Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-248/2022 11.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh1 (həmçinin digər Cavabdeh2 nümayəndəsi qismində) iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeyri-qanuni tikilinin sökülməsi və istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeyri-qanuni tikilinin sökülməsi və istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda tərəflərə məxsus fərdi yaşayış evləri yerləşir, müvafiq olaraq bu ünvana pasport qeydiyyatına alınmışlar. Həmin evlər uzun müddət bundan qabaq inşa edilmiş tikililərdir. Bir müddət bundan öncə cavabdehlər tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin otağının pəncərəsinin qarşısında tikinti işləri aparılaraq qanunsuz tikili inşa edilmişdir. Bu tikili nəticəsində otağın işıqlanması, havalanması və s. ciddi maneçilik yaranmış, həmçinin həmin sahədən iddiaçının istifadə etməyi mümkünsüz olmuş və dama qalxmağı üçün də ciddi maneçilik yaranmış və mümkünsüz olmuşdur. Halbuki həmin hissə iddiaçıya məxsus fərdi yaşayış evinə aid olan hissədir. İddiaçı cavabdehlərə bu barədə dəfələrlə iradını bildirmiş, etiraz etmiş, lakin cavabdehlər iddiaçının iradlarına əhəmiyyət verməmişlər. Faktiki olaraq iddiaçıya məxsus yaşayış sahəsindən rahat istifadə edilməsinə ciddi maneçiliklər yaranmış və pəncərənin qarşı hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Beləliklə, cavabdehlər tərəfindən inşa edilmiş tikili sökülməlidir, həmin sahədən iddiaçının istifadəsinə maneə aradan qaldırılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, mübahisələndirilən sahədə cavabdehlər tərəfindən hər hansı tikili inşa edilməmiş, iddia ərizəsində o, mübahisəli sahənin bir hissəsinin şiferlə örtülməsini nəzərdə tuturdu. Buna heç bir zərurət yox idi və nəticədə onun evinin işığlanmasına və havalanmasına maneə yaranıb. Eyni zamanda cavabdehlər onun pəncərəsinin ətrafına öz köhnə əşyalarını yığıb və bu da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Onun məhkəməyə təqdim etdiyi şəkillərdə cavabdehlərin deyil, onun həyətidir. Mübahisəli sahəni o, yalnız pəncərədən çəkə bilir. Belə ki, həmin sahə cavabdehlər tərəfindən zəbt edilib və o, həmin sahədən istifadə edə bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 (həmçinin digər Cavabdeh2 nümayəndəsi qismində) izahatında məhkəməyə bildirdi ki, hazırkı iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçının mübahisələndirdiyi sahənin iddiaçıya heç bir aidiyyəti yoxdur. Həmin sahə iddiaçının pəncərəsinin qarşısında olsa da, onlara məxsusdur, ora giriş-çıxış da onlara aiddir. Bununla yanaşı onlar həmin sahədə heç bir tikili inşa etməmişlər. Orada görülmüş yeganə iş – sahənin üstünün bir hissəsinin yağışdan qorunması məqsədilə şiferlə örtülməsidir. Onunla belə, onların iddiaçının ərazisinə baxan pəncərələrinin qarşısından fərqli olaraq, həmin sahə tam qapanmayıb, nə işıqlanmaya, nə havalandırmaya məhdudiyyət yoxdur. İddiaçının özünün məhkəməyə təqdim etdiyi şəkillərdən görünür ki, o, onların pəncərəsi qarşısında daha əsaslı təmirtikinti işləri görmüş, həyəti ümumiyyətlə bağlamışdır. Eyni məntiqlə yanaşılsa, gərək onlar da işıq və havanın qarşısının alınmasında şikayət etsinlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Cavabdehlər tərəfindən zəbt edilmə və ya müəyyən maneələrin törədilməsi faktının mövcud olub-olmamasının araşdırılması məqsədilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2(001)-4843/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.12.2021-ci il tarixli, 10/3698 saylı ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: “ ... Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan yaşayış evləri 1 mərtəbəli olub, bir-birinə bitişik şəkildə, yanaşı sahələrdə yerləşirlər. Hər iki yaşayış evlərinə giriş küçə tərəfdəndir. İddiaçı məxsus yaşayış evi bir tərəfdən küçə ilə, digər tərəfdən isə qonşu sahələrlə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus yaşayış evi iki tərəfdən küçə ilə, digər iki tərəfdən isə qonşu evlərlə əhatə olunmuşdur. Cavabdeh İddiaçı iddia etdiyi sahə hər iki yaşayış evinin bitişik olan hissəsinə, yan fasad divarının qarşısında yerləşir. Mübahisəli sahənin uzunluğu 4,5 metr, eni 2,3 metr təşkil edir. ... Baxış zamanı mübahisəli sahənin bir hissəsinin üstünün yağış sularından qorunmaq məqsədilə metal şiferlərlə bağlandığı müəyyən olunmuşdur. Lakin həmin sahədə hər hansı əlavə tikilinin inşa olunması müəyyən edilməmişdir”. Beləliklə, iddiaçı iddia ərizəsində ünvan 1 ünvanda yerləşən və faktiki olaraq ona məxsus fərdi yaşayış evinin otağının pəncərəsinin qarşı hissəsində inşa edilmiş tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülməsinə, həyətyanı sahədən istifadə edilməsi qaydalarının müəyyən edilməsinə və həmin sahədən (pəncərənin qarşı hissəsindən) onun istifadə etməyinə yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etdiyi təqdirdə, ona məxsus pəncərənin qarşısında cavabdehlər tərəfindən tikili inşa etməsi, onun məhz həmin sahədən istifadə hüququnun olması və bu istifadəyə cavabdehlər tərəfindən maneələrin törədilməsini sübut etmək onun vəzifəsi idi, lakin o, həmin vəzifəni icra etməmiş, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizanın nəticəsində isə müəyyən edilmişdir ki, mübahisəli ərazidə cavabdehlər tərəfindən hər hansı tikili inşa edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeyri-qanuni tikilinin sökülməsi və istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeyri-qanuni tikilinin sökülməsi və istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-248/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-248/2022
11.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver