Məhkəmə qərarları › İş №2(001)-1784/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1784/2021

30.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1784/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 qanuni təmsilçisi X2, Cavabdeh2 və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,6 kv.metr olan, 3 otaqlı, 101 nömrəli mənzilə dair Cavabdeh1 MTK ilə digər Cavabdeh2 arasında 2015-ci ildə verilmiş, 01 iyun 2008-ci il tarixli qeyd edilmiş “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlər arasında bağlanmış müqavilədə mənzilin dəyərinin 198.389 manat olduğu göstərilmişdir. Halbuki, bu qiymət həmin sahədə mənzil üçün həddindən artıq yüksək məbləğdir. Bu hal da, mövcud olan digər hallar kimi öz növbəsində müqavilənin etibarsız olmasını təsdiq edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, hələ mənzili almamışdan əvvəl onunla Cavabdeh1 MTK arasında tikinti materiallarının alğı-satqısı ilə bağlı münasibətlər olmuşdur. Lakin mübahisəli mənzil ona tikinti materiallarının əvəzi olaraq verilməmişdir. O, mübahisəli mənzili 01.06.2008-ci il tarixdə 152.000 manat ödəməklə almışdır. Bununla bağlı onunla Cavabdeh1 MTk araslnda müqavilə bağlanmış və mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Həmin vaxt tikinti materiallarına görə Cavabdeh1 MTK-nın ona borcu olmuşdur. Bu borcun əvəzi olaraq Cavabdeh1 MTK onun mənzilini təmir də etməli idi. Ona görə müqavilədə mənzilin 198.389 manat olduğu göstərilmiş, yəni mənzilin qiymətinə təmirin dəyəri də daxil edilmişdir. O, mənzili alan zaman onun mərtəbəsi hələ inşa edilməmişdir. Onun mərtəbəsi 2014-cü ildə hazır olmuş və o, 2015-ci ildə mənzilin təmir edilməsi ilə bağlı işlərə başlamış və təmir bitdikdən sonra həmin mənzilə köçmüşdür. Hazırda həmin mənzildə yaşayır. O, mənzili alan və ya təmir etdirən zaman bu mənzilin hər hansı başqa şəxsə məxsus olması barədə ona məlumat verilməmişdir. Həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilərək, hazırda mübahisələndirilən mənzillə bağlı ona münasibətdə maneələrin törədilməsi Cavabdeh1 MTK-ya qadağan edilmişdir. Bu da bir daha mənzilin ona məxsus olduğunu sübut edir. Hüquq mühafizə orqanlarında mənzilin 2015-ci ildə aldığını bildirməmiş, belə bir izahat verməmiş, həmin izahat onun adından yazılsa da, onun sözlərinə əsasən yazılmamış və o, izahatı oxumamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X6 iddianı qəbul etməyərək, Cavabdeh2 izahatına uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 qanuni təmsilçisi X5 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək (təqdim edilmiş sənəd mülahizə adlandırılsa da iddiaya qarşı etiraz mahiyyətli olduğundan məhkəmə tərəfindən etiraz kimi qiymətləndirilmişdir) məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,6 kv.metr olan, 3 otaqlı, 101 nömrəli mənzil 01.06.2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh2 satılmış və o, həmin mənzilin dəyərini ödəmişdir. Bununla bağlı ona həmin tarixdə pulun ödənilməsini təsdiq edən maliyyə arayışı da verilmişdir. Bundan sonra mənzil ona təhvil verilmişdir. Cavabdeh2 mənzili təmir etdirmiş və hazırda ailəsi ilə birlikdə mənzildə yaşayır. Onun mənzilə hər hansı məbləğdə borcu yoxdur. Əksinə verilmiş tikinti materiallarına görə Cavabdeh1 MTK-nın hələ də ona borcu qalmışdır. Həmin mənzillə bağlı onların arasında məhkəmə mübahisəsi də olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə mənzilin ona məxsus olması bir daha öz təsdiqini tapmışdır. Həmin mənzil İddiaçı satılmamış, X9 adlı şəxs tərəfindən girov kimi verilmişdir. İddiaçı həmin mənzilə görə hər hansı məbləğdə pul ödəməmişdir və Cavabdeh1 MTK-nın ona hər hansı məbləğdə borcu yoxdur. Cavabdeh1 MTK ilə bağlı aparılmış cinayət işi çərçivəsində də iddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və ona dəymiş zərərin əvəzinin ödənilməsi "xxxx" MTK-ya həvalə edilmişdir. Cavabdeh2 isə əksinə mübahisəli mənzilin sahibi kimi tanınmışdır. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 01.06.2008-ci il tarixli müqavilədə göstərilən qiymətə həmçinin, mənzilin təmiri qiyməti də daxil edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı Cavabdeh2 tərəfindən təmin edilmiş şahid X10 məhkəməyə verdiyi ifadəsində Cavabdeh2 ilə eyni mərtəbədə yaşadığını, yaşadığı mənzili 2010-cu ildə aldıqlarını, həmin vaxtdan da Cavabdeh2 gördüyünü və tanıdığını bildirmişdir. Məhkəmə iclasında iştirakı Cavabdeh2 tərəfindən təmin edilmiş şahid X7 məhkəməyə verdiyi ifadəsində Cavabdeh2 ilə bir blokda yaşadığını, yaşadığı mənzili 5 il əvvəl aldıqlarını və 2016-cı ilin mart ayında köçdüklərini, həmin vaxtdan da Cavabdeh2 gördüyünü və tanıdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını, habelə şahidlərin ifadəsini dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında hündürmərtəbəli, çox mənzilli yaşayış binası inşa edilmişdir. 01 iyun 2008-ci il tarixdə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 MTK-dan həmin ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 155,6 kv.m olan 3 otaqlı 101 saylı mənzili onun dəyərini təşkil edən 198.389 manat pulu ödəməklə almışdır. Bu barədə Cavabdeh2 həmin tarixdə maliyyə arayışı verilmiş və Cavabdeh1 MTK-nın üzvlərinin 27.12.2008-ci il tarixdə keçirilmiş ümumi yığıncağında Cavabdeh2 kooperativə üzv qəbul edilmişdir. Daha sonra Cavabdeh1 MTK 14 may 2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən həmin mənzili 62.240 manat məbləğində pula İddiaçı satmış və mənzilin dəyərinin ödənilməsi barədə ona arayış verilmişdir. Həmin mənzil hazırda Cavabdeh2 istifadə və sahibliyindədir, o, mənzili təmir etdirmiş və ailəsi ilə birlikdə mənzildə yaşayır. Hazırda iddiaçı cavabdehlər arasında müqavilənin 2008-ci il tarixdə deyil, həqiqətdə 2015-ci ildə bağlandığını, ilkin sahib kimi qeydə alınması üçün müqavilə üzərində 2008-ci il tarixinin qeyd edildiyini, Cavabdeh2 hüquq mühafizə orqanlarında verdiyi izahatında bu halları etiraf etdiyini, mənzilə görə 154.000 manat ödəməsinə baxmayaraq, müqavilədə 198,389 manat göstərildiyini, mənzilin həqiqətdə ona satıldığını və mənzilin tam dəyərini ödədiyini, bununla bağlı ona maliyyə arayışında da verildiyini bildirir və cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini və Cavabdeh2 mənzildən çıxarılmasını tələb edir. Cavabdeh2 iddianı qəbul etmir, hələ mənzili almamışdan əvvəl onunla Cavabdeh1 MTK arasında tikinti materiallarının alğı-satqısı ilə bağlı münasibətlərin olduğunu, lakin mübahisəli mənzilin ona tikinti materiallarının əvəzi olaraq verilmədiyini, mənzili 01.06.2008-ci il tarixdə 152.000 manat ödəməklə aldığını, bununla bağlı onunla Cavabdeh1 MTk arasında müqavilə bağlandığını və mənzilin dəyərinin ödənilməsi barədə ona maliyyə arayışının verildiyini, həmin vaxt tikinti materiallarına görə Cavabdeh1 MTKnın ona borcunun olduğunu, bu borcun əvəzi olaraq Cavabdeh1 MTK-nın onun mənzilini təmir də etməli olduğunu, ona görə müqavilədə mənzilin dəyərinin 198.389 manat göstərildiyini, yəni mənzilin qiymətinə təmirin dəyərinin də daxil edildiyini, 2015-ci ildə mənzili təmir etdirdiyini, təmir bitdikdən sonra həmin mənzilə köçdüyünü, hazırda həmin mənzildə yaşadığını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli qətnaməsi ilə də mənzilin ona məxsus olduğunun bir daha təsdiq edildiyini, hüquq mühafizə orqanlarında mənzilin 2015-ci ildə aldığını bildirmədiyini, belə bir izahat vermədiyini, həmin izahatın onun sözlərinə əsasən yazılmadığını, izahatı oxumadığını bildirir və iddianın rədd edilməsini xahiş edir. Cavabdeh1 MTK iddianı qəbul etmir, mübahisəli mənzilin 01.06.2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh2 satıldığını, həmin mənzilin dəyərinin onun tərəfindən ödənildiyini, bununla bağlı ona həmin tarixdə pulun ödənilməsini təsdiq edən maliyyə arayışının verildiyini, mənzilin ona təhvil verildiyini, mənzilin onun tərəfindən təmir edildiyini və hazırda ailəsi ilə birlikdə mənzildə yaşadığını, onun mənzilə hər hansı məbləğdə borcunun olmadığını, əksinə verilmiş tikinti materiallarına görə Cavabdeh1 MTK-nın hələ də ona borcunun olduğunu, həmin mənzilin İddiaçı satılmadığını, X9 adlı şəxs tərəfindən girov kimi verildiyini, iddiaçının həmin mənzilə görə hər hansı məbləğdə pul ödəmədiyini və Cavabdeh1 MTK-nın ona hər hansı məbləğdə borcunun olmadığını, Cavabdeh1 MTK ilə bağlı aparılmış cinayət işi çərçivəsində də iddiaçının zərərçəkmiş şəxs kimi tanındığını və ona dəymiş zərərin əvəzinin ödənilməsinin "xxxx" MTK-ya həvalə edildiyini, cavabdeh X4 isə əksinə mübahisəli mənzilin sahibi kimi tanındığını, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 01.06.2008-ci il tarixli müqavilədə göstərilən qiymətə həmçinin, mənzilin təmiri qiymətinin də daxil edildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı iddiası təmin edilmiş, mübahisəli mənzillə bağlı ona münasibətdə maneələrin törədilməsi Cavabdeh1 MTK-ya qadağan edilmişdir. Məhkəmə iclasında ifadəsi alınmış şahid X10 Cavabdeh2 ilə eyni mərtəbədə yaşadığını, yaşadığı mənzili 2010-cu ildə aldıqlarını, həmin vaxtdan da cavabdehi gördüyünü və tanıdığını, şahid X7 isə cavabdehlə bir blikda yaşadığını, yaşadığı mənzili 5 il əvvəl aldıqlarını və 2016-cı ilin mart ayında köçdüklərini, həmin vaxtdan da cavabdehi gördüyünü və tanıdığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 09.02.2018-ci il tarixədək qüvvədə olan redaksiyada 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 337.1-ci maddəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə ilk növbədə qeyd edir təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bununla belə, məhkəmə yuxarıda qeyd edilən müddəaların tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri mümkündür. Belə olan halda, hazırki vəziyyətdə mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan tarix etibarı ilə həmin mənzilə dair ilk müqavilə 2008-ci il tarixdə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış və bu şəxs həmin müqavilə üzrə mənzilin dəyərini təşkil edən pul vəsaitini ödəməklə müqavilə üzrə üzərinə götürmüş əsas öhdəliyini yerinə yetirmişdir. Bundan sonra da mənzil onun tərəfindən təmir etdirilmiş və hazırda o, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Başqa sözlə, Cavabdeh1 MTK-nın həmin mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərini tam ödəməklə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş Cavabdeh2 təhvil verilməsi öhdəliyi əmələ gəlmiş, yəni bu mənzilə münasibətdə ilk olaraq məhz bu şəxsin hüquqları (istifadə, sahiblik və sair hüquqları) yaranmışdır. Mənzildə bu səbəbdən ona təhvil verilmişdir. Cavabdehlər arasında olmuş məhkəmə mübahisəsi üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilin məhz cavabdehə məxsus olması bir daha öz təsdiqini tapmışdır. Nəticə etibarı ilə Cavabdeh1 MTK artıq ona hər hansı aidiyyəti olmayan və başqasının istifadə və sahibliyində olan mənzillə bağlı 2011-ci il tarixdə iddiaçı ilə müqavilə bağlamışdır. Bu baxımdan cavabdehin deyil, əksinə onun müqaviləsi mübahisəli mənzilin təhvil verilməsi hissəsində etibarsızdır. Beləliklə, bir mənzilə dair bir neçə şəxslə müqavilənin bağlanması və bir mənzilin eyni zamanda bir neçə şəxsin istifadə və sahibliyinə verilməsi qeyri mümkün olduğundan, mənzilə dair ilkin müqavilə 2008-ci ildə Cavabdeh2 ilə bağlandığından və hazırda onun istifadəsində və sahibliyində olduğundan məhkəmə hesab edir ki, iddia əsassızdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, mövcud vəziyyətdə hüquqi nəticə etibarı ilə iddiaçı cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Bu hal da öz növbəsində iddianın rədd edilməsini şərtləndirir. Məhkəmə, iddiaçının dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehlər arasında bağlanmış müqavilədə mənzilin 198.389 manat olduğunun göstərilməsi, Cavabdeh2 hüquq mühafizə orqanlarında verdiyi izahatı, habelə iddiaçının mübahisəli mənzilə dair 29.12.2017-ci il tarixdə ilkin müqavilə bağlaması hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar