Məhkəmə qərarları › İş №2(001)-1476/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1476/2022

29.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1476/2022 29.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, X3 29 oktyabr 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək əri X3 29 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 27 noyabr 1935-ci il təvəllüdlü əri X7 da ölüm anınadək onunla birgə həmin ünvanda yaşamışdır. 29 oktyabr 2021-ci il tarixdə ərinin halı qəfil pisləşmiş, onlar təcili tibbi yardım çağırmışlar. Lakin, tibbi yardım işçiləri ünvana gələnədək əri beyninə qan sızmadan vəfat etmişdir. 30 oktyabr 2021-ci il tarixdə mərhum əri Bakı şəhəri Qaradağ rayonunda yerləşən Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında dəfn edilmişdir. Bundan sonra o, ərinin ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, Ərizəçi ərizəsinin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, mərhum Arif Sadıxovun qızıdır. Atası 29 oktyabr 2021-ci il tarixdə yaşadığı evdə insult keçirərək vəfat etmiş, səhəri gün Qaradağ rayonundakı qəbistanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 mərhumun kürəkəni olduğunu bildirib digər şahidin ifadəsinə uyğun ifadə verdi. Mülki iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Sadıxova X1 arvadıdır. - Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 29 oktyabr 2021-ci il tarixdə, saat 14:40-da Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 9, mənzil 40 ünvanında 86 yaşlı X3 meyiti aşkar edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri tərəfindən verilmiş 06 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, X2 rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında 30 oktyabr 2021-ci il tarixdə dəfn olunmuşdur. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 15 yanvar 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün onun adına ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. - Ambulator kartadan çıxarışda göstərilmişdir ki, X7 15 saylı poliklinikaya müraciət etmədiyindən ölüm haqqında arayışın verilməsi mümkün olmamışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X7 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi əri X3 29 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində keçirdiyi insultdan vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 27 noyabr 1935-ci il tarixdə doğulmuş X3 29 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar