Məhkəmə qərarları › İş №2(3-9)-1113/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1113/2026

09.09.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1113/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadından (hakim Orxan Bayramov) maraqlı şəxs tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Ərizəçi ilə X3 arasında ##.##.2015-ci ildə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Rəsulov, arvada Rəsulova soyadları verilmişdir. Birgə nikahdan tərəflərin ##.##.2016-da X1, ##.##.2019-di isə X2 adlı iki uşaqları olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqların anaları Maraqlı şəxs yanında qalmaları müəyyən olunmuş və ##.##.2022-ci il tarixindən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə görə 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində alimentin Ərizəçi tutularaq Maraqlı şəxs ödənilməsi qət edilmişdir. İddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “atanın razılığı olmadan uşaqların ölkə hüdudlarından kənara aparılmasına icazə verilməsi” tələbinə dair iddiası Hacıqabul Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə təmin edilmişdir. Cavabdehin apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, 2(106)-557/2025 qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərarı ilə təmin edilməmimşdir. Uşaqlarla ünsiyyət hüququnun təmin olunması məsələsi üzrə ##.##.2023-cü il tarixdə tərəflər arasında mediasiyada barışıq sazişi bağlanmışdır. Sazişin şərtlərinə sasən tərəflər Ərizəçi övladları ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2019-cu il təvəllüdlü X2 ilə həftədə 2 dəfə olmaqla (cümə və şənbə) ünsiyyətdə olması və Ərizəçi Maraqlı şəxs razılığı ilə övladları ilə həftəarası, dərs saatları xaric, məhdudiyyət olmadan saat 17:00-21:00 arası (uşağın təhsil, tərbiyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) ünsiyyətdə olması barədə razılığa gəlmişlər. Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi Hacıqabul Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)- ***/**** saylı qətnaməsi ilə təmin edilmiş, barışıq sazişi təsdiq edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. *(***)-***/**** saylı mülki iş üzrə maraqlı şəxs Maraqlı şəxs vəkili, eyni zamanda nümayəndəsi Vəkil/Nümayəndə İkram oğlu ##.##.2026-cı il tarixdə ərizə ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək qətnaməyə aşağıdakı məzmunda izah verilməsinin mümkünlüyünə baxılmasını xahiş etmişdir: - Uşaqlar X1 və X2 anaları Maraqlı şəxs ilə birlikdə xarici ölkədə (Türkiyə Respublikasında) olduqları müddət ərzində ataları Ərizəçi ilə ünsiyyətin distant/elektron formada və s. formada həyata keçirilməsi mümkün hesab edilsin. Ərizə onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Həmin qətnaməyə əsasən, Ərizəçi övladları ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2019-cu il təvəllüdlü X2 ilə həftədə 2 dəfə (cümə və şənbə günləri), habelə Maraqlı şəxs razılığı ilə həftəarası, dərs saatları xaric, məhdudiyyət olmadan saat 17:00-21:00 arası (uşağın təhsil, tərbiyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) ünsiyyətdə olması müəyyən edilmişdir. Məhkəmə qətnaməsi dərhal icraya yönəldilmişdir. Lakin hazırda sözügedən qətnamənin icrası zamanı onun tətbiqi və icra qaydası ilə bağlı tərəflər və icra qurumu arasında ciddi qeyri-müəyyənlik yaranmış, nəticədə borclu Maraqlı şəxs qətnaməni icra etməkdən qəsdən yayınması kimi yanlış təəssürat formalaşmışdır. Bu səbəbdən qətnamənin izah edilməsi zərurəti yaranmışdır. İlk olaraq qeyd edilməlidir ki, uşaqların analarının yanında qalmaları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli *(***)****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. Daha sonra Maraqlı şəxs Ərizəçi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncunun icazəsi olmadan övladları ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara getmək hüququ verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Hacıqabul Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayəti verilmiş, lakin Ali Məhkəmənin *(***)-****/**** nömrəli, ##.##.2025 ci il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsinə əsaslanaraq və özünün konstitusion hüquqlarından istifadə edərək, Maraqlı şəxs azyaşlı övladları ilə birlikdə təhsil məqsədilə Türkiyə Respublikasına getmiş və hazırda uşaqlarla birgə orada yaşayır. Uşaqların Azərbaycan Respublikasının hüdudlarından kənarda anaları ilə birlikdə yaşaması qanuni qüvvəyə minmiş məhkəmə qərarları çərçivəsində reallaşdırıldığı üçün bu hal ananın qanunsuz hərəkəti və ya icradan qəsdən yayınması kimi qiymətləndirilə bilməz. Bununla belə, uşaqların hazırda Türkiyə Respublikasında fiziki olaraq məskunlaşması Hacıqabul Rayon Məhkəməsinin uşaqla ünsiyyətə dair təsdiq etdiyi *(***)-***/**** nömrəli qətnaməsinin icra üsulunu qeyri-müəyyən vəziyyətə gətirmişdir. Qətnamədə müəyyən edilmiş fiziki ünsiyyət rejiminin (həftədə iki dəfə cümə və şənbə günləri, habelə həftəarası saat 17:00-21:00 arası fiziki görüşlərin) uşaqların xaricdə, tələbkarın isə Azərbaycanda yaşadığı hazırkı real şəraitdə icra edilməsi obyektiv səbəblərdən qeyri-mümkündür. Qeyd edilməlidir ki, borclu Maraqlı şəxs uşaqların atası ilə ünsiyyət hüququnu tam qəbul edir və buna heç bir maneə yaratmaq niyyəti yoxdur. Lakin uşaqlar xaricdə olduğu üçün bu ünsiyyətin qətnamədə təsbit olunmuş formada fiziki olaraq həyata keçirilməsi qeyri-mümkündür və hazırda yalnız distant/elektron formada (telefon, videozəng və s.) icra edilə bilər. Təəssüf ki, qətnamənin nəticə hissəsində uşaqların qanuni əsaslarla xarici ölkədə olduğu müddətdə ünsiyyət hüququnun məhz bu cür distant/elektron formada həyata keçirilməsinin mümkünlüyü məsələsi açıq qalmışdır. Bu qeyri-müəyyənlik isə icra məmuru tərəfindən borclunun axtarışa verilməsi barədə əsassız qərarın qəbul edilməsinə və tərəflər arasında lazımsız hüquqi mübahisələrə yol açır. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qətnamə ilə atanın övladı ilə ünsiyyətdə olmaq qaydası müəyyən edilmiş, daha sonra isə ana övladı ilə birlikdə başqa ölkəyə getmişdir. Ərizəçi uşağın ölkə hüdudlarından kənarda olduğu vaxt ərzində ünsiyyət prosesinin necə olması barədə qətnaməyə izah verilməsini xahiş etmişdir. MPM-in 230.1-ci maddəsinə görə məhkəmə qətnaməni yalnız onun məzmununu dəyişdirmədən izah edə bilər. Yəni izah vasitəsilə əvvəlki qətnamədə nəzərdə tutulmayan yeni ünsiyyət forması, yeni müddət və ya yeni icra qaydası müəyyən edilə bilməz. MPM-in 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməni onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin normanın məzmunundan göründüyü kimi, qətnamənin izah edilməsinin məqsədi qətnamənin məzmununda mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılması, onun hansı qaydada başa düşülməli və icra edilməli olduğunun aydınlaşdırılmasıdır. İzah yolu ilə qətnamənin məzmununun dəyişdirilməsi, əvvəl müəyyən edilməmiş yeni hüquq və vəzifələrin yaradılması və ya qətnamənin icra qaydasının mahiyyətcə yenidən müəyyən edilməsi yolverilməzdir. Hazırkı halda isə ərizəçinin xahişi qətnamədə mövcud olan hər hansı anlaşılmazlığın və ya qeyrimüəyyənliyin aradan qaldırılmasına deyil, uşağın ölkə hüdudlarından kənarda olduğu yeni şəraitdə ata ilə ünsiyyətin hansı formada, hansı vasitələrlə və hansı qaydada həyata keçirilməsinin müəyyən edilməsinə yönəlmişdir. Başqa sözlə, qətnamənin qəbul edildiyi vaxt mövcud olan və məhkəmə tərəfindən qiymətləndirilərək müəyyən edilmiş ünsiyyət qaydasının sonradan yaranmış faktiki vəziyyətə – uşağın başqa ölkədə olmasına uyğunlaşdırılması mahiyyət etibarilə qətnamənin izah edilməsi deyil, onun məzmununun və icra mexanizminin dəyişdirilməsi demək olardı. Qətnamənin izah edilməsi institutu məhkəməyə sonradan yaranmış yeni halları nəzərə alaraq əvvəl müəyyən edilmiş ünsiyyət qaydasına əlavələr etmək və ya yeni ünsiyyət forması müəyyən etmək səlahiyyəti vermir. Qərardaddan maraqlı şəxs Maraqlı şəxs vəkili, eyni zamanda nümayəndəsi Vəkil/Nümayəndə İkram oğlu şikayət verərək ləğv edilməsini, qətnaməyə izah verilməsinə dair ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə qətnaməyə izah verilməsi barədə ərizə ilə müraciət edən şəxs iş üzrə maraqlı şəxs Maraqlı şəxs olmuşdur. Ərizənin mahiyyəti ondan ibarət idi ki, uşaqlar digər qanuni məhkəmə qətnaməsi ilə xaricdə olduğundan uşaqla ünsiyyət qətnaməsinin icra üsuluna (distant/elektron icra) izah verilsin. Lakin Hacıqabul Rayon Məhkəməsi çıxardığı ##.##.2026-cı il tarixli qərardadın giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinin hər birində müraciət edən ərizəçi kimi Ərizəçi göstərmişdir. Məhkəmə borclu tərəfin hüquqi təşəbbüsünü, təqdim etdiyi ərizəni, onun dəlillərini və hüquqi marağını ümumiyyətlə icraatına alıb qiymətləndirməmiş, sanki ərizəni qarşı tərəf veribmiş kimi məhkəmə aktı tərtib etmişdir. Məhkəmə aktında ərizəçinin prosessual statusunun və müraciətin subyektiv tərkibinin bu dərəcədə köklü şəkildə təhrif olunması sadəcə adi mexaniki və ya formal texniki xəta kimi qəbul edilə bilməz. Məhkəmənin müraciət edən tərəfi belə açıq-aşkar səhv identifikasiya etməsi Maraqlı şəxs konstitusion müraciət hüququnun mahiyyətcə iflic olunması, onun fərdi hüquqi mövqeyinin gözardı edilməsi və təqdim olunmuş ərizəyə obyektiv, hərərəfli və fərdi qaydada baxılmasının açıq şəkildə təmin olunmamasıdır. Bununla yanaşı, məhkəmə eyni gündə (##.##.2026-cı il tarixdə) baxdığı iki müxtəlif mülki iş üzrə (*(***)-***/**** saylı və e-*(***)-***/**** saylı) şablon, birəbir eyni mətni köçürməklə qərardadlar qəbul etmişdir. Məhkəmə uşaqla ünsiyyətə dair *(***)- ***/**** saylı iş üzrə Maraqlı şəxs ərizəsində qoyulmuş spesifik hüquqi faktları və işin özünəməxsus mahiyyətini tamamilə görməzdən gəlmişdir. Məhkəmə uşaqların qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Türkiyə Respublikasında məskunlaşması faktını və həmin şəraitdə atanın uşaqlarla həftədə iki dəfə fiziki ünsiyyətdə olmasının obyektiv olaraq imkansızlığını nəzərə almamışdır. Məhkəmə qətnamənin nəticə hissəsindəki fiziki ünsiyyət rejiminin faktiki olaraq xarici ölkədə yaşayan uşaqlara münasibətdə icra olunma mexanizmini və praktiki imkanlarını dərindən araşdırmaq əvəzinə, digər işin mətni ilə eynilik təşkil edən səthi, ümumi və formal mülahizələrlə kifayətlənmişdir. Əlavə olaraq məhkəmə qərardadın əsaslandırıcı hissəsində qeyd edir ki, guya izah verilərsə, “yeni ünsiyyət forması” və ya “yeni icra qaydası” müəyyən edilmiş olar ki, bu da MPM-in 230.1-ci maddəsinin tələblərinə ziddir. Lakin məhkəmənin bu nəticəsi hüquqi cəhətdən yanlış və əsassızdır. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş e-*(***)- ***/**** saylı qətnaməsi ilə uşaqların anası ilə birlikdə xarici ölkəyə aparılmasına icazə verilmişdir. Maraqlı şəxs uşaqları qanunsuz gizlətməməkdədir, o, dövlətin adından çıxarılmış qanuni məhkəmə aktına əsaslanaraq təhsil məqsədilə müvəqqəti olaraq Türkiyə Respublikasında yaşayır. Lakin hazırda *(***)-***/**** saylı qətnamədə müəyyən olunmuş “həftədə 2 dəfə (cümə və şənbə) fiziki görüş” rejimi uşaqların xaricdə, atanın isə Azərbaycanda olduğu şəraitdə obyektiv və fiziki olaraq icra olunmazdır. Qətnamədə atanın ünsiyyət hüququ təsbit olunsa da, uşaqların xarici ölkədə olduğu dövrdə bu hüququn hansı icra üsulu (forması) ilə həyata keçiriləcəyi açıq ifadə edilməmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, Maraqlı şəxs uşaqların ata ilə ünsiyyət hüququnu tamamilə tanıyır və onu heç bir halda təkzib etmir. Ərizəçinin məhkəmə qarşısında qoyduğu müraciətin məqsədi qətnamənin mahiyyətini və ya tərəflərin hüquq və vəzifə həcmini dəyişdirmək deyil, qətnamənin nəticə hissəsindəki ünsiyyət hüququnun uşaqların qanuni əsaslarla xarici ölkədə olduğu müddət ərzində distant/elektron (telefon əlaqəsi, videozəng və s.) formada həyata keçirilməsinin mümkünlüyünün izah edilməsi və icra qeyri-müəyyənliyini aradan qaldırılmasıdır. Məhkəmənin gözardı etdiyi mühüm məsələ ondan ibarətdir ki, ünsiyyətin distant/elektron vasitələrlə təmin edilməsi yeni bir hüquq yaratmır, sadəcə obyektiv səbəblərdən fiziki olaraq yan-yana gələ bilməyən subyektlər arasında mövcud ünsiyyət hüququnun icra olunma mexanizmini aydınlaşdırır. Birinci instansiya məhkəməsinin məsələyə bu cür formal yanaşaraq izah verməkdən imtina etməsi icra məmurunun icraatda çətinlik çəkməsinə, borclunun haqsız olaraq “qətnaməni icra etməkdən yayınan şəxs” kimi qiymətləndirilməsinə, haqqında əsassız prosessual məcburiyyət tədbirlərinin (axtarış və s.) tətbiq edilməsinə şərait yaratmışdır. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları ilə birlikdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. MPM-in 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2005-ci il tarixli Qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarının 3.2-ci bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Kollegiya şikayətin dəlillərini və iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi izah vasitəsilə qətnamədə nəzərdə tutulmayan yeni ünsiyyət forması, yeni müddət və ya yeni icra qaydasının müəyyən olunmasının mümkünsüzlüyünü müəyyən etməkdə haqlı olmuşdur. Əvvəla tərəflərin özləri mediasiyada barışıq sazişi bağlayarkən şərtlərini müəyyən etmişlər və məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılan ərizə üzrə barışıq sazişi həmin şərtlərlə təsdiq edilmişdir. İkincisi tərəfin özünün razılaşdırıb, müəyyən etdiyi şərtlərin təsdiq edilməsinə dair qətnaməyə izah istəməsi anlaşılan deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “'Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## ###### 2024-cü il tarixli qərardadının 39, 44 və 47-ci bəndlərində göstərilənlərə əsasən, mediasıya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Hakimin barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Üçüncüsü məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə MPM-in 230-cu maddəsinə müvafiq olaraq qətnaməyə izah verilməsi yolu ilə deyil, MPM-in 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv olunması üçün əsas ola bilməz, birinci instansiya məhkəməsinin qərardadı ərizəyə münasibətdə əsaslıdır. Qərardadda yol verilmiş maraqlı şəxsin əvəzinə ərizəçinin adının qeyd olunması kimi aşkar texniki səhvlər mahiyyəti etibarı ilə düzgün qərardadın ləğvi üçün əsas deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 397, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: İlham Əsədov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar