Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1529/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qeyri-qanuni hesab edilməsi, “Hyundai Sonata” markalı, AZ**-GE-*** qeydiyyat nişanlı avtomobilin üzərində mülkiyyət hüququnun tanınması, avtomobilin və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Bakı şəhərində qeydiyyatı olmadığı üçün, uzaq qohumu olan və ünvan 3 mənzil 18 ünvanında yaşayan Cavabdeh adına Bakı şəhəri, Babək prospektində yerləşən avtosalonların birindən dəyəri 23600 manat olan “Hyundai Sonata” markalı, 90GE970 dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş kimi 12.000 manat ödəməklə qalan məbləği 3 il ərzində aylıq 410 manat olmaqla almışdır. Avtomaşınla bağlı kreditin məbləği tam olaraq iddiaçı tərəfindən “xxxxxx” İKB ASC-yə ödənilmişdir. Avtomobil Cavabdeh mülkiyyətində olduğundan Cavabdeh iddiaçıya avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Avtomobil faktiki olaraq iddiaçının istifadəsində olmuş, pulu tam olaraq iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, bir neçə gün bundan əvvəl Sabirabad rayon Polis Şöbəsinin Yol Patrul xidmətinin əməkdaşlar tərəfindən iddiaçıya bildirilmişdir ki, avtomobillə bağlı iddiaçıya verilmiş etibarnamə Cavabdeh tərəfindən ləğv edilmiş, bu səbəbdən avtomobil cərimə meydançasına yerləşdirilməlidir. Göründüyü kimi, Cavabdeh avtomobilin rəsmi olaraq adında olmasından istifadə edib faktiki avtomobili mənisəmiş, bununla da iddiaçıya külli miqdarda zərər vurmuşdur. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Z.G.Niftəliyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3, X5 və X7 izahatlarında avtomobilin İddiaçı tərəfindən istifadə edildiyini, avtomobilin alınmasında iştirak etmədiklərini bildirdilər. İş materiallarında olan: AB seriyalı, 828858 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Hyundai Sonata” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomoil Cavabdeh mülkiyyətindədir. ƏN-İİ seriyalı, 795216 nömrəli, xx xxxxxx 2013-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh mülkiyyətində olan “Hyundai Sonata” markalı, AZ**-GE-*** qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı avtomobili idarə etmək səlahiyyəti qeydiyyata alınmışdır, etibarnamənin qüvvədə olma tarixi kimi xx xxxxxx 2022-ci il göstərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, habelə şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İşin halları Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iddia ərizəsində tələb olunan əmlakın iddiaçının mülkiyyətində olması sübut olunmur. Belə ki, iş materiallarında olan ƏN-İİ №795216 nömrəli etibarnamədən belə müəyyən olunur ki, 90GE970 dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobilin mülkiyyətçisi Cavabdehdur və mübahisəli avtomobilin onun qanunsuz sahibliyində olması iş üzrə müəyyən edilmir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla yanaşı tərəflər arasında avtomobilin iddiaçının mülkiyyətinə verilməsinə dair öhdəliyinin yaranması ilə bağlı hər hansı müqavilənın mövcudluğu işin məhkəmə araşdırılması ilə müəyyən olunmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin izahatlarına münasibətdə məhkəmə qeyd edir ki, şahidlər hər biri ayrı-ayrılıqda avtomobili İddiaçı tərəfindən istifadə edildiyini bildirsələr də, avtomobilin alınmasında iştirak etməmiş, avtomobil alınarkən iddiaçı ilə cavabdeh arasında baş vermiş hər hansı şifahi razılaşmadan məlumatsızdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması və avtomobilin qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1529/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1529/2020
20.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver