Məhkəmə qərarları › İş №2(001)-1668/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1668/2022

06.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1668/2022 06.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanda yerləşən və paylı mülkiyyətdə olan 76 saylı torpaq sahəsinin onunla cavabdehlər arasında 7/17 hissədə payına uyğun olaraq naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Şota Rustaveli küçəsi, 75 saylı sahənin 7/17 hissəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmiş və xx.xx.2021-ci il tarixində çıxarış verilmişdir. Torpaq sahəsinin 6/17 hissəsi X1, 2/17 hissəsi Cavabdeh2, 2/17 hissəsi Cavabdeh3 adına paylı mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. Paylı mülkiyyətdə olan əmlakının idarə edilməsində, həmçinin hüquqlarının həyata keçirilməsində digər mülkiyyətçilərlə mübahisələr yaranır və bu səbəbdən də mülkiyyət hüquqlarının sərbəst həyata keçirilməsində maneçilik yaranır. Həmin torpaq sahəsinin 7/17 hissədə olmaqla ona aid hissəsinin ayrılaraq naturada bölünməsi mümkündür, ayrıca giriş-çıxışa malikdir və naturada bölündüyü təqdirdə cavabdehlərə də ayrıca giriş-çıxışın yaradılması şəraiti vardır. Lakin cavabdehlərlə aralarında mülkiyyətin idarə edilməsi barədə razılığa gəlinməmişdir və onun bir mülkiyyətçi kimi əmlakdan sərbəst şəkildə istifadə etmək hüquqları məhdudlaşmışdır. O cavabdehlərə paylı mülkiyyətdə olan torpaq sahəsinin hissələrə uyğun naturada bölünməsini şifahi olaraq təklif etsə də, cavabdehlər buna razılıq verməmişlər. Torpaq sahəsi naturada bölündüyü təqdirdə həmin sahədən istifadə qaydaları da müəyyən edilmiş olacaqdır və hər bir mülkiyyətçinin öz payına uyğun qaydada istifadə etməsinə şərait yaradacaqdır. Məhkəmə iclasında həm iddiaçının nümayəndəsi, həm də iddiaçının vəkili iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bildirmişlər ki, tərəflər arasında torpaq sahəsinin naturada bölünməsi mümkündür, bu barədə ekspertiza tədqiqatı keçirilmişdir, tərəflər arasında bununla bağlı mübahisə yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər, əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2, Cavabdeh1 izahatlarında bildirmişlər ki, mübahisələndirilən torpaq sahəsi onlarla, o cümlədən digər cavabdeh anası Cavabdeh3 ilə iddiaçının paylı mülkiyyətindədir. Torpaq sahəsində 2 ev vardır biri onların, digəri isə iddiaçınındır. Hər evin öz girişi çıxışı vardır və iddiaya etiraz etmirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh3 məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə onu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatına, işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək o qənaətə gəlir ki, mülki iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 1, 76 saylı sahədə yerləşən 184 kv.m torpaq sahəsi tərəflərin paylı mülkiyyətindədir və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində 105556 nömrə ilə xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır. İddiaçı paylı mülkiyyətin istifadə və idarə edilməsində mülkiyyətçilər arasında ixtilafın olduğunu və bu səbəbdən onun payının naturada ayrılmasını tələb etsə də, lakin həm məhkəmə iclasında iştirak etmiş cavabdehlərin izahatlarından, həm ekspertiza rəyindən, həm yerində müayinədən müəyyən edilmişdir ki, bununla bağlı hər hansı mübahisə yoxdur. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2022-ci il tarixli, 10/2114 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqat obyektinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, torpaq sahəsi faktiki vəziyyətdə bir tərəfdən yol ilə digər tərəflərdən qonşu sahələri ilə əhatə olunaraq üzərində 2 ədəd fərdi yaşayış evi inşa edilmişdir. Faktiki vəziyyətdə iddiaçının istifadəsində olan sahə cavabdehlərin istifadə etdikləri sahədən təcrid şəkildə ayrı olmaqla ayrıca giriş-çıxış qapısı mövcuddur. Faktiki olaraq iddiaçının istifadə etdiyi torpaq sahəsi çıxarışda göstərilən torpaq sahəsinin cənub istiqamətində yerləşməklə 75 kv.m təşkil edir və sərhəd hasarı ilə digər sahələrdən ayrılmışlar. Bu səbəbdən ekspert iddiaçının digər şəxslərdən təcrid edilmiş faktik istifadə etdiyi sahəyə uyğun olaraq torpaq sahəsinin bölgü sxemini tərtib etmiş və həmin sxemə uyğun olaraq payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu barədə nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsində onun sahibliyində olan sənədsiz ev mövcuddur, həmin evin cavabdehlərə məxsus torpaq sahəsindən təcrid olunmaqla ayrıca giriş-çıxışı vardır, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində isə ayrıca girişi-çıxışı olan fərdi yaşayış evi mövcuddur. Hər iki ev bir birindən sərhəd hasarı ilə ayrılmışdır. Bundan başqa həm iddiaçı tərəf, həm məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər torpaq sahəsinin faktiki olaraq öz aralarında ayrıldığını və bununla bağlı mübahisə olmadıqlarını qəbul etmişlər. Göründüyü kimi iddiaçı paylı mülkiyyətin mülkiyyətçiləri arasında payın ayrılması ilə bağlı mübahisə olduğunu bildirsə də, işin müəyyən edilmiş halları ilə bu təqzib edilir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu məqamda qeyd edilməlidir ki, qanunvericiliyin aşağıda sadalanan normalarından göründüyü kimi, istənilən fiziki və ya hüquqi şəxs pozulmuş hüquqlarını müdafiə etmək və ya hüquqlarını təsdiq etdirmək üçün məhkəməyə müraciət edə bilər. Bu anlamda məhkəmə müdafiəsi mübahisəli hüquq münasibətlərindən irəli gəlməlidir. Yəni məhkəmədə hüquqların müdafiəsi ilə bağlı tələb irəli sürmək üçün digər tərəf onun hüquqlarını pozmalı və onun pozulmuş hüquqlarının bərpasından yayınmalıdır ki, tərəflər arasında mübahisə yaranmaqla məhkəmədə iş başlanılması üçün əsas olsun. Çünki Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. Hazırki tələbdə isə iddiaçının əldə etməyə çalışdığı hüquqi nəticə baxımından iddianın predmeti qeyri-müəyyəndir. Halbuki MPM-nin 153.2.1 və 261.0.1-ci maddələrinə müvafiq olaraq ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Bununla bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər; 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir; 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, əldə etməyə çalışdığı hüquqi nəticə faktiki olaraq naturada ayrılmış torpaq sahəsinə yeni Çıxarış almaqdan və ya faktiki olaraq naturada ayrılmış torpaq sahəsində yerləşən tikiliyə hər hansı hüquq müəyyənedici sənəd almaqdan ibarətdirsə bununla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır. Bundan başqa ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti də iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir(Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100(bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin(Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar