Məhkəmə qərarları › İş №2(001)-2312/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2312/2024

27.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2312/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Ərizəçi nümayəndəsi X1, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X2 izahatında məhkəməyə bildirdi ki, tərəflər arasında uşaqların ananın yanında saxlanılması ilə bağlı xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00104 saylı Barışıq sazişi bağlanmış və həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında məhkəməyə bildirdi ki, ərizəni qəbul edir, xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00104 saylı Barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00104 saylı Barışıq sazişindən göründüyü kimi, həmin saziş mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və həmin sazişdə aşağıdakılar göstərilmişdir: “ ... Maraqlı şəxs 1-ci tərəf Ərizəçi tələbini qəbul edərək, qeyri-rəsmi nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 anasının - 1-ci tərəf Ərizəçi himayəsində, yanında qalmasına razılıq verir Tərəflərin uşaqların saxlanılması ilə əlaqədar bir-birilərinə qarşı aliment tələbləri yoxdur”. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 atası Maraqlı şəxs, anası isə Ərizəçidır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Həmin Qanunun 33.3-cü maddəsinə müvafiq olaraq, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Həmin Qanunun 34-cü maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə müvafiq olaraq, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. İş materiallarında olan sənədlərdən göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00104 saylı Barışıq sazişinə əsasən, Maraqlı şəxs xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində saxlanılmasını qəbul etmiş və tərəflər bir-birinə münasibətdə aliment tələblərinin olmamasını razılaşdırmışlar. İş materiallarında olan sənədlərlə Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsndə sadalanmış əsasların mövcud olması təsdiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00104 saylı Barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024- 00104 saylı Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “... Maraqlı şəxs 1-ci tərəf Ərizəçi tələbini qəbul edərək, qeyri-rəsmi nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 anasının - 1-ci tərəf Ərizəçi himayəsində, yanında qalmasına razılıq verir. Tərəflərin uşaqların saxlanılması ilə əlaqədar bir-birilərinə qarşı aliment tələbləri yoxdur”. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar