Məhkəmə qərarları › İş №2(001)-208/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-208/2021

08.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-208/2021 08.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə Cavabdeh2 qanuni nümayəndəsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “payın (payların) naturada bölünərək payının ayrılması” barədə ilkin və Cavabdeh1 İddiaçı qarşı “çəkilən xərclərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras mülk olan, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1315A saylı bağ sahəsindən (0,1082 ha), ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən, ünvan 2 ünvanında yerləşən 10 saylı mənzildən, ünvan 3 saylı evin qarşısında yerləşən sahəsi 23,2 kv.m olan qeyri-yaşayış sahəsindən (qaraj), ünvan 4 ünvandakı qeyri-yaşayış sahəsindən, ünvan 5 9A ünvanında yerləşən 14 saylı mənzildən, ünvan 6 saylı bağ sahəsindən, Yasamal rayonu, A.M.Şərifzadə küç. ev 124 ünvanında yerləşən 43 saylı mənzildən payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbləri onunla əsaslandırılmışdır ki, valideynlərinin vəfatından sonra miras mülk – Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1315A saylı bağ sahəsi (0,1082 ha), ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil, ünvan 2 ünvanında yerləşən 10 saylı mənzil, ünvan 3 saylı evin qarşısında yerləşən sahəsi 23,2 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj), ünvan 4 ünvandakı qeyri-yaşayış sahəsi, ünvan 5 9A ünvanında yerləşən 14 saylı mənzil, ünvan 6 saylı bağ sahəsi, Yasamal rayonu, A.M.Şərifzadə küç. ev 124 ünvanında yerləşən 43 saylı mənzil onun və cavabdehlərin arasında 1/3 hissə olmaqla bölünmüşdür. Uzun müddətdir ki, Cavabdeh1 bəzi sahələrdən (qeyri-yaşayış sahəsi) qazanc əldə edir. Bu günədək həmin qazancdan (gəlirdən) ona bir manat olsun verməmişdir. Bundan əlavə dəyəri yüksək olan valideynlərindən miras qalmış çoxlu sayda qızıl-zinət əşyaları və məbləği yüksək olan pul cavabdehdədir. Qızıl-zinət əşyaları və pulla bağlı ayrıca iddia qaldıracaqdır. Bütün miras əmlakların sülh ilə bölünməsi barədə razılıq əldə edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, miras əmlakdan cavabdehin miras payına mütənasib surətdə miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi üçün 24150 manat çəkilən xərclərin özünə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Z. Bünyadov prospekti, ev 9A, mənzil 11 ünvanında yerləşən ümumi sahəsi 53,9 kv.m olan, Bakı şəhəri, Binəqədi rayonu, Z. Bünyadov prospekti, ev 9A mənzil 14 ünvanında yerləşən ümumi sahəsi 48,04 kv.m olan və Bakı şəhəri, Binəqədi rayonu, Z. Bünyadov prospekti 13 mənzil 10 ünvanında yerləşən, ümumi sahəsi 35,01 kv.m olan miras əmlaklar əvvəllər anası X4 adına olmuş, anasının vəfatından sonra atası və onlar arasında 1/4 hissədə bölgüsü aparılmış, X2 vəfatından sonra isə onun da payı vərəsələr arasında 1/3 hissədə bölünmüşdür. Bakı şəhəri, Binəqədi rayonu, Z. Bünyadov prospekti, ev 9A mənzil 14 ünvanında yerləşən ümumi sahəsi 48,04 kv.m olan mənzil zamanında qardaşı Cavabdeh2 üçün alınmış, sadəcə olaraq, alğı-satqı anasının adına aparılmışdır. Qardaşı həmin mənzildə yaşamış, lakin valideynləri dünyasını dəyişəndən sonra ünvan 8 A, mənzil 11 ünvanında yaşamaqla orada qeydiyyatdadır. Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1315 saylı bağ sahəsi (0,12 ha torpaq sahəsi) əvvələr atasının adına olmuş, vəfatından sonra onun da payı vərəsələr arasında 1/3 hissədə bölünmüşdür. Həmin torpaq sahəsinin qardaşı Cavabdeh2 verilməsi valideynlərinin sağlığında deyilmişdir və zərurət yaranarsa, bunu qohumları da təsdiq edə bilərlər. ünvan 6 A saylı bağ sahəsi (0,1082 ha torpaq sahəsi) isə əvvəllər anasının adına olmuş, vəfatından sonra onun da payı vərəsələr arasında 1/3 hissədə bölünmüşdür. Həmin torpaq ona verilmiş olsa da, sağlığında anasının adına rəsmiləşdirilmişdir. Bu faktı həm bağ qonşuları, həm də qohumlar təsdiq edə bilər. Həmin torpaq sahəsində onun tərəfindən abadlıq, tikinti, ağacların əkilməsi, bağ salınması və s. işlər onun vəsaiti hesabına aparılmışdır və zərurət yaranarsa, qohumlar, həmçinin orada çalışan ustalar və qonşular təsdiq edə bilərlər. Saxlancla bağlı bütün ödənişlər onun tərəfindən ödənilmiş, kommunal xərclər onun adına rəsmləşdirilmişdir. Hər iki bağ torpaq sahəsinin bir giriş qapısı vardır. 2017-ci ilin yayında onların ümumi istifadə hissəsi üzrə yararsız, uçmaq təhlükəsində olan 27 metr uzunluğunda 3,2 m. hündürlüyündə hasarının yenidən tikilməsi, həmin divarın 40 m. hissəsinin suvaqla örtülməsi və darvazanın qoyulmasına 5100 manat, girişinin 100 kv.m beton tökülməsi və tamet döşənməsinə 3200 manat pul xərcləmişdir. Digər mütəmadi xərclər də olmuşdur ki, onları qeyd etmir. Torpaq sahəsi ona aid olduğu üçün xərclərinin heç birini qeyd etməmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 28 saylı evin qarşısında yerləşən ümumi sahəsi 23,3 kv.m olan qaraj əvvəllər atasının adına olmuş, onun vəfatından sonra isə vərəsələr arasında 1/3-də hissədə bölünmüşdür. Həmin qaraj onun maşınının saxlanması üçün alınmış, lakin atasının adına rəsmiləşdirilmişdir. Həmin qaraj həmişə onun istifadəsində olmaqla ona aid olmuşdur. Bunu orada çalışan usta və digərləri də təsdiq edə bilərlər. ünvan 4 ünvanında yerləşən daxili sahəsi 35,8 kv.m olan qeyri-yaşayış sahəsi əvvəllər anasının adına olmuş, vəfatından sonra atası və onlar arasında 1/4 hissədə bölünmüş, atasının vəfatından sonra isə sonuncunun payı da vərəsəllər arasında 1/3 hissədə bölünmüşdür. Həmin yer kommersiya məqsədilə istifadə olunmuş və bu gün də fəaliyyət göstərir. Ordan gələn gəlir icarəçi tərəfindən sağlığında şəxsən analarına verilmişdir ki, bunu bütün orada işləyənlər, qonşular təsdiq edə bilərlər. ünvan 10 saylı ünvanında yerləşən yaşayış sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzil əvvələr anasının adına olmuş, vəfatından sonra atası və onlar arasında 1/4 hissədə pay bölgüsü aparılmış, atasının vəfatından sonra isə sonuncunun payı da vərəsəllər arasında 1/3 hissədə bölünmüşdür. Həmin yer də ona məxsusdur, sadəcə olaraq, anasının adına qeydə alınmışdır. Mənzilin bütün tələbatları, yerin saxlanc xərcləri, təmir xərcləri və aidiyyatı bütün digər xərclər onun tərəfindən ödənilmişdir. Yuxarıda qeyd olunan miras paylarının naturada ayrılmasına dair halların qiymətləndirilməsi və bölgünün ədalətli və qanuna müvafiq aparılmasını istəyir. Paylı mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvanı küçəsi 28 saylı evin qarşısında yerləşən ümumi sahəsi 23,3 kv.m qaraj atalarının adına rəsmiləşdirilmiş, ataları xx xxxxxxx 2017-ci il tarixində vəfat etmişdir. Qarajın təmiri, qapısının dəyişməsi damının təmiri işləri aparılmış, bu xərclər orta bazar qiymətləri ilə təxminən 450-500 manat etmişdir. Zərurət yaranarsa, bunu təsdiq etmək olar. Bundan başqa ünvan 11 ünvanında yerləşən, ümumi sahəsi 35,8 kv. m olan yerdə xırda ərzaq köşkü və evdə təmir işləri aparılmışdır. Qeyri-yaşayış sahəsinin damı aparıcı dirəklər bərkidilməklə, qır və toll örtüyü tam olaraq dəyişilmiş, buna 900 (doqquz yüz) manat xərclənmişdir. Bir müddət sonra oranın işıq sistemində, təchizatında, texniki şərt sənədləşməsində əlavə xərclər çıxmışdır. 2018-ci ilin sentyabr ayında həmin işlərin görülməsinə 850 (səkkiz yüz əlli) manat vəsait xərclənmişdır. Əslində bir sıra başqa xərclər də olmuşdur, sadəcə olaraq, həmin xərclərin qeydiyyatını aparmamışdır. Çünkü nə vaxtsa həmin məlumatların lazım olacağını ağlına belə gətirməmişdir. Eyni zamanda su sayğacı quraşdırılmış və ona 320 (üç yüz iyirmi) manat xərclənmişdir. Yada düşən xərclər 2070 (iki min yetmiş) manat edir. Eyni zamanda ünvan 12 43 saylı ünvanında yerləşən yaşayış sahəsində onun VÖEN ilə fəaliyyətə başlayandan sonra 2018-ci ilin yanvar ayında etibarən bir sıra xərclər olmuşdur ki, sayğac dəyişmə, reklam və s. toplam olaraq minimum 2200 manat etmişdir. Bundan başqa X4 “Avrasiya Klinikası”nda Reanimasiya şöbəsində 35 gün koma vəziyyətində müalicə olunması üçün sığortalayaraq 13650 (on üç min altı yüz əlli) manat və 6200 (altı min iki yüz) manat nəğd ödəniş etmiş, sonra Bakı Klinik Mərkəzə köçürülmüş və 1500 (min beş yüz) manat da orda xərci çıxmış, toplam 21350 (iyirmi bir min üç yüz əlli) manat təşkil etmişdir. Əlavə olaraq, kənardan dəfələrlə həkim gətirilmiş, dərmanlar alınmışdır. Onların dəyərlərini xatırlaya bilmir, təxminən 2000 manatdan çox olmuşdur. Anasının dəfn mərasiminin təşkili, dəfn günü palatka, 3-7 mərasimi, 40 mərasimi, il mərasimi hamısı bir yerdə 10800 (on min səkkiz yüz) manat civarında olmuşdur. Anasının dəfn olunandan sonra baş daşı 3000 (üç min) manata sifariş olunmuşdur. Baş daşı ən keyfiyyətli Ukrayna mənşəli qara mərmərdən, xüsusi olaraq oymalı, bahalı güldanları və digər keyfiyyətli işlər görülmüş və dəfn olunduğu yerdə bütün köhnə hasar sökülmüş, yenidən daş hasara alınmış, suvaq işləri aparılmış və aqlay daş örtüyü ilə qismən üzlənmişdir. Aparılan hasar, aqlay və abadlıq işləri 1900 (min doqquz yüz) manat vəsait xərclənmişdir. Bunların cəmi 3900 (üç min doqquz yüz) manat təşkil edir. Qardaşı yaşadığı evdə, Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti ev 9A, mənzil 14-də sanitar qovşaqların tam olaraq sökülməsi, əsaslı olaraq təmiri və aksessuarlar ilə təmin olaraq tam təmir olunmasına 3500 (üç min beş yüz) manat xərclənmişdir. Bunlar razılaşma əsasında icra olunmuşdur. Anası üçün "qara mərmər" dən baş daşı 3000 (üç min) manat təşkil etmiş, həmin daş sirafiş olunanda və hazırlanma mərhələsində iddiaçı ilə birlikdə getmişlər. Anasının müalicəsi, dəfni və ona aid digər xərclər yaşayış və qeyri-yaşayış sahələrinin təmir və təchizatla bağlı xərclər istisna olmaqla 37150 (otuz yeddi min yüz əlli) manat təşkil etmişdir. Bacısı (iddiaçı) tərəfindən 400 manat vəsait ona qaytarılmışdır. Ümumiyyətlə xərclər barədə iddiaçı onun vəsaitinin hələ ki olmadığını bildirmiş, lakin zamanı gəldikdə bunların hamısını ödəcəyini qeyd etmişdir. X2 dünyasını dəyişdikdən sonra bütün xərcləri dəfn, dəfn günü palatka, 3-7 mərasimi, Heydar Məscidində 40 mərasimi, il mərasimi, hamısı bir yerdə 15600 (on beş min altı yüz) manat təşkil etmişdir. Atasının məzar daşı eyni zamanda ən keyfiyyətli qara mərmərdən 3200 (üç min iki yüz) manat qiymətində hazırlanmışdır. Eyni yerdə sifariş olunmuşdur. Atası ilə bağlı xərclərin cəmi 18800 (on səkkiz min səkkiz yüz) təşkil edir. Bütün vərəsə işlərinin aparılması ilə bağlı notariat xərclər, ƏMDK yanında DƏDRX idarəsində bütün vərəsələr üzrə eyni zamanda iddiaçının vərəsəlik işlərininin aparılması ilə bağlı rəsmi ödəniş sənədləri üzrə təxmini olaraq 2000 (iki min) manat olaraq onun tərəfindən ödənilmişdir. Əlavə olaraq digər xərcləri də, 2000 ( iki min) manat civarinda, toplam 4000 (dörd min) manat çıxmışdır. Yadadüşən, xatırlaya bildiyi yuxarıda təmir, dəfn və vərəsəlik sənədləri ilə bağlı xərclədiyi qeyd olunanların cəmi 73650 (yetmiş üç min altı yüz əlli) manatdan çox olur. Bütün bunlardan başqa üç ildən artıq bir müddətdə o predmetə aid xərclər olmuşdur ki, onların heç birini xatırlaya bilmir. Hesab edir ki, həmin cəmi 73650 (yetmiş üç min altı yüz əlli) manat məbləğin vərəsələr arasında 1/3 pay nisbətində bölünməklə, anası ilə bağlı xərclərin qarşılanan 400 manat hissəsi çıxılmaqla, İddiaçı 24150 (iyirmi dörd min yüz əlli) manat çəkilən xərclər tutularaq ona verilməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 (O, həmçinin ilk iddia üzrə Cavabdeh2 qəyyumudur / qanuni nümayəndəsidir) qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etmiş, həmçinin, əmlakların naturada bölünməsi mümkün olmadığından ilk iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1315A saylı bağ sahəsi (0,1082 ha), ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil, ünvan 2 ünvanında yerləşən 10 saylı mənzil, ünvan 4 ünvandakı qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil, ünvan 6 saylı bağ sahəsi (0,12 ha), ünvan 6 saylı bağ sahəsi (0,1082 ha) və Yasamal rayonu, A.M.Şərifzadə küç. ev 124 ünvanında yerləşən 43 saylı mənzil 1/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh1 və qalan 1/3 hissədə Cavabdeh2 adlarına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki işin müəyyən olunmuş digər halına görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən ünvan 3 saylı evin qarşısında yerləşən sahəsi 23,2 kv.m olan qeyri-yaşayış sahəsinə (qaraja) dair xx.xx.2020-ci il tarixli Texniki Pasport tərtib edilmiş, hüquq subyekti kimi İddiaçı, Cavabdeh1 və Cavabdeh2 adları qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 141 saylı, xx xxxx 2017-ci il tarixli sərəncamından görünür ki, ünvan 13 ünvanında qeydiyyatda olan vətəndaş Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan qardaşı Cavabdeh2 üzərində qəyyum təyin edilmişdir. İlkin İddiaçı mübahisə mövzusu əmlakların özünə məxsus 1/3 hissəsinin naturada bölünməsini istəməkdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Mülki Məcəllənin 220-ci maddəsinə görə isə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbayacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Mülki işə baxılarkən mübahisə predmeti olan əmlakların naturada bölünməsinin mümkünlüyünün müəyyən edilməsi məqsədi ilə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertin 10/2919 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyində “...Bakı şəhəri, Binəqədi rayonu, X7 prospekti, ev 13, 10 nömrəli, Bakı şəhəri, Binəqədi rayonu, X7 prospekti, ev 9a, 11 nömrəli və 14 nömrəli mənzillər, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 124, 43 nömrəli mənzillər, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 28 saylı evin qarşısı (qaraj), Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1315 saylı və 1315a bağ sahələri üzrə İddiaçı payına düşən 1/3 hissənin naturada müəyyən edilərək əmlakların digər hissələrindən naturada təcrid şəkildə ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2., 2.4. bəndlərinin və Məhkəmə X1 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ölçülərini, yerləşmə vəziyyətini, iki giriş-çıxış qapısının olmasını nəzərə alaraq isə, həmin qeyriyaşayış sahəsindən İddiaçı payına düşən 1/3 hissənin (11,93 kv.m) əmlakın digər hissələrindən naturada təcrid şəkildə ayrılmasının texniki cəhətdən mümkün olduğu...” göstərilmişdir. Həmin rəydə həmçinin qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış sahəsi faktiki vəziyyətdə iki yerə bölünərək 23,9 kv.m (5,6 m x 4,3 m) hissəsi ərzaq mağazası kimi, 11,9 kv.m (2,8 m x 4,3 m) hissəsi isə daşınmaz əmlakın alğı-satqı ofisi kimi istifadə olunur. Faktiki vəziyyətdə sahəsi 11,9 kv.m (2,8 m x 4,3 m) olan sahə iddiaçının 1/3 payına uyğundur. Göründüyü kimi, mülki iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış sahəsi istisna olmaqla digər mübahisəli əmlakların mülkiyyətçilərin paylarına uyğun naturada təcrid şəkildə ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyənləşdirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. Bu mənada məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2919 saylı xx xxxxxx 2020-ci il tarixli rəyinə uyğun olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış sahəsi faktiki vəziyyətdə iki yerə bölünərək 23,9 kv.m (5,6 m x 4,3 m) hissəsi (ərzaq mağazası) ilkin iddia üzrə cavabdehlərin paylı mülkiyyətində saxlanılmalı, 11,9 kv.m (2,8 m x 4,3 m) hissəsi (daşınmaz əmlakın alğı-satqı ofisi) isə ilkin iddiaçının 1/3 hissə payına uyğun olaraq naturada ayrılmalıdır. Qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür qeyd edir ki, qarşılıqlı iddiaçı mərhum anasının xəstəliyi, onun müalicəsi və dəfn mərasimi, habelə miras əmlakının mühafizəsi üzrə bütün xərcləri özünün çəkdiyini iddia etməklə müvafiq iddia tələbini irəli sürmüş, iddiasının hüquqi əsası kimi Mülki Məcəllənin 1157-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Maddənin mənasından göründüyü kimi, qanunverici mirasın vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsub olduğunu (miras şərikliyini) təsbit etmiş, habelə yenə həmin müddətdə (miras şərikliyi zamanı) miras qoyanın sonuncu (ölümünə səbəb olmuş) xəstəliyi zamanı ona qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclərin miras əmlakından ödənilməsinin mümkünlüyünü müəyyən etmişdir. Göründüyü kimi, qarşılıqlı iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsası kimi istinad etdiyi normanın dispozisiya əlamətləri ilə ümumiyyətlə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Digər tərəfdən iş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflərin mərhum anaları atalarından daha əvvəl vəfat etmiş, onun vəfatından sonra miras əmlakı hazırkı mübahisə tərəfləri və ataları arasında 1/4 nisbətində bölünmüş, atalarının ölümündən (xx.xx.2017-ci ildən) sonra isə ona məxsus 1/4 pay da övladları arasında bərabər nisbətdə bölüşdürülmüşdür. Başqa sözlə, qarşılıqlı iddiaçı mübahisəli əmlaklarla bağlı xərclərə aid işləri gördürdüyü zaman, tərəflər arasında miras şərikliyi olmamaqla həmin əmlaklar tərəflərin paylı mülkiyyətdə olmuşdur. Qarşılıqlı iddiaçı isə mübahisəli əmlaklarla bağlı xərclərin həqiqətən də zəruri olduqları və bununla bağlı digər mülkiyyətçilərin razılığının alınmış olduğu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 217.2-ci maddəsinə görə. mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2919 saylı xx xxxxxx 2020-ci il tarixli rəyinə uyğun olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış sahəsi faktiki vəziyyətdə iki yerə bölünərək 23,9 kv.m (5,6 m x 4,3 m) hissəsi (ərzaq mağazası) ilkin iddia üzrə cavabdehlərin paylı mülkiyyətində saxlanılmalı, 11,9 kv.m (2,8 m x 4,3 m) hissəsi (daşınmaz əmlakın alğı-satqı ofisi) isə ilkin iddiaçının 1/3 hissə payına uyğun olaraq naturada ayrılmalı, o cümlədən Cavabdeh1 İddiaçı qarşı “çəkilən xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna əsasən məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, həmçinin 50 (əlli) manat ekspertiza xərci ilk iddia üzrə iddiaçıdan tutularaq Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlk iddia qismən təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2919 saylı xx xxxxxx 2020-ci il tarixli rəyinə uyğun olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış sahəsi faktiki vəziyyətdə iki yerə bölünərək 23,9 kv.m (5,6 m x 4,3 m) hissəsi (ərzaq mağazası) Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində saxlanılsın, 11,9 kv.m (2,8 m x 4,3 m) hissəsi (daşınmaz əmlakın alğı-satqı ofisi) isə İddiaçı 1/3 hissə payına uyğun olaraq naturada ayrılsın. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “çəkilən xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatı İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar