Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2318/2025 04.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «qanunsuz tikilmiş artırmanın sökülməsi və qaz xətti borularının yaşayış binasının qarşısından götürülməsi, mülkiyyətdə olan əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbi»nə dair iddia ərizəsi ilə bağlı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «qanunsuz tikilmiş artırmanın sökülməsi və qaz xətti borularının yaşayış binasının qarşısından götürülməsi, mülkiyyətdə olan əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən 5/13 saylı binanın 4 saylı mənzili üzərində İddiaçı1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına çıxarış verilmişdir. Mülkiyyətində olan mənzil binanın 2-ci mərtəbəsində yerləşir. Cavabdehə məxsus 2 saylı mənzil binanın və onların blokun 1-ci mərtəbəsində yerləşir. Cavabdeh 2023-cü ilin aprel ayında həmin mənzili almış və mənzili aldıqdan sonra onu qeyri-yaşayış sahəsinə çevirmiş və daha sonra həmin mənzilin qarşısında, gediş-gəliş yolunun üstündə artırma etmiş və xx.xx.2024-cü il tarixdə qaz istismarı və texniki təhlükəsizlik qaydalarına zidd şəkildə qaz xətti çəkmiş, həmin qaz xətti də onun eyvanının qarşısından çəkilməklə binanın görkəmini ciddi şəkildə pozmaqla yanaşı, sakinlər üçün bir təhlükə mənbəyinə çevrilmişdir. Cavabdeh mənzili aldıqdan sonra binanın özülündə qazıntı işləri aparmış və oradan 2 kamaz maşını ilə daş, qum çıxarılmışdır. Tikilən həmin artırmaya qaz xətti çöldən çəkilmiş və bu da binanın xarici görünüşünə eybəcər bir görüntü vermişdir. Bundan başqa həmin qaz xətti yaşadıqları mənzilin eyvanı qarşısından çəkilsə də, bu mənzilin sahibi kimi onun razılığı belə alınmamışdır. Həmin qaz xətti çəkiləndən bəri onların rahatlıqları pozulmuş və ümumiyyətlə binanın özülünün qazılaraq oradan 2 kamaz maşını ilə daş və qumların daşınması binaya ciddi zərərin vurulmasından xəbər verir. Bundan başqa qeyri-yaşayış sahəsinə qaz xəttinin çəkilməsi qanunaziddir. O, bu qanunsuzluqlar barəsində Ali hüquq mühafizə orqanlarına, Sumqayıt şəhər Prokurorluğuna və aidiyyəti üzrə qurumlara dəfələrlə müraciət etmiş, lakin həmin şəxslər barəsində tədbir görülməmiş və Sumqayıt şəhər Polis İdarəsi TŞ-nin baş təhqiqatçısı X1 xx.xx.2024-cü il tarixli Qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/13-də yerləşən 2 saylı mənzilin qarşısında cavabdeh tərəfindən tikilmiş qanunsuz artırmanın sökülməsi və həmin artırmaya çəkilən qaz xəttinin ləğv olunması, mülkiyyətdə olan mənzilindən normal istifadəyə yaradılmış maneənin aradan qaldırılması, tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, sözügedən mənzil cavabdehin mülkiyyətindədir. Cavabdeh mənzili almış və mənzili aldıqdan sonra Mənzil Məcəlləsinin tələblərinə əsasən onu qeyri-yaşayış sahəsinə çevirmişdir. 2023-cü il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. 22 may 2023-cü il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilmişdir. Sərəncamın icrasına nəzarət isə Memarlıq və Şəhərsalma İdarəsinə həvalə edilmişdir. Cavabdeh tərəfindən "xxxx" MMC ilə müqavilə imzalanmış, mənzilin yenidən planlaşdırılması üçün eskiz lahiyə hazırlanmışdır. Lahiyə sərəncama əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən möhürlə təsdiqlənmişdir. Cavabdeh tərəfindən edilmiş dəyişikliklər qanuna uyğundur. Lahiyənin hazırlanması ilə əlaqədar aidiyyəti təşkilatlardan razılıq alınmışdır. Qaz xətti isə təhlükəsizlik qaydalarına əməl edilməklə "xxxx" MMC tərəfindən çəkilmişdir. "xxxx" MMC tərəfindən sənədlər toplanmış, texniki şərtlərə əməl edilməklə qaz xətti çəkilmişdir. Qaz idarəsi ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında mənzilə sayğac quraşdırılmışdır. Cavabdeh tərəfindən heç bir qanunun tələbi pozulmamışdır. İddiaçının iddia qaldırmağa subyektiv hüququ yoxdur. Sözügedən həyət ümumi deyil, aidiyyatı orqanlara məxsusdur. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/13, mənzil 4 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına xx.xx.2017-ci il tarixdə ********** saylı nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 301 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 4 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2023-cü il tarixdə ********** saylı nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Sumqayıt filialının İddiaçı1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Energetika Nazirliyinə, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/13, mənzil 2 ünvanında qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyektə (mənzilə edilmiş artırma) qeyri-qanuni, təhlükəsizlik tədbirlərinə zidd olaraq çəkilmiş qaz xətti və üzərində quraşdırılmış qaz sayğacı barədə daxil olmuş müracətinə X2 Agentliyinin Sumqayıt filialında araşdırılmışdır. Agentiliyin Sumqayıt filialı və Sumqayıt Qaz İstismar Sahəsinin nümayəndələrinin birlikdə iştirakı ilə xx.xx.2024-cü il tarixində baxış keçirilən baxış zamanı məlum qaz xəttinin 57 mm-lik daşıyıcı qaz xəttinə qoşulduğu və üzərində G-4 markalı mexaniki qaz sayğacının quraşdırıldığı məlum olmuşdur. Sözügedən ünvana çəkilmiş qaz xətti və üzərində quraşdırılmış G-4 markalı mexaniki qaz sayğacı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli texniki şərt əsasında hazırlanmış işçi lahiyə üzrə aparılmışdır.
9. İş materiallarında olan “Azəriqaz” İB-nin Sumqayıt QİS-in İddiaçı1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müraciət əsasında Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/13, mənzil 2 ünvanında qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyektə (mənzilə edilmiş artırma) nümayəndələri tərəfindən yerində baxış keçirilmişdir. Baxışın nəticəsi olaraq qeyd olunan ünvanda quraşdırılmış qaz xətti Lahiyə-smeta sənədlərinə uyğun çəkilmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası, Fövqəladə hallar Nazirliyi Dövlət yanğın Nəzarət Xidmətinin Sumqayıt X5 Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarət şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/13, mənzil 4-də yaşayan İddiaçı1 tərəfindən Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış və DYNX-də qeydiyyata alınmış xx.xx.2024-cü il tarixli, 3-18-5/1-M018xx-xx/2024 nömrəli müraciətin araşdırılması ilə bağlı qeyd olunan ünvana baxış keçirilmişdir. ünvan 3 zamanı, obyektə çevrilmiş mənzilin daxilinə qaz xəttinin çəkilmədiyini müəyyən etmişlər. Həmin ünvana çəkilmiş yeni qaz xətti obyektin çöl divarına çəkilmiş və gələcəkdə kombi üçün istifadəsi nəzərdə tutulması bildirilmişdir.
11. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı1 şikayəti əsasında aparılmış araşdırma üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və yaranmış mübahisə ilə əlaqədar olaraq məhkəmə orqanlarına müraciət etməsi izah olunmuşdur.
12. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 23 may 2023-cü il tarixli, 358 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, 13/5 nömrəli binada yerləşən 2 nömrəli yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmişdir.
13. İş materiallarında olan Qaz kəmərlərinin istismara qəbulu barədə aktın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (gözəllik salonu) qazlaşdırılması barədə akt tərtib olunmuşdur.
14. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3707 saylı ekspert rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/13-də yerləşən, 2 saylı mənzilin qarşısında inşa edilmiş tikilinin (7x4 m ölçüdə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarın 3-cü və 4-cü bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən olunmuşdur. Ekspertiza xərci 100 manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli mənzil cavabdehin xüsusi mülkiyyətindədir və həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. 23 may 2023-cü il tarixli Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə bu dəyişiklik rəsmiləşdirilmiş, sərəncamın icrasına nəzarət Memarlıq və Şəhərsalma İdarəsinə həvalə olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, qaz xətti texniki şərtlərə və təhlükəsizlik qaydalarına riayət edilməklə "xxxx" MMC tərəfindən çəkilmiş, qaz təsərrüfatı orqanı ilə müqavilə bağlanmış və sayğac quraşdırılmışdır. Eyni zamanda, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/13-də yerləşən, 2 saylı mənzilin qarşısında 7x4 m ölçüdə tikili inşa edilmişdir. Hazırda iddiaçılar həmin tikilinin sökülməsini və qaz xəttinin ləğv edilməsini, habelə mülkiyyətdən istifadəyə yaradılmış maneənin aradan qaldırılmasını tələb edirlər, cavabdeh tərəf iddia tələbinə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Beləliklə, göründüyü kimi mülki iş üç iddia tələbindən – artırmanın sökülməsi, qaz xəttinin ləğv edilməsi və maneənin aradan qaldırılması tələblərindən ibarətdir.
18. Məhkəmə iddia tələbinin “Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/13-də yerləşən 2 saylı mənzilin qarşısında cavabdeh tərəfindən tikilmiş qanunsuz artırmanın sökülməsi və həmin artırmaya çəkilən qaz xəttinin ləğv olunması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Göstərilən Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
21. Qeyd olunan Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
22. Eyni Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
25. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
26. Eyni Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
27. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
28. Bu Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
29. Həmin Məcəllənin 180.2-ci maddəsinə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
30. Bu Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
31. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
32. Hazırki mübahisəli vəziyyət üzrə xüsusi bilik tələb olunduğundan iş üzrə müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/13-də yerləşən, 2 saylı mənzilin qarşısında inşa edilmiş tikilinin (7x4 m ölçüdə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarın 3-cü və 4-cü bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən olunmuşdur.
33. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
35. Torpaq sahəsinə qanunsuz sahiblik, yəni özbaşına sahiblik, torpaqların zəbt edilməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi ilə qadağan edilir. Həmin maddədə təsbit edilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
36. İddiaçıların sökülməsini tələb etdiyi tikili cavabdehin qanuni əsaslar olmadan sahiblik etdiyi Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/13-də yerləşən 2 saylı mənzilin qarşısında inşa edilmiş 7x4 m ölçüdə olan tikilidir.
37. Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından həmin tikili hüquqi rejiminə görə özbaşına tikinti hesab edilir.
38. Bununla belə, həmin tikilinin sökülməsi tələbinə münasibətdə hüquqi dəyərləndirmə ilk öncə “subyektiv hüquq”a malik olma kontekstində aparılmalıdır.
39. Bu həm də özbaşına tikinti və onun nəticələrini müəyyən edən müvafiq qanunun müddəalarından irəli gəlir, çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə bu cür tələbi irəli sürmək hüququna malik olan subyektlərin dairəsi müvafiq icra hakimiyyəti orqanı və ya “maraqlı tərəf”lə məhdudlaşdırılmışdır.
40. Beləliklə, məhkəməyə göstərilən məzmunlu iddia ərizəsi ilə müraciət etmiş şəxsin “maraqlı tərəf” sayılması qanunvericilikdə məhz tikilinin onun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasının təsdiq edilməsi ilə şərtləndirilmişdir, tikili qanunvericiliyin tələblərinə cavab verməsə belə, şəxs yalnız bu zaman həmin tikilinin sökülməsini tələb etmək hüququ qazanır.
41. Təkrar vurğulanmalıdır ki, iddiaçılardan İddiaçı1 qonşu mənzildə yerləşən Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/13, mənzil 4-ün mülkiyyətçisidir. O da qeyd edilməlidir ki, digər İddiaçı2 sözügedən mənzilə dair hüquqlarını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir.
42. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
43. Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
44. Göstərilən normanın məzmunu onu ehtiva edir ki, yalnız qanuni hüquq və mənafelərin məhkəmə müdafiəsinə təminat verilir, iddia qaldırmış şəxsin hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir.
45. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/13-də yerləşən 2 saylı mənzilin qarşısında cavabdeh tərəfindən tikilmiş qanunsuz artırmanın və həmin artırmaya çəkilən qaz xəttinin iddiaçıların hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasını təsdiq edən hər-hansı sübut(lar) məhkəməyə təqdim edilməmişdir.
46. Həmçinin, məhkəmə iddia tələbinin “mülkiyyətdə olan mənzilindən normal istifadəyə yaradılmış maneənin aradan qaldırılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
47. Belə ki, iddiaçılar tələbin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişlər.
48. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
49. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
50. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
51. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
52. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
53. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
54. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
55. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «qanunsuz tikilmiş artırmanın sökülməsi və qaz xətti borularının yaşayış binasının qarşısından götürülməsi, mülkiyyətdə olan əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbi»nə dair iddiası təmin edilməməlidir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
58. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
59. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
Nəticə hissəsi:
64. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «qanunsuz tikilmiş artırmanın sökülməsi və qaz xətti borularının yaşayış binasının qarşısından götürülməsi, mülkiyyətdə olan əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbi»nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva