Məhkəmə qərarları › İş №2(001)-2120/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2120/2024

15.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2120/2024 15.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi X5 maraqlı şəxs qismində cəlb etməklə, mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ilə X8 arasında xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-008770 saylı barışıq sazişi bağlanmış, həmin sazişin bəndlərində göstərilmişdir ki:

1. İİ tərəf İ tərəfin alimentin məbləğinin dəyişdirilməsi (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(0010-2724/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay 220 manat aliment X3 xeyrinə tutulması hissəsinin dəyişdirilərək hər ay İİ tərəfin aylıq əmək haqqının və mükafatlarının ¼ hissədə tutulması) hissəsində qəbul edir. İİ tərəf (X8) İ tərəflə (X7) birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq əmək haqqının və mükafatlarının ¼ hissəsinin İ tərəfin xeyrinə tutulmasına etiraz etmir (ödəməyi öhdəlik götürür).

2. İİ tərəf İ tərəfin ona qarşı cehiz və qızıl-zinət əşya tələbini qəbul etmir. Ərizə onunla əsaslandırılmışdır ki, barışıq sazişi xx.xx.2023-cü il tarixdə bağlanmasına və imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşımasına baxmayaraq, hazırki vaxta qədər X8 tərəfindən icra edilməmiş, könüllü icra müddəti də ötürülmüşdür. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizədə göstərilənləri təsdiq edib, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclası barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayarq, o, iclasda iştirak etməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin yuxarıda sadalanan sübutlarını araşdıraraq, hesab edir ki, ərizənin təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1 və 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: - 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin faktiki halları ilə müəyyən edilir ki, ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış və tərflər arasında razılaşdırılmış barışıq sazişinin bəndləri onların birgə nikahdan olan uşağın anasının yanında saxlanmasını və uşağın saxlanması üçün alimentin tutulması məsələlərini əhatə edir. Mülki iş materiallarında olan, yuxarıda göstərilən məhkəmə qətnaməsindən görünür ki, həmin qətnamə ilə uşağın anasının yanında saxlanması müəyyən edilmişdir. Ərizəçi hazırda barışıq sazişinin təsdiq edilməsini tələb edir və öz tələbini onunla əsaslandırır ki, maraqlı şəxs sazişi bu hissədə icra etməmiş, könüllü icra müddəti də bitmişdir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, sözügedən barışıq sazişi ərizədə göstərilən hissələrdə təsdiq edilməlidir. Məhkəmə onu da qeyd edir ki, ərizədə göstərilən tələb barışıq sazişinin təsdiq edilməsi olsa da, mübahisənin mahiyyətini uşağın saxlanması üçün alimentin tutulması təşkil edir və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, alimentlərin alınmasına dair qətnamələr dərhal icra edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, bu qətnamə də nəticə etibarilə özündə alimentin alınmasını ehtiva etdiyindən, dərhal icra edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizəçi X5 maraqlı şəxs qismində cəlb etməklə, mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi (İ tərəf) ilə X8 (İİ tərəf) arasında xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-008770 saylı barışıq sazişi aşağıda göstərilən hissələrdə təsdiq edilsin: - İİ tərəf İ tərəfin alimentin məbləğinin dəyişdirilməsi (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(0010-2724/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay 220 manat aliment X3 xeyrinə tutulması hissəsinin dəyişdirilərək hər ay X4 aylıq əmək haqqının və mükafatlarının ¼ hissədə tutulması) hissəsində qəbul edir. İİ tərəf (X8) İ tərəflə (X7) birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq əmək haqqının və mükafatlarının ¼ hissəsinin İ tərəfin xeyrinə tutulmasına etiraz etmir (ödəməyi öhdəlik götürür). - İİ tərəf İ tərəfin ona qarşı cehiz və qızıl-zinət əşya tələbini qəbul etmir. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar