Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1674/2022 10.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 fevral 1934-cü ildə anadan olmuş X1nın 14 dekabr 2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 14 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Anasının dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu uçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. X1 1 saylı Biləcəri qəbirstanlığında dəfn olunmuşdur. Anasınının ölməsi barədə tibbi arayış olmadığından bügünə kimi onun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamə alınması üçün Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin qurumdan ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli,145 saylı qərarı ilə təsdiq edimiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyatı” qaydalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir və X1nın adına ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə həmin fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, xahiş etdiyi faktın məhkəmə tərəfindən müəyyən olunması vərəsəlik işləri ilə bağlı zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktublarında iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin həyat yoldaşıdır. Onlar mərhum qaynanası ilə bir evdə yaşamışlar. Qaynanasının həm yaşı çox idi, həm də yataq xəstəsi idi. 14 dekabr 2021-ci il tarixdə, saat 16:00 radələrində halı qəflətən pisləşmiş və yerindəcə keçinmişdir. Təcili Tibbi yardımın çağırılmasına baxmayaraq, nəticəsi olmamışdır. Qaynanası Biləcəri qəbirstanlığında dəfn etmişlər. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin oğludur. Mərhum nənəsi onlarla bir evdə yaşayırdı. 14 dekabr 2021-ci il tarixdə anası ona zəng vuraraq nənəsinin vəfat etdiyini və təcili evə gəlməsini bildirmişdir. O, işdən çıxaraq evə getmişdir. Mərhum nənəsini Biləcəri qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin həm dayısı oğlu, həm də bacısının həyat yoldaşıdır. Ərizəçi 14 dekabr 2021-ci il tarixdə ona zəng vuraraq bildirmişdir ki, anası vəfat etmişdir. O da ailəsi ilə birlikdə ərizəçinin evinə gəlmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: AA0827000 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 doğum tarixi 20 fevral 1934-cü ildir. Təcili və X3 Stansiyasının 9 saylı Bölməsi tərəfindən verilmiş 14 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, 14 dekabr 2021-ci il tarixdə, saat 16:30-da Binəqədi rayonu, Aydınbəyov küçəsi, ev 98-də X4 meyidi aşkar edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 14 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, onun vəfat edən X1 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X4 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 11 yanvar 2022-ci il tarixli arayışından görünür ki, X6 həqiqətən də 14 dekabr 2021-ci il tarixdə 1 saylı Biləcəri qəbirstanlığında dəfn edilmişdir. 10 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli məktubun surətindən görünür ki, X6 06 aprel 1993-cü ildən sonra poliklinikaya heç bir xəstəliklə bağlı müraciət etməmişdir. Həmçinin ölüm arayışının verilməsi Səhiyyə Nazirliyinin 100-cü əmrinə əsasən 3 gün müddətində verilməsinə baxmayaraq yaxınları tərəfindən bir ay müddətində gecikmə olmuşdur. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin X1 14 dekabr 2021ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etmiş, lakin ərizəçinin anasının ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 20 fevral 1934-cü il təvəllüdlü X4 14 dekabr 2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20 fevral 1934-cü il təvəllüdlü X4 14 dekabr 2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1674/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1674/2022
10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver