Məhkəmə qərarları › İş №2(001)-1432/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1432/2024

31.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1432/2024 31.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə, mediasiya prosesində bağlanmış barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə dair ərizəsinə xüsusi icraat qaydasında 31 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ilə Maraqlı şəxs arasında 06 sentyabr 2023-cü il tarixdə mediator X4 iştirakı ilə barışıq sazişi bağlanmış, həmin sazişin bəndlərində göstərilmişdir ki:

1. Ata Maraqlı şəxs övladı xx.xx.2022-ci il təvəllüdlü X3 ana Ərizəçi himayəsində saxlanılmasına razılıq verir.

2. Ata Maraqlı şəxs övladı xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 220 manat aliment və 3 yaşına çatana qədər saxlanılması üçün 60 manat ödəməyi öhdəsinə götürür.

3. Maraqlı şəxs alimenti hər ayın 25-dən 30-dək Ərizəçi bank kartına ödəyəcəkdir.

4. Alimentin ödənilməsi xx.xx.2023-cü il tarixdən hesablansın.

5. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, nikahın pozulması hissəsini məhkəmə müstəvisində həll edəcəklər. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(001)-5896/2023 saylı qətnaməsinə əsasən, Maraqlı şəxs ilə Salahova (İmamverdiyeva) Ayşən Əfqan qızı arasında 30 iyul 2019-cu il tarixdə 2980 nömrəli akt qeydi ilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında saxlanması qərara alınmışdır. Hazırda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxslə mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentlə bağlı hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizə onunla əsaslandırılmışdır ki, barışıq sazişi 06 sentyabr 2023-cü il tarixdə bağlanmasına və imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşımasına baxmayaraq, hazırki vaxta qədər Maraqlı şəxs tərəfindən icra edilməmiş, könüllü icra müddəti də ötürülmüşdür. Bu səbəbdən Ərizəçi ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizədə göstərilənləri təsdiq edib, ərizənin təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, mülki işin yuxarıda sadalanan sübutlarını araşdıraraq, hesab edir ki, ərizənin təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1 və 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: - 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin faktiki halları ilə müəyyən edilir ki, ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin bəndləri onların birgə nikahdan olan uşağın anasının yanında saxlanmasını və uşağın saxlanması üçün alimentin tutulması məsələlərini əhatə edir. Mülki iş materiallarında olan, yuxarıda göstərilən məhkəmə qətnaməsindən görünür ki, həmin qətnamə ilə uşağın anasının yanında saxlanması müəyyən edilmişdir. Ərizəçi hazırda barışıq sazişinin alimentlə bağlı hissəsinin təsdiq edilməsini tələb edir və öz tələbini onunla əsaslandırır ki, maraqlı şəxs sazişi bu hissədə icra etməmiş, könüllü icra müddəti də bitmişdir. Maraqlı şəxs əvvəlki məhkəmə iclasında iştirak etsə də, ərizəçinin tələbinə əksarqument gətirməmiş, sadəcə, ərizənin təmin edilməməsini xahiş etməklə kifayətlənmişdir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq, hesab edir ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olmadığından, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmadığından ərizə təmin edilməli, sözügedən barışıq sazişi ərizədə göstərilən hissələrdə təsdiq edilməlidir. Məhkəmə onu da qeyd edir ki, ərizədə göstərilən tələb barışıq sazişinin təsdiq edilməsi olsa da, mübahisənin mahiyyətini uşağın saxlanması üçün alimentin tutulması təşkil edir və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, alimentlərin alınmasına dair qətnamələr dərhal icra edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, bu qətnamə də nəticə etibarilə özündə alimentin alınmasını ehtiva etdiyindən, dərhal icra edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə, mediasiya prosesində bağlanmış barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 06 sentyabr 2023-cü il tarixdə mediator X4 iştirakı ilə bağlanmış barışıq sazişi aşağıda göstərilən hissələrdə təsdiq edilsin: - Ata Maraqlı şəxs övladı xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 220 manat aliment və 3 yaşına çatana qədər saxlanılması üçün 60 manat ödəməyi öhdəsinə götürür. - Maraqlı şəxs alimenti hər ayın 25-dən 30-dək Ərizəçi bank kartına ödəyəcəkdir. - Alimentin ödənilməsi xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar