Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1748/2021 01.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020- ci il tarixdə yaşadıqları ünvan 1 ünvanında onkoloji xəstəlikdən vəfat etmiş mərhum həyat yoldaşı X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhumun qohumudur. xx xxxxxx 2020-ci il tarixdə X2 yaşadığı evdə olmuşdur və həmin axşam saat 7-8 radələrində X6 əziyyət çəkdiyi xəstəlikdən ölmüşdür. X6 xx xxxxxx 2020-ci il tarixdə Beyləqan rayonu, Günəşli kəndinin məzarlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, mərhumun qardaşıdır. xx xxxxxx 2020-ci il tarixdə ona qardaşının vəziyyətinin pisləşməsi barədə məlumat vermişlər və o, qardaşının Binəqədi rayonunun ərazisində yerləşən mənzilinə gəlmişdir. Həmin vaxt qardaşı artıq ölmüşdür. X6 xx xxxxxx 2020-ci il tarixdə Beyləqan rayonu, Günəşli kəndinin məzarlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X3 mərhumun qızı olduğunu bildirmiş və şahid X4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə, Ərizəçi izahatını, habelə şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1959-cu il tarixdə Cəbrayıl rayonunda doğulmuş X6 Ərizəçi əridir. Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. X6 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölmüşdür. Bu hal həmin tarixdə çağırışa gəlmiş Təcili və X5 Stansiyasının 9 saylı bölməsinin təcili tibbi yardım briqadası tərəfindən aşkar edilmişdir (briqada evdə kişi cinsli meyit aşkar etmişdir). Ərizəçi ölüm haqqında tibbi şəhadətnamə alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsi 9 saylı şəhər Poliklinikasına müraciət etmiş, lakin X2 adına ambulator karta açılmadığından ərizə rədd edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən Bakı şəhəri Maraqlı şəxs də X2 ölümü ilə bağlı akt qeydləri kitabında müvafiq qeydin aparılmasından imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırda ərizə ilə məhkəməyə müraciət edərək, X2 ölüm faktının müəyyən edilməsini xahiş edir. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Göründüyü kimi, Ərizəçi əri xx xxxx 1959-cu il tarixdə Cəbrayıl rayonunda doğulmuş X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Ərizəçi ərinin ölüm faktını təsdiq edən sənədi əldə etmək üçün aidiyyəti tibb müəssisəsinə müraciət etmiş, lakin vaxtında müraciət etməməsi səbəbindən ona bu sənədin verilməsindən imtina edilmişdir. Bu barədə sənəd olmadığından aidiyyəti qeydiyyat şöbəsində də ölüm barədə qeyd aparmaq mümkün olmamışdır. Hüquqi nəticə etibarı ilə ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu sənədin alınması ərizəçiyə əri X2 ölümündən sonra yaranmış bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1959-cu il tarixdə Cəbrayıl rayonunda doğulmuş X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Cəbrayıl rayonunda doğulmuş X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1748/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1748/2021
01.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver