Məhkəmə qərarları › İş №2(001)-1446/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1446/2022

22.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1446/2022 22.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 21 sentyabr 1997-ci il təvəllüdlü X7 13 dekabr 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum oğlu 21 sentyabr 1997-ci il təvəllüdlü X10 13 dekabr 2021-ci il tarixdə evdə vəfat etmişdir və həmin vaxt tərəfindən təcili tibbi vardım çağırılmışdır. Təcili və X2 Stansiyası tərəfindən müşayiət vərəqəsi verilmişdir və müşayiət vərəqəsində həkiməqədər ölüm - kişi cinsli meyit aşkar edilməsi göstərilmişdir. Mərhum Binəqədi rayon Binəqədi qəsəbəsi kənd qəbrirstanlığında dəfn edilmişdir. Mərhumun 13 dekabr 2021-ci il tarixdə dəfn edilməsi barədə X3 tərəfindən 28 dekabr 2021-ci il tarixdə arayış verilmişdir. Tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət edilmişdir, lakin ölüm, haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyətı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. O, hüquqlarını bilmədiyindən oğlu vəfat edərkən vaxtında poliklinikaya müraciət etməmişdir və bu səbəbdən də həkinin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktublarında iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin həyat yoldaşı, mərhumun isə anasıdır. O, 13 dekabr 2021-ci il tarixdə bacısıgilə getmişdir. Həmin günü saat 14:00 radələrində oğlu Mahinlə telefonla danışmışdır. Təxminən 1 saat sonra həyat yoldaşı ona zəng vurmuşdur ki, təcili evə gəlsin uşağının halı pisləşib. O, evə gedəndə artıq gec idi, oğlu vəfat etmişdir. Təcili tibbi yardım çağırsalar da ,faydası olmamışdır. X4 Kənd qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum Əliyev Mahin onun bibisinin nəvəsidir. O, ərizəçi ilə eyni binada yaşayır. 13 dekabr 2021-ci il tarixdə günorta saatlarında o, nəvələrini məktəbdən evə gətirmək üçün məktəbə getmişdir. Həmin vaxt, təxminən 15:00 radələrində qonşusu ona zəng edərək bildirmişdir ki, hadisə baş verib, təcili evə gəlsin. O, gələndə Mahinin vəfat etdiyini görmüşdür. X5 Kənd qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qapı qonşusudur. 13 dekabr 2021-ci il tarixdə, saat 15:00 radələrində səs-küy eşidib mənzilindən çıxanda Mahinin vəfat etdiyini öyrənmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 21 sentyabr 1997-ci il tarixdə doğulmuşdur. Təcili və X2 Stansiyası tərəfindən verilmiş müşayiət vərəqindən görünür ki, 13 dekabr 2021-ci il tarixdə Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, ev 33, mənzil 108-də X7 meyidi aşkar edilmişdir. Bakı şəhəri Binəqədi rayonu X1 28 dekabr 2021-ci il tarixli arayışından görünür ki, X10 həqiqətən də 13 dekabr 2021-ci il tarixdə Binəqədi rayonu Binəqədi qəsəbəsinin Kənd qəbrstanlığında dəfn edilmişdir. 25 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli məktubun surətindən görünür ki, X10 heç vaxt xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmişdir və ölümün səbəbi məlum olmadığna görə ölüm haqqında şəhadətnamə verilməmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 29 dekabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, onun vəfat edən oğlu X10 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X7 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin oğlu X10 13 dekabr 2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmiş, lakin ərizəçinin oğlunun ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 21 sentyabr 1997-ci il təvəllüdlü X7 13 dekabr 2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21 sentyabr 1997-ci il təvəllüdlü X7 13 dekabr 2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar