Məhkəmə qərarları › İş №2(001)-1787/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1787/2024

29.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1787/2024 29.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi Əliyeva (Ələkbərova) Aytən Zülfiqar qızının, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Əliyeva (Ələkbərova) Aytən Zülfiqar qızının (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Əliyeva (Ələkbərova) Aytən Zülfiqar qızı ərizə və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan.02.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) AZN məbləğində alimentin ödənilməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə Gəncə ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə 645 nömrəsi ilə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Xasiyyətlərinin tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Bu səbəbdən Mediasiya Təşkilatına müraciət etmiş və onlar arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Bundan sonra Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2023-cü il tarixli qətnaməyə əsasən nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra Maraqlı şəxs saziş əsasında razılaşdırılmış aliment məbləğini gecikdirməklə ödəmiş, lakin son iki aydır ümumiyyətlə alimentin ödənilməsinə könüllü şəkildə etiraz etmişdir. Məhkəmə iclasında ərizəçi Əliyeva (Ələkbərova) Aytən Zülfiqar qızı ərizəsini müdafiə edərək,ərizədə yazılanlara uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs bildirmişdir ki, barışıq sazışı ilə uşağın saxlanması üçün 220 manat ödəməyi öhdəsinə götürmüş, maddi çətinliklə bağlı ödənişləri gecikdirsə də ödəniş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İV seriyalı 597206 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 07 fevral 2020-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır; X1 vasitəsi ilə Ələkbərova (Əliyeva) Aytən Zülfiqar qızı və Maraqlı şəxs arasında bağlanmış 12 iyun 2023-cü il tarixli MŞB/8/2023-00999 nömrəli barışıq sazişindən görünür ki, birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il təvəllüdlü X2 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır. Ərizəçi birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən ona hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment ödənilməsi ilə razıdır. Bu vəsaitin Maraqlı şəxs təqdim edəcəyi və ona məxsus olan bank hesabına(kartına) ödəniləcəyi ilə razıdır. Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il təvəllüdlü X2 Ələkbərova (Əliyeva) Aytən Zülfüqar qızının (ananın) yanında (himayəsində) qalmasına öhdəlik götürür. Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən Ərizəçi Zülfüqar qızına hər ay 220(iki yüz iyirmi) manat məbləğində aliment ödəməyə dair öhdəlik götürür. Bu vəsaitin Ərizəçi Zülfüqar qızının təqdim edəcəyi və ona məxsus olan bank hesabına(kartına) ödəməyə dair öhdəlik götürür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Əliyeva(Ələkbərova) Aytən Zülfiqar qızı arasında xx.xx.2020-ci il tarixdə Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində akt qeydləri kitabında 645 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. 19 iyun 2023-cü il tarixli və 05 iyul 2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ərizəçi tərəfindən cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 12 iyun 2023-cü il tarixli barışıq sazişinin mübahisələndirilən hissəsinin müddəalarını təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məcburi icrası üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 12 iyun 2023-cü il tarixdə mediator X5 vasitəsi ilə Əliyeva (Ələkbərova) Aytən Zülfiqar qızı ilə Maraqlı şəxs arasında bağlanmış aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin: - Ələkbərova (Əliyeva) Aytən Zülfiqar qızı birgə nikahdan dünyaya gələn xx.xx.2020ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs xx.xx.2023cü il tarixdən etibarən ona hər ay 220(iki yüz iyirmi) manat məbləğində aliment ödənilməsi ilə razıdır. Bu vəsaitin Maraqlı şəxs təqdim edəcəyi və ona məxsus olan bank hesabına(kartına) ödəniləcəyi ilə razıdır. Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən Ələkbərova (Əliyeva) Aytən Zülfüqar qızına hər ay 220(iki yüz iyirmi) manat məbləğində aliment ödəməyə dair öhdəlik götürür. Bu vəsaitin Ələkbərova (Əliyeva) Aytən Zülfüqar qızının təqdim edəcəyi və ona məxsus olan bank hesabına(kartına) ödəməyə dair öhdəlik götürür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar