mənzilə iki ayrıca şəxsi hesab vərəqəsi açılmışdır. İddiaçı ümumi sahəsi 42.61 kv.m olan üç otağı özəlləşdirərək xx.xx.2001-ci il tarixli, 096109 qeydiyyat vəsiqəsinə müvafiq olaraq həmin otaqların mülkiyyətçisi olmuşdur. Digər iki otaqları isə sabiq həyat yoldaşı özəlləşdirməyərək icarə müqaviləsi əsasında həmin otaqlarda qızı Umleyla ilə yaşamağa başlamışdır. 2004-cü ildə sabiq hıyat yoldaşı X1 Tahirə Rza qızı adlı bir qadınla yaşamağa başladı. 2008-ci ildə isə X31 öz bacısı qızı X6 oğlu X20 ərə verdi. X35, daha sonra isə Abiyev elnarə elə bir dözülməz vəziyyət yaratdılar ki, o öz övladları Zəhra və Abubəkir ilə kirayə ev tutub orada yaşamağa məcbur olmuşdur. Hazırda iddiaçı və oğlu Abubəkir on beş ilə yaxındır ki, Varovski qəsəbəsində kirayədə qalır. Oğlu Növzər xəstə olduğu üçün vaxtaçırı ona baş çəkmək üçün evə gedirdi. Lakin oğlu Növzər rəhmətə gedəndən sonra Elnarə Abiyev qapının kilidini (açarını) dəyişdi. Bu səbəbdən iddiaçı mülkiyyətində olan evə daxil ola ilmirdi. Özü birinci qrup əlildir. X21 ilə ailə quran oğlu Abıyev Novzər 2020-ci ildə onurğa beyninin bədxassəli yenitörəməsi səbəbindən rəhmətə getdi. Ondan iki il əvvəl isə 2018-ci ildə onun atası-sabiq yoldaşı X29 rəhmətə getmişdir. Haırki günədək X11 icarə müqaviləsi ilə istifadəsində olmuş iç-içə iki otağı Qasımova Tahirə, mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan üç otağı isə Abiyev Elnarə tutaraq onları evə buraxmırlar. İddia ərizəsinə əlavə etdiyi DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2021-ci il tarixli arayışından görünür ki, nə cavabdeh X21, nə də ki, onun övladları Rüqəyya və X23 raynu 7-ci mkr F.Məlikov küçəsi, ev “b”, mənzil 82-də qeydiyyatda deyillər. Lakin DİN-nin BPQMİ-nin MAPS şöbəsindən alınmış arayışından görünür ki, Elnarə Abiyev və onun uşaqları Rüqəyya və X23 rayonu 7-ci mkr 2 “b” mənzil 82 küçəsiz ünvanda qeydiyyatdadırlar. Lakin bir fərqlə belə ki, MAPS-ın arayışında küçə adı qeydə alınmamışdır. İstənilən halda cavabdehin yaşayış yeri üzrə qeydiyyatının özbaşınalıq və qanunsuzluq kimi qiymətləndirilir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi, vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdeh iddiaçının mərhum oğlunun arvadıdır. İddiaçı ilə onun mərhum əri Yusif arasında olmuş nikah pozulmuş və mübahisələndirilən mənzil tərəflər arasında bölünmüşdür. İddiaçı öz payına düşən hissəsini özəlləşdirmiş, mərhum əri isə müvafiq olaraq öz hissəsini özəlləşdirməmişdir. Cavabdeh hazırda mənzilin həm onun hissəsinə düşən hissəsində, həm də mərhum keçmiş ərinə(Yusifə) aid olan hissəsində yaşayır. Cavabdeh 2008-ci ildən oğlu ilə nikaha daxil olaraq mənzilə köçmüşdür. Cavabdeh onun mərhum keçmiş ərinin ikinci arvadının bacısı qızıdır. İddiaçı xəstə olduğu vaxt mərhum oğluna mütəmadi olaraq baş çəkmiş, lakin gəlini və keçmiş əri ilə münasibətləri pis olduğundan orada daimi olaraq yaşamamışdır. Cavabdehin ona münasibətdə istifadə hüququ olmamış və yaranmamışdır. Çünki bu barədə notarial qaydada razılaşma və dövlət reyestrində qeydiyyat yoxdur. Cavabdehin etirazsız olaraq orada daimi yaşaması və ya qeydiyyata düşməsi istifadə hüququnun yaranmasına əsas vermir. Cavabdehin istifadə hüququ yaranmasa da iddiaçı humanist davranaraq, nəvələrinin də olduğunu nəzərə alaraq 2 il üçün hər ay 300 manat olmaqla könüllü şəkildə vəsait ödəməyi boynuna götürür. Hətta bu barədə qətnamə qəbul edilməsini xahiş edir. Bundan əlavə iddiaçının nümayəndəsi cavabdehin etirazının dəlillərini Konstitusiya Məhkəməsinin iddia ərizəsində göstərilən müvafiq qərarlarına əsasən əsassız hesab edir. Bundan əlavə cavabdehin onun əri mərhum Abiyev Novzərə xəstəliyində baxmış olması və uşaqlarını saxlamağı onun ailə münasibətlərindən irəli gələn hüquq və vəzifələrinə aid olmuş və bu mülkiyyət hüquqlarının müdafiəsini istisna edən amil hesab edilə bilməz. Ümumiyyətlə istifadə hüququnun mövcudluğu belə onun xitamını qeyri-mümkün etmir, hansı ki, istifadə hüququna belə kompensasiya ödənilməklə xitam verilməsi mümkündür.

5. Məhkəmə iclaslarında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və nümayəndəsinin bildirdiklərini təsdiq etmişdir.

6. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi, vəkil iddiayla qismən razılaşaraq izahatında bildirmişdir ki, iddiaçının cavabdehin istifadə hüququnun olmaması ilə bağlı dəlilləri əsassızdır. Belə ki, cavabdeh iddiaçının mərhum oğlunun arvadı olmaqla 2008-ci ildən daimi olaraq ailəsi ilə birlikdə orada yaşayır. Cavabdeh özbaşına deyil, iddiaçının razılığı ilə həmin mənzilə gəlin köçmüş və etirazsız olaraq daimi olaraq orada yaşamaqdadır. Cavabdehin qeydiyyatda olması onun istifadə hüququnun yarandığını təsdiq edir. Bundan əlavə iddiaçının mübahisələndirdiyi hissə təkcə iddiaçıya məxsus olmamış, məhkəmə qətnaməsi ilə həmçinin iddiaçının oğlu və cavabdehin əri olan mərhum Novzərin də payı tanınmışdır. Çünki mənzilin 3 otağı məhz himayəsində olan uşaqlar nəzərə alınmaqla iddiaçıya verilmişdir. Mənzilin hansı qaydada özəlləşdirilməsi barədə məlumatları olmasa da, ehtimal edir ki, özəlləşdirmə qanunsuz formada aparılmışdır. Məhz ona görə də həmin sənədlərin alınması ilə bağlı məhkəmədən sorğu verilməsini tələb etmişlər. Özəlləşdirmənin qanunsuzluğu barədə ehtimal ondan qaynaqlanır ki, mənzil özəlləşdirilən zaman mərhum Abiyev Novzər yetkinlik yaşına çatmamış və onun yerinə çox güman ki, iddiaçı öz xeyrinə razılıq vermişdir. Halbuki qəyyumluq və himayəçilik orqanının razılığı və.s digər prosedur qaydaya əməl edilməli olduğu halda, yəqinki bu qaydalara əməl edilməmişdir. Bununla yanaşı iddiaçının oraya köçməsinə hər hansı etirazları yoxdur, iddiaçı mərhum ərinə görə həmin mənzildə yaşamaqdan imtina etmiş və oğlunun vəfatından sonra belə bir iddia qaldırmışdır. İddianı həmin hissədə qəbul edirlər.

7. Cavabdehin nümayəndəsi təxminən eyni məzmunda iddiaya etiraz vermiş və etirazda göstərmişdir ki, iddianı qismən, yəni iddiaçının həmin mənzilə köçürülməsi hissəsində qəbul edirlər. Cavabdeh heç vaxt iddiaçının həmin mənzilə gəlməsinə etiraz etməmişdir. Cavabdeh həmin mənzilə qanuni əsaslarla köçmüşdür. Belə ki, o, iddiaçının oğlu X32 ilə xx.xx.2008-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuş və onun istəyi və həmin mənzildə yaşayan X12 razılığı ilə həmin mənzilə köçürülmüşdür. Cavabdeh həmin mənzilə köçərkən İddiaçı ilə əri Y.Abiyev arasında şəxsi problemlər olduğu üçün o, mübahisəli mənzildə yaşamamışdır. Və ümumiyyətlə ora gəlib-getməmişdir. İddiaçı öz övladları ilə başqa yerdə kirayədə yaşamışdır. Oğlu Novzər 2019-cu ildə xəstə olduğu müddətdə Gülnaz həftədə bir dəfə gəlib oğluna baş çəkmiş və onun və qardaş və bacılarının gəlməsinə heç bir maneə və etiraz olunmamışdır. Novzər Abiyev ölüm ayağında olan zaman vəsiyyət etmək üçün notariusun çağırılmasını istəmişdir ki, öz vəsiyyətini etsin, qardaşı Abubəkr ona söz vermişdir ki, heçnə lazım deyil və söz vermişdir ki, arvadını və uşaqlarını küçəyə atmayacaqdır. Evi satıb onlarla bərabər böləcəkdir. Lakin Növzər öləndən sonra onlar hər şeyi unudaraq məhkəmədə iddia qaldırmışlar. Bundan əlavə məhkəmə qətnaməsi ilə artıq mənzilin sahibləri müəyyən edilmiş və həmin 3 otaqlı mənzildə Novzər Abiyevin payı olmuşdur. Hüquqları dövlət qeydiyyatına alınmasa da, Novzər Abiyevin payını məhkəmə ayırmışdır və bu gün Növzər Abiyevin payı vərəsəlik hüququna əsasən Cavabdeh və onun övladlarına məxsusdur. X28 və uşaqların arasında ailə hüquq münasibətlərinə xitam verilməmişdir. Bundan əlavə aylıq 300 manat tələbə münasibətdə qeyd edirlər ki, Novzərin bir otaqlı mənzilinin pulu ona verilərsə iddiaçıyla sülh yolu ilə razılaşmaları mümkündür.

8. Məhkəmə iclaslarında cavabdeh nümayəndəsinin izahatının və etirazının dəlilləri ilə razılaşdığını bəyan etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəf haqsızlıq edir. Belə ki, o, iddiaçının oğluna xəstə vaxtı heç bir dəstək olmadan baxmış və uşaqlarını saxlamışdır. Hazırda onları çıxartma tələbi mərhum Novzər Abiyevin son vəsiyyətinə xəyanətdir. Eyni zamanda iddiaçının mənzilə köçürülməsinə etirazı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. 14 oktyabr 1989-cu il tarixli, 028728 saylı Nərimanov Rayon X17 İcraiyyə Komitəsi tərəfindən verilmiş orderin surətindən görünür ki, iddiaçının mərhum yoldaşı X19 beş nəfər ailə tərkibi olaraq Kirov (Binəqədi) rayonu, küçə 1260-cı kvartal (hazırda 7-c mkr, F.Məlikov küçəsi adlanan) 2 “b”, blok 4, mənzil 82 ünvanda yerləşən 5 otaqdan ibarət ümumi sahəsi 75,61 kv.m olan mənzil verilmişdir.

10. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının 25 oktyabr 1999cu il tarixli, 748 saylı sərəncamında göstərilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-513 saylı qətnaməsi ilə 7-ci mkr, 2 “b” saylı evin 5 otaqlı, yaşayış sahəsi 75.61 kv.m olan 82 saylı mənzilini bölərək sahəsi, 13.4; 12.71; 16.5 kv.m olan 3 otağı uşaqları Növzər, Zəhra, Əbubəkrlə birlikdə iddiaçı X13, digər sahələri 16.5; 16.5 olan 2 otağı isə uşağı Umleylayla birlikdə cavabdeh X11 istifadəsinə vermişdir. Binəqədi Rayon Məhkəməsi hər kəsin ailəsi üçün ayrıca şəxsi hesab vərəqəsinin açılmasını Binəqədi rayon MKTB-nə tapşırılmışdır. Həmin sərəncamda bölgüyə müvafiq olaraq tərəflər X33 və X29 mənzilin əsas kirayəçisi hesab edilmişdir. Həmin sərəncamda hər iki ailə üçün hesab vərəqəsinin açılması MKİS-ə tapşırılmışdır.

11. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 096109 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Binəqədi rayonu, 7-ci mkr küçəsi, 2”b” saylı evin 42.61 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 82 saylı mənzili X7 adına sıxlaşdırılmış payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1192 saylı reyestr kitabında, 179093 səhifədə, 30/179093 nömrə ilə xx.xx.2001-ci il tarixində qeydiyyat aparılmışdır.

12. Ölüm haqqında şəhdaətnamənin surətindən görünür ki, X32 07 sentyabr 2020-ci il tarixdə ölmüşdür.

13. Nikah haqqında şəhdaətnamənin surətindən görünür ki, X32 ilə X2 xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar və arvada “Abiyeva” soyadı verilmişdir.

14. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X32 ilə Cavabdeh birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2010-cü il təvəllüdlü X27 adlı uşaqları vardır.

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8907/2022 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Gülhəsənova(Abiyeva) Gülnaz Qulam(qərardadda ata adı səhv olaraq Gülhəsən göstərilmişdir) qızı işə cəlb edilməklə “qeydiyyat vəsiqəsinin ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1396/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir.

16. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 101 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

17. Cavabdeh iddiaçının mərhum oğlu X15 arvadıdır. X32 ilə Cavabdeh xx.xx.2008-ci ildə nikaha daxil olmuşlar və tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2010-cü il təvəllüdlü X27 adlı uşaqları vardır. X32 07 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. X3 isə iddiaçının keçmiş əridir. Belə ki, iddiaçı ilə X34 nikahda olmuş və nikahlarına 1999-cu ildə xitam verilmiş və 2004-cü ildə Yusif X4 ilə nikaha daxil olmuş, X34 2018-ci ildə vəfat etmişdir. Hazırki ünvanı ünvan 4mumi sahəsi 75.61 kv.m olan 82 saylı mənzil Nərimanov rayonu X17 İcraiyyə Komitəsinin 1989-cu il tarixli orderi ilə X22 ayrılmışdır. Gülnaz və Yusifin arasında olan nikahın pozulmasından irəli gələrək qeyd edilən mənzil 1999-cu il tarixli məhkəmə qətnaməsi ilə tərəflər arasında mənzildən istifadə qaydasının müəyyən edilməsi baxımından naturada bölünmüşdür. Həmin mənzilin 13.4; 12.71; 16.5 kv.m olan otaqları uşaqları Novzər, Zəhra, Abubəkrlə birlikdə X7 istifadəsinə verilmişdir. 2021-ci ildə isə ayrılan həmin hissə X7 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Cavabdeh ilə mərhum X32 2008-ci ildə nikaha daxil olmuşlar və cavabdeh gəlin kimi mübahisələndirilən mənzilə köçmüşdür. Həmin vaxtdan cavabdeh gəlin kimi köçdüyü mənzildə yaşamağa başlamış və hal-hazırda da cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan hissəsindən də istifadə etməklə yaşamaqdadır.

18. İddiaçı tərəf cavabdehin istifadə hüququnun olmadığını iddia edir və onun uşaqları ilə birlikdə ona aid olan hissədən çıxarılmasını və özünün həmin hissəyə köçürülməsini tələb edir. Bununla yanaşı iddiaçı ondan cavabdehin xeyrinə 24 ay, hər ay 300 manat olmaqla pul vəsaitinin tutulmasını xahiş edir. Bunu isə kompensasiya olaraq deyil, humanizm prinsipi baxımından yardım məqsədi ilə etdiyini bildirir.

19. Cavabdeh tərəf isə iddianı mənzilə köçürülmə hissəsində qəbul edir və digər hissədə iddianı qəbul etmir. İddianı əsassız hesab etdiyi hissəni onunla əsaslandırır ki, 2008-ci ildən daimi, etirazsız olaraq mənzildə yaşayan və qeydiyyata alınan cavabdehin istifadə hüququ vardır və istifadə hüququna xitam verilməsi mümkün deyildir. Eyni zamanda cavabdehin nəinki istifadə hüququ, hətta mərhum X8 vərəsəlik qaydasında keçən mülkiyyət hüququ da vardır. Hansı ki, mənzilin özəlləşdirilməsi qanunsuz formada aparılmış və Novzər Abiyevin mülkiyyətdəki payı mənimsənilmişdir. Bundan əlavə X15 mülkiyyət hüququnun tanınması barədə qətnamənin olduğunu bildirir. Tətbiq edilən maddi hüquq normaları və qərarlar:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

22. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.

24. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

27. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

28. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

29. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.4-cü maddələrinin çərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tətbiq edilən prosessual normalar:

32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

33. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

36. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

39. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hüquqi əsaslandırma və məhkəmənin mövqeyi:

40. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi kimi ilk addım iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılması və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmasının yoxlanılmasıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

41. İşin faktiki halları baxımından iddiaçı cavabdehin istifadə hüququnun yaranmadığını iddia edir və bu səbəblə mülkiyyət hüququnun müdafiəsi tədbiri kimi cavabdehin himayəsində olan uşaqlarla birlikdə mənzildən çıxarılmasını və özünün ora köçürülməsini tələb edir.

42. Bununla bağlı ilkin olaraq qeyd edilməlidir ki, Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır.

44. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

45. Odur ki, mülkiyyət hüququnun müdafiəsi ilə bağlı mənzildən çıxarılma tələbinin məhdudlaşdırılması üçün qarşı tərəfin ən azından digər əmlak hüquqları(məhdud əşya hüquqları) olmalıdır. Hansı ki, qanunvericilik digər əmlak hüquqları kimi girovu, əmlakdan istifadə hüququnu, servitutu həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilməsini təsbit etmişdir.(bax MM 158)

46. Lakin işin müəyyən edilmiş hallarından göründüyü kimi ünvan 5 ünvanında yerləşən, yaşayış sahəsi 42.61 kv.m olan 3 otaqlı 82 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçı Gülhəsənova(Abiyeva) Gülnaz Qulam qızına məxsusdur. Cavabdeh iddiaçının gəlini kimi 2008-ci ilin aprel ayından mənzilə köçmüş və hazırda da yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilin həmin hissəsindən də istifadə etməklə yaşayır. Halbuki cavabdehin həmin mənzilə münasibətdə nə əşya hüququ, nə də məhdud əşya hüququ mövcuddur. Çünki iddiaçı ilə cavabdeh arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi, xitamı barədə notarial qaydada təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. Halbuki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeləri baxımından tərəflər arasında mübahisəli hüququ münasibəti 2008-ci ildə, yəni Mülki Məcəllənin 228.5-ci maddəsinin qüvvədə olduğu vaxt yarandığından, cavabdehin istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə riayət edilməli idi.(bax 29-31-ci bəndlər). Məhz bu səbəbdən də cavabdehin istifadə hüququnun mövcudluğu istisna edilir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehin etirazının dəlili kimi istinad etdiyi hallar da istifadə hüququnun yaranmış olması hüquqi əsasını formalaşdırmır. Əvvəla mənzildə uzun müddət etirazsız yaşamaq və qeydiyyata düşmək istifadə hüququnu yaratmır, çünki yuxarıda qeyd olunan hüquqi mövqedən aydın olduğu kimi bunun üçün konkret olaraq notarial qaydada təsdiq olunmuş yazılı razılaşma zəruri şərtdir. Bundan əlavə daşınmaz əmlakın həqiqiliyi prezumpsiyası baxımından nəzərə alınmalıdır ki, nə qədər ki daşınmaz əşyanın tam mülkiyyətçisi kimi iddiaçı tanınmışdır, onun əksini mülahizələrlə əsaslandırmaq hüquqi nəticə doğurmur.

47. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının nə əşya, nə məhdud əşya hüququ olmayan cavabdehin himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilin tam mülkiyyət hüququ ilə ona məxsus olan hissəsindən çıxarılması və özünün ora köçürülməsi ilə bağlı mülkiyyət hüququnun müdafiəsi barədə tələbi əsaslıdır.

48. Bundan başqa məhkəmə iddiaçının ondan 24 ay müddətində, hər ay 300 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulması barədə tələbini də prosessual qanunvericiliyin dispozitivlik prinsipi baxımından əsaslı hesab edir. Belə ki, iddiaçının kompensasiya mahiyyətli pul ödəmək arzusu əksinə, cavabdehin maraqlarının qorunması üçün atılan addım olmaqla qanuna zidd deyildir. Hansı ki, cavabdehin tələbkar olaraq qətnamənin həmin hissəsinin icrasından imtina etmək səlahiyyətini qadağan etmir. Nəticə:

49. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 26 mart 2009-cu il təvəllüdlü X14 və 06 avqust 2010-cu il təvəllüdlü X27 ilə birlikdə iddiaçı Gülhəsənova(Abiyeva) Gülnaz Qulam qızına məxsus ünvan 5 ünvanında yerləşən, yaşayış sahəsi 42.61 kv.m olan 3 otaqlı 82 saylı mənzildən çıxarılmalı, iddiaçı Gülhəsənova(Abiyeva) Gülnaz Qulam qızı mülkiyyətində olan həmin mənzilə köçürülməli, iddiaçı Gülhəsənova(Abiyeva) Gülnaz Qulam qızından 24 ay müddətində, hər ay 300 manat məbləğində pul vəsaiti tutularaq cavabdeh X9 ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 26 mart 2009-cu il təvəllüdlü X14 və 06 avqust 2010-cu il təvəllüdlü X27 ilə birlikdə iddiaçı Gülhəsənova(Abiyeva) Gülnaz Qulam qızına məxsus ünvan 5 ünvanında yerləşən, yaşayış sahəsi 42.61 kv.m olan 3 otaqlı 82 saylı mənzildən çıxarılsın və iddiaçı Gülhəsənova(Abiyeva) Gülnaz Qulam qızı mülkiyyətində olan həmin mənzilə köçürülsün. İddiaçı Gülhəsənova(Abiyeva) Gülnaz Qulam qızından 24(iyirmi dörd) ay müddətində, hər ay 300(üç yüz) manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar