Məhkəmə qərarları › İş №2(001)-222/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-222/2021

26.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-222/2021 26.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı və Cavabdeh1 (eyni zamanda Cavabdeh2 qanuni nümayəndəsi qismində) iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras qalmış pul və qızılzinət əşyalarının, əldə edilən qazancın (gəlirin) bölünməsinə və hər birindən 1/3 hissə tələbinə dair” mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras qalmış pul və qızıl-zinət əşyalarının, əldə edilən qazancın (gəlirin) bölünməsinə və hər birindən 1/3 hissə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin valideynlərinin vəfatından sonra miras mülk tərəflər arasında 1/3 hissədə bölünmüşdür. Miras mülk aşağıdakılardan ibarətdir: Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi 1315A saylı bağ sahəsi (0,1082ha); Bakı şəhəri, Binəqədi rayonu, Ak. Z. Bünyadov prospekti, ev 9A, mənzil 11; Bakı şəhəri, Z.Bünyadov prospekti, ev 13, mənzil 10; Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi 28 saylı evin qarşısında yerləşən sahəsi 23,2 kv.m. olan qeyri-yaşayış sahəsi (qaraj); ünvan 1 ünvanda yerləşən sahəsi 35,8 kv.m. olan paylı mülkiyyət; Bakı şəhəri, Binəqədi rayonu, Ak. Z.Bünyadov prospekti, ev 9A, mənzil 14; Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi 1315 saylı bağ sahəsi (ümumi sahəsi 0,12 ha); Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç., ev 124, mənzil 43. Uzun müddətdir ki, Cavabdeh1 bəzi sahələrdən obyekt kimi istifadə etməklə qazanc əldə edir. Bu gündəlik həmin qazancdan (gəlirdən) iddiaçıya bir manat da olsun verməyib. Bundan əlavə dəyəri yüksək olan, tərəflərin valideynlərindən miras qalmış çoxlu sayda qızıl-zinət əşyaları və məbləği yüksək olan pul cavabdehdədir. Bütün miras qalmış əmlakların sülh razılıq yolu ilə bölünməsi barədə razılıq əldə edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, tələb olunan qızıl-zinət əşyalarının valideynlərindən qalan əmlak olmasını inkar etmir, həmin qızıl-zinət əşyaları qardaşının yaşadığı və tərəflər arasında miras əmlak kimi bölünmüş evdə yerləşir, lakin iddia tələbini həmin hissədə yalnız o halda qəbul etməyə razıdır ki, iddiaçı iddia tələbinin digər hissələrindən imtina etsin. Belə ki, nə seyfdə olması iddia edilən pul məbləğlərinə, nə də ki, əldə edilən gəlirə dair iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmiş və iddia həmin hissədə əsassızdır. İcra məmurları qardaşının yaşadığı evdə qızılzinət əşyaları üzərinə həbs qoyarkən qeyd olunan pul vəsaitləri orada yox idi. Əgər o, həmin pulu götürmüş olsa idi, qızıl-zinət əşyalarını da götürərdi. Halbuki həmin qızıl-zinət əşyalarının mövcud olmasını heç vaxt inkar etməyib və paylarına uyğun aralarında bölünməsinə də razı olub. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamından görünür ki, Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan qardaşı Cavabdeh2 üzərində qəyyum təyin edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, ünvan 4 mənzil 11; ünvan 4 mənzil 14; Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 124, mənzil 43; Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 33 (ümumi sahəsi 35,8 kv.m.); Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1315 saylı bağ sahəsi; Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1315A saylı bağ sahəsi; Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 28 saylı evin qarşısında yerləşən ümumi sahəsi 23,2 kv.m. olan qaraj; ünvan 3 mənzil 10 ünvanda yerləşən paylı mülkiyyətdən X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və İddiaçı hər biri 1/3 hissədə pay almışlar. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə baxışı bitənə qədər iddia ərizəsində göstərilmiş əmlakların (pul, qızıl) üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1584/2020 saylı qərardadından görünür ki, həmin qərardadla ünvan 4 mənzil 11 ünvanında qalan mübahisəli və aşağıda sadalanan əşyalar üzərinə həbs qoyulması qərara alınmışdır: 1 ədəd tək adi qaşlı qızıl üzük, 583 əyar, 1 ədəd iri yaşıl və ağ çirkon qaşlarla bəzədilmiş üzük 583 əyar, 1 ədəd qədim 750 əyar düzbucaq formalı 6 ədəd iri brilyant qaşlı qadın üzüyü-1970 manat, 1 ədəd persi kişi üzüyü brilyant qaşlı 583 əyar, 1 ədəd tovuz quşu quyruğuna oxşar 1 böyük 3 kiçik brilyant qaşlı “təkqaş” 583 əyar, 1 ədəd tək qaş brilyant 583 əyar, tək qaş komplekt 1 ədəd üzük, 1 cüt sırğa 583 əyar, 8 bucaqlı formada gül üzük brilyant, qədimi qara şəbəkə, şəvə daşlı qızıl sep, 1 ədəd uzun iri badama oxşar 750 əyar üzük, 1 ədəd çəhrayı qaşlı qızıl qolbağ 583 əyar, tısbağa kulon və üzük 750 əyar italiya istehsalı “qraziella”, tros sep 583 əyar 30 qramlıq, iri medalyon “Valentino” kənarı haşiyəli 750 əyar, çaydaşı formalı italyan istehsalı 1 cüt sırğa və üzük 750 əyar, 10 ədəd qızıl diş qapaq, 2 ədəd platin qab, 1 cüt qızıl sirğa qaşsız 583 əyar, 1 cüt kəhrəba qaşlı sırğa sallama, 583 əyar, 1 ədəd qızıl saat 583 əyar, 1 ədəd qızıl saat sepi 583 əyar, 1 ədəd enli sünbül qolbağ 583 əyar, 2 ədəd enli, 1 ədəd nazik nişan üzüyü 583 əyar, 1 ədəd türk lirəsi, 1 ədəd qızıl sep 583 əyar, 1 ədəd qızıl broşka 583 əyar, 1 ədəd zambaq formalı sırğa 583 əyar, 1 ədəd şəbəkə üzük qədim aşıq mavi qaşlı 583 əyar, 1 ədəd şəbəkə qolbağ 583 əyar, 1 ədəd şəbəkə sırğa 583 əyar, 1 ədəd “arpa” boyunbağı, 1 ədəd sep 583 əyar, 1 ədəd iri qaşlı kolyeyə oxşar medalyon 1 ədəd yaşıl və çoxlu sayda ağ çirkon qaşlı 583 əyar, 1 ədəd paxlava brilyant üzük 583 əyar, 1 ədəd qədimi brilyant qaşlarla bəzədilmiş qolbağ 583 əyar, 1 ədəd 3 orta qaşlı paxlava brilyant üzük 583 əyar, 1 dəst üzük və 1 cüt sırğa gül komplekt brilyant qaşlarla bəzədilmiş 750 əyar qədimi, 1 ədəd “Zümrüd” qaşlı qızıl 583 əyar qolbağ, oval formada komplekt İtaliya istehsalı qızıl 750 əyar, seyfdə olan 11195 manat və 60500 ABŞ dolları. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1584/2020 saylı qərardadını icra etmək məqsədi ilə icra məmurları Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 4 mənzil 11 ünvanına gəlmiş və içində üzərlərinə həbs qoyulmuş qızıl-zinət əşyaları və pul vəsaitlərin olması ehtimal edilən dəmir qutu açılmış, həmin qutuda olan 39 adda qızıl-zinət əşyaları aşkar olunmuş, 1 ədəd “arpa” boyunbağı, 11195 manat və 60500 ABŞ dolları aşkar edilməmişdir. Aşkar olunan qızıl-zinət əşyaları həmin mənzildə yaşayan X1 verilmişdir. İşə baxılan müddətdə tərəflər razılığa gəlməyə cəhd etmiş, hətta qızıl-zinət əşyalarından hansının kimə çatacağı barədə siyahı da tərtib etmiş, lakin nəticədə iddia tələbinin digər hissələri üzrə ortaq məxrəcə gələ bilmədiklərindən məhkəmə araşdırmasının barışıq sazişi ilə tamamlanması mümkün olmamışdır. Beləliklə, iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının (1 ədəd “arpa” boyunbağından başqa) tərəflərin valideynlərindən miras qalması və tərəflərin miras olaraq qəbul etdikləri ünvan 4 mənzil 11 ünvanında yerləşən dəmir qutuda (seyfda) olması işin mübahisə olunmayan hallarındandır. “M.Əzizovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2018-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir”. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, qızıl-zinət əşyaları ilə birlikdə tərəflərin valideynlərindən dəmir qutuda pul vəsaitlərinin də miras qalması, eyni zamanda Cavabdeh1 tərəflərin paylı mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrindən 210000 manat gəlir əldə etməsi iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin valideynlərindən miras qalmış və ünvan 4 mənzil 11 ünvanında saxlanılan qızıl-zinət əşyalarının 1/3 hissəsi və ya qızıl-zinət əşyaları mövcud olmadıqda, onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin valideynlərindən miras qalmış və ünvan 4 mənzil 11 ünvanında saxlanılan qızıl-zinət əşyalarının 1/3 hissəsi və ya qızıl-zinət əşyaları mövcud olmadıqda, onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi cavabdehlərdən alınaraq iddiaçıya ödənilsin, digər 15 (on beş) manat hissəsi isə iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar