Məhkəmə qərarları › İş №2(001)-1716/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1716/2025

20.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1716/2025 20.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 xx.xx.2024-cü il tarixində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti 199 ünvanında mənzilin mülkiyyətçisi anası olmuş, xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin dəlillərinə uyğun izahat vermiş və iddanın təmin olunmasını, bununla bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, anası iddia ərizəsində göstərilən ünvanda qeydiyyatda olmuşdur. Hazırda anasının ölmüş olması müəyyən edilmədiyindən, bank kartına pensiya məbləği köçürülür. Halbuki, şəxs öldükdən sonra bu cür fəaliyyətə görə məsuliyyətə cəlb oluna, cərimə edilə bilərlər. Odur ki, pensiya ödənişinin dayandırılması üçün, ölüm faktının müəyyən edilməsi zərurəti vardır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, o, mərhumun əri, ərizəçinin isə atasıdır. Yoldaşı ayın 7-si, ya da 8-i tarixində, yuxudan oyananda yoldaşı bədəninin bir tərəfinin keyidiyi deməklə, ovuşdurmasını xahiş etmişdir. Sonra yerindən durub, mətbəxdə çay dəmləmişdir. Birlikdə çay içmək üçün əyləşmişlər. Özü çörək doğrayan zaman yoldaşı stuldan yıxılmışdır. Oğlunun qonşuluqda yaşayan dostu köməyə gəlmiş, maşına mindirməklə, onları xəstəxanaya aparmışdır. Yolda olanda yoldaşı nəfəs alsa da, xəstəxanaya çatmadan yolda ölmüşdür. Xəstəxanada artıq öldüyünü bildirdiklərindən, onu evə gətirmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı, 07701956 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1959-cu il tarixində Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur. XİV-ЖГ seriyalı, 373401 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 1989-cu il tarixində Bakı şəhərində doğulmuş, atası X6, anası X2r. İİİ-ЖГ seriyalı, 313295 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X4 arasında 22 iyun 1983-cü il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 106 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Abbasova” soyadı verilmişdir. Azərbaycan Respublikası Abşeron Rayon Xərdalan Bələdiyyəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, XB-373 nömrəli arayışda qeyd edilmişdir ki, həqiqətən X5 xx.xx.2024cü il tarixində Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi oğluna ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun mətnində göstərilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında şəhadətnamə təqdim edilmədiyindən, ölümün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Həkimə qədər ölüm halını təsdiq edən 37 № aktdan görünür ki, X5 xx.xx.2024-cü il tarixində ölmüşdür. İddia tələbindən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi təşkil edir. Belə ki, ərizəçi mərhum anasının ölümü ilə bağlı tibbi şəhadətnamənin əldə edilməsinin mümkünsüzlüyünə görə ölüm haqqında şəhadətnamə ala bilmir. Hansı ki, həmin şəhadətnamə ona anası üçün ödənilən pensiyanın dayandırılması üçün və gələcəkdə digər sənədləşdirmə işləri üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən X5 Ərizəçi anasıdır. X1 xx.xx.2024-cü il tarixində ölməsi həm həkimə qədər ölüm halını təsdiq edən akt, həm Xırdalan bələdiyyəsi tərəfindən verilən arayışı, həm də şahid ifadəsi ilə müəyyən edilir. Belə ki, mərhumun ölümünün hansı şəraitdə baş verməsi ilə bağlı isə şahid ətraflı məlumat vermiş və məhkəmə həmin ifadəni mötəbər sübut kimi qəbul etmişdir. Odur ki, xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi anası xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar