Məhkəmə qərarları › İş №2(001)-2054/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2054/2023

28.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2054/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1894/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 28 aprel 2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı dəyişdirilmiş, hər ay 193 manat sabit pul məbləğinin tutulması qət edilmişdir. 2023-cü il üzrə yaşayış minimumu məbləğinin artmasının alimentin miqdarına təsiri səbəbindən ərizəçi mediasiya təşkilatına müraciət etmiş və maraqlı şəxsin iştirakı ilə aralarında barışıq sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs əvvəllər məhkəmə qətnaməsi ilə tutulmuş alimentin ödənilməsindən yayınmışdır. Bununla belə, onun gələcəkdə barışıq sazişini yerinə yetirməkdən yayınması istisna edilmir. Bu səbəbdən, ərizəçi mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1894/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddianın təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1297/2020 saylı, 06 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər aya görə 193 (bir yüz doxsan üç) manat məbləğində aliment tutularaq Ərizəçi verilməsi, alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. - MŞB/16-00168 saylı, xx.xx.2023-cü il tarixli Barışıq Sazişinə əsasən, birinci tərəf Ərizəçi uşağın saxlanılması və xərclərinin ödənilməsi üçün aliment məbləğinin artırılaraq 220 (iki yüz iyirmi) manat olmasını tələb edir. İkinci tərəf Maraqlı şəxs buna heç bir etirazı yoxdur. Sazişin 4-cü bəndinə əsasən, saziş imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin sazişin 6-cı bəndinə əsasən, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Ailə Məcəlləsinin: - 94.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar. - 94.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. - 95.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. - 95.4-cü maddəsinə əsasən, tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, tərəflər mediasiya prosesi zamanı aralarında razılığa gəlmiş və alimentin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. - 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməli, barışıq sazişinə uyğun olaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1894/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 28 aprel 2016-cı il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/16-00168 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs Ərizəçi xeyrinə tutulan 28 aprel 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1894/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. 28 aprel 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Maraqlı şəxs 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Alimentin artırılmış hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar