Məhkəmə qərarları › İş №2(001)-2309/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2309/2024

22.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2309/2024 22.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, “barışıq sazişi” nin 1-ci, 2-ci və 3cü maddələrinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsində digər tələblərlə yanaşı nikahın pozulması hissəsində də barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Lakin nikah məhkəmə qaydasında pozula bilər və bununla əlaqədar iddiaçı nikahın pozulmasına dair iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Eyni zamanda barışıq sazişinin 1-ci şərtində bu hal özünü əksini tapmış, yəni qeyd edilmişdir ki, “ tərəflər onlar arasında xx.xx.2021-ci il tarixdə 24 №-li reyestr qeydi ilə 4 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına razıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə, Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Eyni zamanda, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün Binəqədi Rayon Məhkəməsinin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada məbləğdə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydad və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməklə “uşağın ananın yanında qalması və aliment” tələbi ilə əlaqədar barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə və nikahın pozulması ilə bağlı isə iddia icraatı qaydasında iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilir ki, o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməklə “uşağın ananın yanında qalması və aliment” tələbi ilə əlaqədar barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə və nikahın pozulması ilə bağlı isə iddia icraatı qaydasında iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar