Məhkəmə qərarları › İş №2(1-8)-636/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-636/2026

17.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-636/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 Məhəmmədemin oğluna qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürmə, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 Məhəmmədemin oğluna qarşı “fərdi yaşayış sahəsindən çıxarılma və həmin yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 Məhəmmədemin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hər birinin sahəsi 16,4 kv.metr olan 2 yaşayış otağından ibarət olmaqla, yaşayış otaqlarından biri İddiaçı, digər otaq isə cavabdeh cavabdeh2 xüsusi mülkiyyətində olub.

2. cavabdeh2 Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 6 ünvanında yerləşən, ümumi sahəsi 32.8 kv.m, yaşayış sahəsi 32.8 kv.m olan, 2 yaşayış otağından ibarət * nömrəli fərdi yaşayış evinin öz paylı mülkiyyətində olan 16.4 kv.m əraziyə malik 1 yaşayış otağını ##.##.2011-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında cavabdeh1 Məhəmmədemin oğluna satmışdır. cavabdeh1 qeyd olunan evdən 16.4 kv.m sahəyə malik 1 yaşayış otağına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 6-cı döngədə yerləşən * saylı evin, sahəsi 16,4 kv.m. təşkil edən 1 otaqlı yaşayış sahəsindən cavabdehlərin əmlakları ilə birlikdə çıxarılmaqla yaşayış sahəsinin ona təhvil verilməsi və onun həmin yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 32.8 kv.m olan 2 otaqdan ibarət fərdi yaşayış sahəsinin bir otaqdan ibarət 16.4 kv.m onun, digər bir otaqdan ibarət 16.4 kv.m fərdi yaşayış sahəsi isə cavabdeh cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış sahələri üzrə payları müəyyən edilərək mülkiyyət hüquqları ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsində qeydiyyata alınaraq onlara ********** qeydiyyat nömrəli ##.##.2013-cü il tarixli çıxarış verilmişdir. Göstərilən ünvanda pasport qeydiyyatında olsa da, başqa ünvanda yaşayır. Bir müddət əvvəl ona məxsus yaşayış sahəsinə gələrkən orada cavabdeh cavabdeh1 Məhəmmədemin oğlunun yaşadığını görərək, oradan çıxmasını bildirmişdir. Cavabdeh cavabdeh1 Məhəmmədemin oğlu bundan imtina edərək, həmin yaşayış sahəsinin digər cavabdehdən aldığını bildirmişdir. Ona görə də, Binəqədi Rayon Polis Idarəsinə ərizə ilə müraciət edərək, cavabdehlərin ona məxsus yaşayış sahəsindən çıxarılmalarını xahiş etmişdir. Rayon Polis Idarəsinin 43-cü Polis Bölməsi ##.##.2024-cü il və ##.##.2025-ci il tarixli məktubla bildirilmişdir ki, aralarında yaranmış mübahisə mülki xarakterli olduğundan aidiyyatı olaraq məhkəməyə müraciət etməlidir. O, hesab edir ki, cavabdehlər mülkiyyətində olan yaşayış sahəsindən könüllü olaraq çıxarılmadıqlarına görə oradan məcburi çıxarılaraq, o həmin yaşayış sahəsinə köçürülməlidir.

5. Cavabdeh cavabdeh1 Məhəmmədemin oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmeti olan bir otaqdan ibarət olan fərdi yaşayış sahəsini cavabdeh cavabdeh2 alqı-satqı müqaviləsi əsasında almışdır.

6. Digər cavabdeh cavabdeh2 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim P.Ş.Məmmədov) 2025-ci il ## ######## tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh cavabdeh1 ünvan 2 6 ünvanında yerləşən, ümumi sahəsi 16.4 kv.m olan fərdi yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması, iddiaçı İddiaçı ünvan 2 6 ünvanında yerləşən, ümumi sahəsi 16.4 kv.m olan fərdi yaşayış sahəsinə köçürülməsi, iddia tələbinin cavabdeh cavabdeh2 qarşı təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni aşağıdakı dəlillərlə əsaslandırmışdır.

9. Məhkəmənin müraciətinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ## #### 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 6-cı döngə, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi Binəqədi Rayon Icra Hakimiyyəti Başçısının *** nömrəli ##.##.19**-cü il tarixli sərəncamına, Kirov Rayon Xalq Deputatları Sovetinin Icraiyyə Komitəsinin **/*** nömrəli ##.##.1989-cü il tarixli qərarına və Binəqədi Rayon Icra Hakimiyyətinin Binəqədi qəsəbəsi üzrə nümayəndəsinin ** nömrəli ##.##.19**-cü il tarixli arayışına əsasən ##.##.19**-cü il tarixdə X3 adına qeydiyyata alınmış. Bakı şəhər ** saylı notariat kontorunun 2V/** reyestr nömrəli ##.##.1998-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən ##.##.1998-ci il tarixdə X9 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri ** saylı notariat kontorunun 3MA/01-** reyestr nömrəli ##.##.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ##.##.1999-cu il tarixdə cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri ** saylı notariat kontorunun 3MA/2-*** reyestr nömrəli ##.##.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin 1 otağı ##.##.1999-cu il tarixdə X2 adına özgəninkiləşdirilmişdir. * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 4Ə/**** reyestr nömrəli ##.##.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən X2 məxsus hissə ##.##.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhər ** saylı notariat kontorunun 4Ə/1-*** reyestr nömrəli ##.##.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh2 məxsus hissə ##.##.2017-ci il tarixdə cavabdeh1 adına qeydiyyata alınmışdır.

10. cavabdeh1 Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 6 ünvanında yerləşən, ümumi sahəsi 16.4 kv.m olan və İddiaçı adına qeydiyyata alınmış fərdi yaşayış sahəsində hazırda heç bir qanuni əsas olmadan yaşadığından və bununla da iddiaçının qanunla və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüquqlarını pozduğundan iddia tələbi qismən təmin edilməli, cavabdeh cavabdeh1 həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və iddiaçı həmin mənzilə köçürülməlidir. Bununla yanaşı, digər cavabdeh cavabdeh2 iddiaçıya məxsus ümumi sahəsi 16.4 kv.m olan bir otaqdan ibarət fərdi yaşayış evində yaşaması öz təsdiqini tapmadığından ona qarşı iddia tələbi təmin edilməməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına * saylı Protokolun 1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 218.3cü istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

12. Cavabdeh cavabdeh1 Məhəmmədemin oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda yerləşən evin bir otağı iddiaçının, digər otağı isə cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. cavabdeh1 cavabdeh2lə 2011-ci ildə alğı-satqı müqaviləsi bağlayaraq hər iki otağı almış və cavabdeh2 75.000 ABŞ dolları məbləğində pul ödəmişdir. Düzdür, müqavilədə yalnız cavabdeh2 məxsus 1 otaq qeyd edilsə də, cavabdeh2 cavabdeh1 bildirmişdir ki, ikinci otaq da ona məxsusdur, lakin formal olaraq başqa şəxsin adınadır. Cavabdeh cavabdeh1 vicdanlı alıcıdır. Buna görə də, ona qarşı yönəlmiş iddia rədd edilməli idi. Lakin işə baxmış rayon məhkəməsi bunları nəzərə almamış, iş üzrə səhv nəticəyə gəlmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər - M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.Imanov) cavabdeh cavabdeh1 Məhəmmədemin oğlunun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edildiyi kimi Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 6-cı döngə, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin sahəsi 16,4 kv.metr olan 1 yaşayış otağı iddiaçının, sahəsi 16,4 kv.metr olan digər 1 otağı isə cavabdeh cavabdeh1 mülkiyyətini təşkil edir. cavabdeh1 özünə məxsus otağı 2011-ci ildə cavabdeh2 satın alsa da, iddiaçıya məxsus otaq cavabdeh1 satılmamışdır və iddiaçının mülkiyyətində qalmaqda davam edir. Buna baxmayaraq, cavabdeh1 iddiaçının razılığı olmadan və bunun üçün hər hansı əsas olmadan iddiaçıya məxsus otağa sahiblik edir.

16. Cavabdeh cavabdeh1 iddiaçıya məxsus yaşayış sahəsindən istifadə etməsinin hüquqi əsası yoxdur. cavabdeh1 iddiaçıya məxsus otaqdan istifadə etməklə iddiaçının mülkiyyət hüququnu pozur və bu yolverilməzdir. Buna görə də, rayon məhkəməsi cavabdeh cavabdeh1 iddiaçıya məxsus otaqdan əşyaları ilə birlikdə çıxarılması və həmin otağın iddiaçının sahibliyinə qaytarılması ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassızıdır.

17. Cavabdeh cavabdeh1 apellyasiya şikayətində bildirmişdir ki, o, cavabdeh2 ilə 2011ci ildə alğı-satqı müqaviləsi bağlayaraq hər iki, o cümlədən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış otağı cavabdeh2 satın almışdır, o vicdanlı alıcıdır. Çünki cavabdeh2 ona bildirmişdir ki, ikinci otaq da ona məxsusdur, lakin formal olaraq iddiaçının adına qeydə alınmışdır.

18. Məhkəmə kollegiyası cavabdeh1 bu dəlilini də əsassız sayaraq qeyd edib ki, cavabdeh1 özünün də bildirdiklərindən bəlli olur ki, o, cavabdeh2lə 2011-ci ildə alğı-satqı müqaviləsi bağlayarkən bildirmişdir ki, mübahisəli otaq, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır.

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına * saylı Protokolun 1-ci maddəsinə və MPM-in 384, 385.2-ci maddələrinə istinad etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh cavabdeh1 Məhəmmədemin oğlu (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi tam qanunsuz və əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənləri təkrarlamaqla onun hüquqlarını pozmuşdur. Mübahisə predmeti olan bir otaqdan ibarət olan fərdi yaşayış sahəsini cavabdeh cavabdeh2 alqı-satqı müqaviləsi əsasında 75.000 ABŞ dollarına almışdır. Həmin vaxt Nurəddin ona bu barədə məlumat verməmişdir. Evi öz mülkü kimi satmışdır. O vicdanlı alıcıdır. Keçən müddət ərzində qonşuluqda yaşayan İddiaçı bir dəfə də olsun cavabdehə onun mənzili olması və orada niyə yaşaması barədə heç bir pretenziya irəli sürməmişdir. Iddiaçı alqı-satqıdan da məlumatlı olmuşdur. Otaqlar bitişikdir və bir dam altındadır. Həyətə giriş də birdir. Alqı-satqı zamanı cavabdeh2 orada olan otaqları yox, evi satmışdır.

22. Apellyasiya məhkəməsi iddiaçının uzun illər qonşuluqda yaşamasını, mübahisəli otağa dair iddia tələbi irəli sürməməsini, iddia müddətinin keçməsini, iddiaçının həmin otağı kimdən və hansı şərtlərlə almasını, otağı, yoxsa evin həyətindən torpaq almasını araşdırmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

26. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; ...

27. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

29. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

40. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

47. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

49. Iddia tələbi iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin çıxarılmasından ibarətdir. Bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması,

50. daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

51. Baxılan işdə də apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 6-cı döngə, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin hər birinin sahəsi 16,4 kv.metr olan 2 yaşayış otağından mübahisəli olan bir yaşayış otağı üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

52. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin yaşayış sahəsindən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

53. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 2007-ci il ## ######## tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

54. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. Iddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

55. Cavabdeh mübahisəli yaşayış otağına hüququnu cavabdeh2 ilə ##.##.2011-ci il tarixli AN- İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlaması ilə izah edir. Lakin həmin müqavilədən görünür ki, müqavilə üzrə alqı-satqının predmeti Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 6 ünvanında yerləşən, ümumi sahəsi 32.8 kv.m, yaşayış sahəsi 32.8 kv.m olan, 2 yaşayış otağından ibarət * nömrəli fərdi yaşayış evinin satıcının paylı mülkiyyətində olan 16.4 kv.m əraziyə malik 1 yaşayış otağının cavabdehə satılması olub. Buna görə də cavabdeh cavabdeh1 qeyd olunan evdən 16.4 kv.m sahəyə malik 1 yaşayış otağına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2017-ci il tarixdə qeydiyyata alınıb. Bu müqavilə üzrə cavabdeh1 əldə etdiyi hüquqlar, iddia tələbinin təmin olunmasını istisna etmir.

56. Kassatorun iddia müddətlərinə dayanan dəlilləri qəbul edilmir. Çünki iddiaçının tələbi əşya hüquqları ilə əlaqəli mülkiyyət hüququnun müdafisəi ilə bağlıdır və Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə bu tələblər iddia müddətlərini tabe tutulmur.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar