Məhkəmə qərarları › İş №2(3-6)-341/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-341/2026

09.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-341/2026 09.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2521/2025 saylı, 15 dekabr 2025-ci il tarixli qərardadından Cavabdeh1 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)- 2521/2025 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma və mənzilə köçürülmə barədə ilkin iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı iddiası təmin edilməyib. Qətnamədən Cavabdeh1 nümayəndəsi X1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2521/2025 saylı, 15 dekabr 2025-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna riayət edilməklə verilməlidir. Bununla belə, ilkin iddia üzrə cavabdeh - onun nümayəndəsi həmin normanın tələblərini pozaraq apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, poçt vasitəsilə məhkəməyə təqdim etmişdir. Halbuki mübahisələndirilən xx.xx.2025-ci il tarixli e-2(005)-2521/2025 saylı qətnamədə “Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə biləcəyi” tərəflərin nəzərinə çatdırılmışdır. Bununla belə, ilkin iddia üzrə cavabdeh qanunvericiliklə müəyyən olunmuş formaya uyğun olmayan apellyasiya şikayətini dəftərxana vasitəsilə məhkəməyə təqdim etmişdir. Qətnamədən Cavabdeh1 nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalı və qanunvericiliklə müəyyən edilmiş qaydada qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi X1 şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2521/2025 saylı, 05 yanvar 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Mülki Prosessual Məcəllənin 10-1.8-ci maddəsinə görə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə tərkibi qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməsi Mülki Prosessual Məcəllənin imperativ tələbi olduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olub. Şərh olunanlara əsasən şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2521/2025 saylı, 15 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2521/2025 saylı, 15 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar