Məhkəmə qərarları › İş №2(3-8)-963/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-963/2026

13.08.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-963/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Cavabdeh əmlakları ilə birgə mülkiyyətində olan (faktiki istifadə və sahibliyində olmuş) ünvan 1 ünvanında yerləşən evdən çıxarılması və evə özünün köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddia tələbinin dəqiqləşdirilməsi ərizə ilə məhkəməyə müraciət edərək, yalnız özünün evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Nərmin Ağazadə) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət edərək həmin qərardadın ləğv edilməsini və işə Xaçmaz Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin işi aidiyyatı üzrə göndərmə qərardadı, məhkəmənin iş üzrə qənaəti prosessual qanunvericiliyin tələbinə zidd olmaqla, məhkəmə aiddiyyatının əsassız pozulmasına səbəb olmuşdur. Qeyd edir ki, məhkəmə 5 hazırlıq iclası və 1 baxış iclası keçirdikdən sonra işi aidiyyəti üzrə göndərməsi onun hüquqlarının kobud şəkildə pozulması və prosessual qənaət prinsipinə ziddir. Hesab edir ki, qəbul edilmiş qərardad mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və işin faktiki halları düzgün qiymətləndirilmədən qəbul edilmişdir. Iş üzrə aidiyyət məsələsi düzgün müəyyən edilməmiş, bunun nəticəsində iş əsassız olaraq başqa məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə işi icraata götürmüş, mahiyyəti üzrə baxıb yekun qərar qəbul edən zaman fikrini dəyişib belə qərar qəbul etmişdir. Məhkəmə baxış iclasında isə işin aidiyyəti üzrə göndərilməsi qeyri-mümkündür. Bundan əlavə, işdən görünür ki, tərəflər işin ərazi aidiyyəti ilə bağlı heç vaxt mübahisə açmamış, hətta işin ərazi üzrə başqa məhkəməyə aid olması məsələsini qaldırmamışlar. Sonuncu məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə prosessual qanunvericiliyin tələblərini pozaraq işin ərazi aidiyyəti ilə bağlı qərardad çıxarmışdır. Mülki Prosessual Məcəllənin yuxarıda şərh olunan maddələri işlərin düzgün və vaxtında həlli üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Işin Binəqədi Rayon Məhkəməsinə göndərilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsinə ciddi maneələr yaradır. Onun yaşayış yeri, maddi vəziyyəti və digər obyektiv səbəblər nəzərə alınmadan qəbul edilmiş bu qərar əlavə xərc, vaxt itkisi və məhkəmə araşdırmasında iştirakını çətinləşdirəcəkdir. Bu isə məhkəməyə əlçatanlıq və ədalətli məhkəmə araşdırması prinsiplərinə uyğun hesab edilə bilməz. Məhkəmənin qərardadında göstərilən əsaslar iş materialları ilə təsdiq olunmur və işin məhz Binəqədi Rayon Məhkəməsində baxılmasını zəruri edən hüquqi əsaslar mövcud deyildir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə (hakim Nərmin Ağazadə) şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Işdən görünür ki, iddiaçı mülkiyyət hüququnun pozulduğu əsasdan çıxış edərək ünvan 1 ünvanında yerləşən evə köçürülməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. Iddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... Iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. Iddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. Iddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Belə olan halda kollegiya hesab edir ki, mövcud tələb üzrə iddiaçının köçürülməsini tələb etdiyi əmlak ünvan 1 ünvanında yerləşdiyindən, mübahisə həmin əmlakın yerləşdiyi yer üzrə, yəni müstəsna aidiyyət qaydalarına uyğun olaraq birinci instansiya məhkəməsinin işin aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə nəticəsi qanuni və əsaslıdır. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin *(*-***)- **/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar