Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2335/2025 07.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, Ərizəçi ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qarşı tərəfin ona olan borcarıyla birlikdə (saziş imzalandığı gündən etibarən) alimentin artırılaraq 246 manat olması üçün ona kömək edərək təmin edilməsini, bu məbləğin “saziş” imzalandığı gündən hesalanmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, alimentin miqdarının qaldırılaraq 246 manat olması barədə xx.xx.2024-cü il tarixdə tərəflər arasında 8 saylı Mediasiya Təşkilatında qarşılıqlı razılaşaraq “saziş” əldə edilmişdir. Lakin buna baxmayaraq aliment köhnə məbləğdə ödənilir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Hazırkı ərizənin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında barışıq sazişi bağlanmış, lakin qarşı tərəf barışıq sazişini könüllü şəkildə icra etməmişdir. Ərizəçi hazırkı ərizənin tələb hissəsində barışıq sazişinin təsdiq edilməsini qeyd etməli olduğu halda, alimentin artırılmasını xahiş etmişdir. Həmçinin, onu da vurğulamağı zəruri hesab edirəm ki, ərizəçi ayrıca alimentin artırılmasını tələb etdikdə, icra icraatı qaydasında aliment məbləğinin indeksasiya olunması barədə ərizə ilə müraciət etməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Ərizədə isə ümumiyyələ nə ərizəçinin, nə də maraqlı şəxsin məlumatları qeyd olunmayıb, halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəflərin məlumatları tam və düzgün şəkildə ərizədə göstərilməlidir. Çünki, ərizədə məlumatların düzgün göstərilməsi ərizəçinin vəzifəsidir və məlumatlar göstərilmədikdə, çəkişmə prinsipinə əməl edilməsi üçün məhkəmə bildirişinin və ərizənin surətinin maraqlı şəxsə göndərilməsi qeyri-mümkün olur. Əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edirəm ki, ərizəçi tərəfindən hazırki ərizənin məhkəməyə verilməsi üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.3-cü maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, ərizəsini mülki prosessual qanunvericiliyinin tələblərinə riayət etməklə və hazırki ərizənin verilməsinə görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilir ki, o, ərizəsini mülki prosessual qanunvericiliyinin tələblərinə riayət etməklə və hazırki ərizənin verilməsinə görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2335/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2335/2025
07.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver