Məhkəmə qərarları › İş №2(001)-19/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-19/2023

14.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-19/2023 14.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin Halları İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında şifahi razılığa əsasən ona məxsus olan, İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksində saxlanılan 8 atm. həcmli kompressor cihazı, 10 ton həcmi olan xüsusi qurğu soyuducu, soyuducu vitrinlər və sökülərək tərəflərindən alınaraq həmin ərazidə quraşdırılmış metal konstruksiya və LED DİSPLAY İNDUSTRY LİANTRONİCS markalı 256x256 mm. ölçüdə olan monitorun cavabdehlərdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışına əsasən, ½ hissəsi iddiaçıya, ½ hissəsi isə X4 məxsus olan, ümumi sahəsi 4136,6 kv.metr istehsal sahəsi olan, İsmayıllı şəhəri, H.Əliyev pr.7 ünvanında yerləşən əmlak kompleksi ünvan 1iləşdirilmiş 25 may 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən 1090333,34 manata cavabdehlərə satılmışdır. Həmin əmlak kompleksi hazırda “Yaşıl Market” ticarət mərkəzi kimi fəaliyyət göstərir. Həmn əmlakda texniki pasportda olan tikililərdən əlavə iddiaçıya məxsus 8 atmosfer həcmli kompressor cihazı, 10 ton həcmli xüsusi qurğu soyuducu, soyuducu vitrinlər və sökülərək tərəflərindən alınaraq həmin ərazidə quraşdırılmış metal konstruksiya və LED DİSPLAY İNDUSTRY LİANTRONİCS markalı 256x256 mm. ölçüdə olan monitor orada quraşdırılmış vəziyyətdə idi. Alğı-satqı zamanı tərəflər arasındakı şifahi danışığa əsasən, həmin əmlakın dəyəri iddiaçıya ödənildikdən sonra cavabdehlərə qalmalı idi, lakin cavabdehlər alğı-satqı müqaviləsinin bir neçə bəndini pozmaqla yanaşı, şifahi razılaşmanın şərtlərini də pozmuşlar. İddiaçı dəfələrlə iddia ərizəsində göstərilən əmlakın qaytarılmasını tələb etsə də, cavabdehlər həmin əmlakdan istifadə edirlər, onun pulunu iddiaçıya ödəməmişdirlər. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etimdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərmişdir ki, İddiaçı və X2 təsisçisi olduğu "xxxx" MMC "xxxx" ASC ilə kredit müqavilələri bağlayaraq pul götürmüşlər. Göstərilən kredit müqavilələri üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə bankla həmin şəxslər arasında ipoteka müqaviləsi bağlanaraq, əmlak kompleksi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqavilələri üzrə 16 may 2019-cu il tarixə 1090333,34 manat borc öhdəliyi yaranmış və İddiaçı "xxxx" ASC-yə olan borcu ödəyə bilmədiyinə görə hər ay üzərinə faizlər hesablandığını deyərək, təklif etmişdir ki, banka olan borcu bağlansa əmlak kompleksini cavabdehlərin adına rəsmiləşdirə və yeni çıxarış ala bilər. Razılaşdıqdan sonra bank 16 may 2019-cu il tarixdə notariat ofisinə məktub ünvanlayaraq qeyd etmişdir ki, ipoteka predmeti olan əmlak kompeksinin ipotekada qalmaqla və predmetin özgəninkiləşdirilməsindən əldə olunan vəsaitin bank, notarial, vergi, dövlət rüsumu və s. məcburi dövlət ödənişləri və xərcləri çıxıldıqdan sonra "xxxx" MMC-nin ləğv prosesində olan "xxxx" ASC qarşısında bütün kredit müqavilələri üzrə 16 may 2019-cu il tarixinə olan ümumilikdə 1090333,34 manat borc öhdəliyinin icra edilməsi məqsədilə məbləğin qeyd olunan bank və hesablaşma hesabına köçürülməsi şərtilə özgəninkiləşdirilməsinə etiraz etmir. Bundan sonra İddiaçı digər payçının verdiyi etibarnamədən istifadə edərək əmlak kompleksini alğı-satqı yolu ilə 1090333,34 manata cavabdehlərə satmışdır. Alğı-satqı müqaviləsi bağlanan ərəfədə İddiaçı bildirmişdir ki, bankla razılıq əldə etmişdir ki, banka olan borcun 500000 manatın notariusun bankda açılan depozit hesabı vasitəsi ilə, qalan 590333,34 manat məbləği isə kredit müqaviləsinin müddəti bitmədiyindən ödəniş qrafikinə əsasən ödəyəcəyinə görə onun özünə verilsin, əmlak kompleksinin cavabdehlərin mülkiyyətində olmasına dair ipotekadan azad çıxarış alacaqdır. Ona görə də, göstərilən məbləğdən 500000 manatı notariusun bankdakı depozit hesabına, qalan 590333,34 manatı isə Satıcıların "xxxx" ASC-yə olan öhdəliyinin icrası üçün şəxsən İddiaçı ödənilmişdir. Bundan sonra cavabdehlər əmlak kompleksində əsaslı təmir-tikinti işləri gördürərək ora təxminən ******* manat vəsait sərf etməklə fəaliyyətə başlamışlar. Sonradan məlum olmuşdur ki, iddiaçıya ödənilmiş 590333,34 manat məbləğdən banka qalan borc ödəniş cədvəlinə uyğun ödənilmir. İddiaçı qalan kredit borcunun hansı səbəbdən ödənilmədiyinin səbəbini öyrənərkən, o, müəyyən bəhanələr gətirmiş, hazırda isə güyə əmlak kompleksində ona məxsus əşyalar qaldığını, həmin əşyaların dəyərinin ödənilmədiyini bildirir. Halbuki, alğı-satqı müqaviləsindən görünür ki, iddiaçı göstərilən ünvanda yerləşən əmlak kompleksini cavabdehlərə sataraq pulunu tam alandan sonra onların sahibliyinə vermişdir. Müqavilənin etibarsız hesab edilməsinə dair iddialar təmin edilməmişdir. Sonda Nümayəndə2 məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq edilən sübutlar: - İddiaçı və X5 (satıcılar) ilə Cavabdeh1 və Cavabdeh2 (alıcılar) arasında bağlanmış 21 may 2019-cu il tarixli, AZ-İ seriyalı, ******* nömrəli “daşınmaz əmlakın alğısatqı müqaviləsi”ndən görünür ki, X5 və İddiaçı birgə mülkiyyət üzrə onlara məxsus İsmayıllı şəhəri, H.Əliyev pr., №7 ünvanında yerləşən, ümumi sahəsi 4136,6 kv.metr olan əmlak kompleksi kimi müəssisənin (qeyri-yaşayış sahəsinin) ½ hissə, 2068,3 kv.metr Cavabdeh1, ½ hissə, 2068,3 kv.metr hissə Cavabdeh2 mülkiyyətinə verilmiş, həmin ünvanda yerləşən, ümumi sahəsi 2,125 ha. olan torpaq sahəsinin ½ hissəsi, yəni 1,0625 ha. hissəsi Cavabdeh1, ½ hissəsi, yəni 1,0625 ha. hissəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. Alğı-satqı qiyməti 1090333,34 manat müəyyən edilmişdir. Müqavilənin 5-ci bəndində göstərilmişdir ki, Alıcılar bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğin 500000 manat məbləğini Satıcıların razılığı ilə həmin əmlaka dair Satıcıların "xxxx" ASC-yə 16 may 2019-cu il tarixinə olan borc öhdəliyinin bir hissəsinin icrası üçün notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyirlər. Qalan 590333,34 manat məbləği isə Satıcıların "xxxx" ASC-yə olan borc öhdəliyinin icrası üçün ödəməyi öz öhdələrinə götürürlər. Müqavilənin 11-ci bəndində göstərilmişdir ki, “Satıcılar” X5 və İddiaçı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə Alıcılar bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə 20 may 2019-cu il tarixədək Alıcıların faktiki sahibliyinə verməyi öhdələrinə götürürlər. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(102)-6301/2022 saylı qərarı ilə müəyyən edilmişdir: - Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 12 saylı Notariat ofisinə, "xxxx" MMC-yə, İddiaçı, X4, Cavabdeh1 və Cavabdeh2 qarşı 21 may 2019-cu tarixli, AN-İ №0780029 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" MMC cavabdehlər 12 saylı notariat ofisinə, İddiaçı, X4, Cavabdeh1, Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə “Əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 21 may 2019-cu il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(006)- 850/2021 saylı qətnaməsinə əsasən, iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2022-ci il tarixli, 2(103)-3448/2022 saylı qərardadına əsasən, Yasamal Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia tələbinə qanuni qüvvəsini almış məhkəmə aktlarında qiymət verilmişdir və beləliklə də, məhkəmələrin araşdırma predmeti olmuşdur. Odur ki, hazırki iddianın qaldırılması hüquqi çüəyyənlik və preyudisiallıq prinsipləri ilə uzlaşmır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(102)-6301/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Hazırkı halda iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin maddənin dispoziya şərtlərinə görə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakmı geri tələb etməsi məcmu şəklində aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Bu hallarda məhkəmə müəyyən etsə ki, cavabdeh mülkiyyətçinin əmlakına qanunsuz yiyələnmişdir, həmin əmlakm mülkiyyətçiyə qaytarılması barədə qətnamə qəbul etməlidir. Başqasının mülkiyyətçinin əmlakına qanunsuz yiyələnməsi dedikdə həmin əmlakı hüququ əsaslar olmadan özündə saxlaması başa düşülür. Hazırkı halda isə qeyd olunan halların mövcudluğu iş üzrə müəyyən edilmir. Belə ki, İddiaçı və X5 (satıcılar) ilə Cavabdeh1 və Cavabdeh2 (alıcılar) arasında qüvvədə olan 21 may 2019-cu il tarixli, AZ-İ seriyalı, ******* nömrəli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”mövcuddur və həmin müqavilənin 11-ci bəndində göstərilmişdir ki, X5 və İddiaçı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə Alıcılar bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə 20 may 2019-cu il tarixədək Alıcıların faktiki sahibliyinə verməyi öhdələrinə götürmüşlər. İddia tələbi iddiaçı ilə cavabdehlə arasında müqavilə bağlanarkən şifahi razılığa əsasən əmlak kompleksindəki, iddia tələbində adları göstərilən əşyaların dəyərinin ödənilməklə bu əşyaların cavabdehlərin istifadəsinə verilməsi, lakin cavabdehlərin bu razılığın şərtlərini pozaraq həmin əşyaların pulunu ödəmədikləri ilə əsaslandırılsa da, belə bir razılığın mövcudluğu işin halları ilə öz təsdiqini tapmamış, iddiaçı tərəf buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Halbu ki, sübutetmə yükü baxımından mübahisəli əmlakların iddiaçının əsassız olaraq sahibliyindən çıxması və s. bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür. Çünki, görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər İşin məhkəmə araşdırılması ilə tərəflər arasında mübahisəli əmlaklarla bağlı hər hansı müqavilənin mövcudluğu müəyyən edilməməklə yanaşı, iddiaçı tərəfindən tələbinin əsaslı olmasına dair heç bir mötəbər sübut təqdim olunmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiası təmin edilməsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar