Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2014/2024 09.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi Maraqlı şəxs ilə faktiki nikah münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü İnci anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatında tərəflər arasında barışıq sazişi imzalanmışdır. Sazişə əsasən, tərəflər razılaşırlar ki, xx.xx.2022-ci il təvəllüdlü İnci adlı qız uşağının atası Maraqlı şəxsdur. Maraqlı şəxs öhdəsinə götürür ki, övladı xx.xx.2022-ci il təvəllüdlü İnciyə atalığın verilməsi üçün qeydiyyat şöbəsinə müraciət edəcəkdir. Maraqlı şəxs öhdəsinə götürür ki, xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 01-dən gec olmayaraq 220 manat sabit pul məbləğində alimenti X2 təqdim etdiyi bank hesabına (**********931545) ödəyəcəkdir. Barışıq sazişi bağlandıqdan sonra şərtləri Maraqlı şəxs tərəfindən pozulmuş, yerinə yetirməmiş, o, sazişlə razılaşdırılmış aliment məbləğini ödəməmiş, sazişin şərtləri 10 gün müddətində yerinə yetirilməli olduğu halda yerinə yetirilməmişdir. Sazişin 6-cı bəndinə əsasən, imzalandığı gündən sazişin tərəflər üçün məcburi xarakter daşıması, tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra edilməlidir. Ərizəçi işsizdir və uşağını maddi cəhətdən təmin etmək iqtidarında deyildir. Saşizin şərtlərinin pozulması nəticəsində ərizəçinin və uşağın hüququları kobud şəkildə pozulmuşdur. Sazişin şərtlərinin yerinə yetirilməsi ilə bağlı Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə xəbərdalıq göndərilmiş, lakin bu xəbərdarlığa maraqlı şəxs qeyd edilən müddətdə münasibət bildirməmişdir. Ona görə də Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində mediator tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxalıması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2.-ci maddəsinin tələblərinə əsasən işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Maddə 48. Bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Maddə 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Maddə 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 56.2. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. 7 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV № 753643 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2022-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 282 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X3, anası Ərizəçidır. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmaqla Bakı 2 saylı Mediasiya təşkilatının mediatoru X1 tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli MŞB/2/-03317/2023 nömrəli barışıq sazişindən müəyyən olunur ki, tərəflər aşağıdakı məzmunda barışıq sazişi təsdiq etmişlər: 1.Tərəflər razılaşırlar ki, xx.xx.2022-ci il təvəllüdlü İnci adlı qız uşağının atası Maraqlı şəxsdur. 2.Maraqlı şəxs öhdəsinə götürür ki, övladı xx.xx.2022-ci il təvəllüdlü İnciyə atalığın verilməsi üçün qeydiyyat şöbəsinə müraciət edəcəkdir. 3.Maraqlı şəxs öhdəsinə götürür ki, xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 01dən gec olmayaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti Ərizəçi təqdim etdiyi bank hesabına (**********931545) ödəyəcəkdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi Qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2024 tarixli arayışdan müəyyən olunur ki, Quliyeva X5 qəsəbəsi 3cü mədən korpus 104 də qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Maddə 355-23.1. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, belə nəticəyə gəlir ki, araşdırma zamanı maraqlı şəxs tərəfindən barışıq sazişinin imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra edilmədiyi müəyyən olunduğundan, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə əsas ola biləcək sübutlar məhkəməyə təqdim edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmaqla Bakı 2 saylı Mediasiya təşkilatının mediatoru P.Ə.Məmmədova tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli MŞB/2- 03317/2023 nömrəli, aşağıdakı məzmunda, barışıq sazişi təsdiq edilsin: 1.Tərəflər razılaşırlar ki, xx.xx.2022-ci il təvəllüdlü İnci adlı qız uşağının atası Maraqlı şəxsdur. 2.Maraqlı şəxs öhdəsinə götürür ki, övladı xx.xx.2022-ci il təvəllüdlü İnciyə atalığın verilməsi üçün qeydiyyat şöbəsinə müraciət edəcəkdir. 3.Maraqlı şəxs öhdəsinə götürür ki, xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 01dən gec olmayaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti Ərizəçi təqdim etdiyi bank hesabına (**********931545) ödəyəcəkdir. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2014/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2014/2024
09.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver