Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-738/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh2, cavabdeh4 və cavabdeh5 qarşı iş üzrə QƏRARİ Iş № *(1-8)-738/2026 (Açar sözlər: mülkiyyətə qəsd və başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh2, cavabdeh4, cavabdeh5 qarşı “qanunsuz pilləkənin və iddiaçının evinin pəncərələri qarşısında quraşdırılmış lövhələrin sökülməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə ## ### 2024-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən Bakı şəhər Xətai rayon Icra Hakimiyyətinin başçısı Rafiq Quluyevə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin rəisi Cəbrayılov Xanlarovaya və ünvan 2 ünvanında yaşayan sakinlərə ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 45 kv.m torpaq sahəsində özbaşına yaşayış evlərinin inşası, həmçinin 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində əvvəllər mövcud olmayan pilləkənin inşa edilməsi ilə bağlı yaranmış narazılıq barədə bir qrup sakinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış ##.##.2022-ci il tarixli müraciətinə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsində baxılmışdır. Əməkdaşlar tərəfindən yerində baxış zamanı Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, İ.Abbasov küçəsi, ev 51 ünvanında vətəndaş cavabdeh1 tərəfindən mövcud mərtəbəli fərdi yaşayış evinin inşa edilməsi müşahidə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin ##.##.2014-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları” na və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2014-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.
3. Bakı şəhər Xətai Rayon Polis Idarəsi 37-ci Polis şöbəsi tərəfindən ünvan 1 ünvanında yaşayan maraqlı şəxs3 verilmiş ## ######## 2022-ci il tarixli məktubun surətindən görünür ki, vətəndaş cavabdeh2 Etibar qızının əməllərində inzibati xəta pozuntusu aşkar olunduğu üçün barəsində AR IXM-nin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Müraciətdə digər göstərilən ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsinə qarşı tərəfin daha çox torpaq pay istəyərək iddia etməsi və orada təmir-tikinti işləri aparılması ilə bağı xüsusatlar mülki xarakterli olduğu üçün mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmağı məqsədə müvafiqdir.
4. Iş materiallarında olan fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərəsinin qarşısında təxminən iki metrlik məsafədə cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 yaşadığı fərdi yaşayış evinin pilləkənləri tikilmiş və bir dəmir lövhə quraşdırılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh2, cavabdeh4, cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Ilqar Abbasov küçəsi ev 51 həyətində cavabdehlər cavabdeh3, X1, cavabdeh2, cavabdeh5, cavabdeh4 tərəfindən və həmin cavabdehlərin vəsaiti hesabına inşa edilmiş özbaşına iki mərtəbəli tikilinin pilləkəninin, habelə iddiaçının mülkiyyətində olan evinin pəncərələri qarşısında quraşdırılmış lövhələrin cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh2, cavabdeh5, cavabdeh4 hesabına sökülməsi və həyətində hasar inşa etməyinə və ya hər hansı tikinti işlərinin görülməsinə maneələr törədilməsinin cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh2, cavabdeh5, cavabdeh4 qadağan edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh şəxslərdən cavabdeh1 iddiaçının mərhum qardaşının arvadıdır, cavabdeh3, cavabdeh2, cavabdeh4, cavabdeh5 isə iddiaçının mərhum qardaşı Etibarın uşaqlarıdır. Onlar iddiaçının mülkiyyətində olan evin həyətyanı sahəsində yerləşən 1 mərtəbəli özbaşına tikili olan yaşayış evində yaşamışlar, sonradan həmin yaşayış evini sökərək, müvafiq icazə və razılaşma olmadan iki mərtəbəli fərdi yaşayış evi inşa etmişlər və həmin fərdi yaşayış evinin ikinci mərtəbəsinə qalxan, iddiaçının və ailə üzvlərinin gediş-gəlişinə maneçilik törədəcək qədər uzun ölçüdə pilləkən inşa etmişlər, habelə iddiaçının pəncərələrinin qarşısında hündür lövhələr quraşdırmışlar Cavabdehlərin inşa etdikləri pilləkən və quraşdırdığı lövhələr iddiaçının öz mülkiyyətində olan fərdi yaşayış evindən mülahizəsinə əsasən istifadəsini məhdudlaşdırır. Belə ki, həmin pilləkənin tikilməsindən sonra iddiaçı evinin çöl divarlarını, pəncərələrini təmir etdirə bilmir, evinin arxasına, yan tərəflərinə keçə bilmir, belə ki, həmin pilləkən və lövhələr, habelə yola yığdıqları şkaf və dolablar, digər əşyalar buna imkan vermir. Habelə cavabdehlər də buna imkan vermirlər. Nəticədə qalmaqal, ciddi narazılıq, stressli vəziyyətlər yaranır, quraşdırılmış lövhələr isə hündürlüyü 3 metrdən çox olduğu və evinə çox yaxın olduqları üçün evə günəş şüalarının düşməsinin və təmiz hava daxil olmasının qarşısını alır. Iddiaçının evinə həmin vaxtdan günəş işığı düşmür və hava girmir. Bundan başqa cavabdehlər iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yanında iddiaçı və ailə üzvləri, o cümlədən iddia ərizəsində göstərilən iddiaçı tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddiaçının evinə qonaq gəldikdə qalmaqallı vəziyyətlər yaranır. Cavabdehlərdən hətta cavabdeh2 Etibar qızı üçüncü şəxs maraqlı şəxs3 münasibətdə xırda xuliqanlıq əməlini törətdiyinə görə AR IXM-nin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Habelə arxa küçədən açılan darvazaları olduğu halda cavabdehlər iddiaçının darvazasından istifadə edirlər, iddiaçının həyətinin çöl divarına nalayiq sözlər də yazılmışdır. Iddiaçı bunu qalmaqala təhrik kimi qəbul edərək 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir ki, gələcəkdə belə hallara yol verilməsin.
7. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli fərdi yaşayış evinə yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli ünvanda üç fərdi yaşayış evi və bir köhnə tikili ev mövcuddur. Həmin köhnə tikili olan ev - ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestrində” mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Iddiaçı həmin evin yanında bir tikili daha inşa etmişdir və hazırda həmin tikililər onun faktiki sahibliyinə və istifadəsindədir. Həmçinin həmin həyətdə iki özbaşına tikili daha inşa edilmişdir. Tikililərdən biri iddiaçının mərhum qardaşı tərəfindən inşa edilmişdir, hazırda həmin evdə onun arvadı cavabdeh1, onun övladları cavabdeh2 və cavabdeh3 yaşayır. Digər özbaşına tikili olan evdə iddiaçının mərhum qardaşının digər qızı cavabdeh5 yaşayır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 5 ünvanda inşa edilmiş özbaşına iki mərtəbəli tikilinin pilləkəninin və iddiaçının evinin pəncərəsi qarşısında quraşdırılmış dəmir lövhənin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 hesabına sökülməsi, iddia tələbinin cavabdehlər cavabdeh4 və cavabdeh5 qarşı hissədə təmin edilməməsi qət edilmişdir (hakim - İ.Abbasova).
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının sökülməsini tələb etdiyi pilləkən və lövhə müvafiq icazə alınmadan, həmçinin tikinti normalarına riayət edilmədən tikildiyindən, cavabdehlər Şəfiqə Məmmədov, cavabdeh2 və cavabdeh3 hesabına sökülməlidir. Iddia tələbi cavabdehlər cavabdeh4 və cavabdeh5 qarşı əsaslandırılmadığından təmin edilməməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 180-cı, Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 72-ci, Mülki Prosessual Məcəlləsinin 77.1, 217, 218-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həyətdə 3 fərdi yaşayış evi və bir köhnə tikili var. Köhnə tikili iddiaçının adına qeydiyyata alınıb. Həmin tikili ata mülkiyyətidir və evə mirasın qəbul edilməsi ilə bağlı cavabdeh1 həyat yoldaşı və digər cavabdehlərin atası Etibar Məmmədov müraciət edib, vərəsəlik işi açılıb və o öldüyündən, irsi transmissiyaya riayət edilmədən iddiaçı köhnə tikiliyə xüsusi mülkiyyət hüququ əldə etmişdir. Yerində müayinə iclası və təqdim olunan foto şəkillərdən görünür ki, həmin köhnə tikilinin qarşısında dəmir lövhə quraşdırılmamışdır. Lakin bu fakta məhkəmə qərəzli yanaşaraq, lövhənin də məhz köhnə tikilinin qarşısında quraşdırıldığını qeyd edir. Pilləkən əvvəldə olsa da, yalnız zəlzələdən sonra qəzanın qarşısını almaq üçün bərpa edilmiş və hər zaman cavabdehlərin istifadəsində olmuşdur. Yəni xüsusi mülkiyyətdə olan evə pilləkən heç bir maneçilik törətmir və öz istifadəsində olan torpaq sahəsi üzərində quraşdırılıb, bütün tikinti normalarına da tam şəkildə riayət olunubdur. Tikinti normasının pozulduğuna əsas verən hal vardırsa məhkəmə tərəfindən ekspertiza təyin olunaraq araşdırılmalı idi. Məhkəmə qətnaməsi formal mülahizələrə əsasən qəbul olunubdur.
13. Cavabdeh cavabdeh1 vəkili (nümayəndəsi) vəsatətlə məhkəməyə müraciət edərək, mübahisəli pilləkən və dəmir lövhələrin iddiaçının mülkiyyətinə aidiyyətinin olub-olmaması və tikililər arasında ara məsafələrinin olub-olmaması halının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin və Azərbaycan Respublikası Sanitar Epidemiologiya Mərkəzinin mütəxəssisləri cəlb edilməklə hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Lakin qərardadda qoyulmuş suallarda göstərilmiş məsələlərin müəyyən edilməsinin tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmaması əsası ilə rəyin verilməsindən imtina edilmişdir.
14. Cavabdeh tərəfin təqdim etdiyi “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli **/**-*** nömrəli mütəxəssis rəyindən görünür ki, cavabdeh cavabdeh1 məxsus olan evdə inşa edilmiş pilləkənlə və dəmir lövhə ilə xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan evin arasında ara məsafəsinin ölçüsü (pilləkən ilə) 1,69 metr, (lövhə ilə) 1,81 metr məsafə və özbaşına tikilmiş tikilinin qarşısında qoyulmuş dəmir lövhə ilə ara məsafəsi 1,15 metr məsafə təşkil edir. cavabdeh1 tərəfindən inşa edilmiş pilləkən və quraşdırılmış dəmir lövhələr iddiaçıya məxsus olan fərdi yaşayış evindən istifadə edilməsinə hər hansı bir maneə törətmir. Həmin pilləkən və quraşdırılmış dəmir lövhələr iddiaçıya məxsus olan fərdi yaşayış evində yerləşən sahələrin havalanmasına və həmin sahələrə təbii işığın düşməsinə məhdudiyyət yaratmır. Pilləkənin sökülməsinin cavabdehin inşa etdiyi evin dayanıqlığına təsir göstərməsi barəsində olan sual, evin fundamental məsələsinə aid olduğu üçün müəyyən edilməsi mümkün olmamışdır.
15. Apellyasiya baxışı zamanı mübahisəli ərazi məhkəmə tərəfindən də yerində müayinə edilmiş və müəyyən edilmişdir ki, cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 inşa etdirdikləri pilləkən ilə iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərəsi arasında təxminən 2 metr məsafə var və həmin pilləkən iddiaçının özünə məxsus evindən rahat istifadə etməsinə heç bir maneçilik yaratmır. Həmin pilləkən sonradan inşa edilsə də, əvvəlki pilləkən iddiaçının evinə daha yaxın məsafədə yerləşirdi. Iddiaçı və onun arvadı – iş üzrə üçüncü şəxs olan maraqlı şəxs5 bildirdilər ki, həmin pilləkənin üstündən onların evinin pəncərəsinə baxdıqda evin içini görmək olur. Amma yerində müayinə zamanı müəyyən edildi ki, pilləkənə qalxmadan iddiaçının evinin pəncərəsinə baxanda iddiaçının evinin içini görmək mümkündür, belə ki, pəncərə yer səviyyəsindən təxminən 1 metr hündürlükdə yerləşir. Eyni zamanda müəyyən edilmişdir ki, pilləkən ilə iddiaçıya məxsus evin pəncərəsinin arasında, pəncərədən təxminin 0,8 metr aralı cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 tərəfindən quraşdırılmış bir dəmir lövhə yerləşir. Dəmir lövhə iddiaçının evinin pəncərəsinə çox yaxın məsafədə quraşdırıldığından iddiaçının evinin normal havalandırılmasına və təbii işıqla işıqlandırılmasına maneə olur.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ünvan 5-in həyətində inşa edilmiş özbaşına iki mərtəbəli tikilinin pilləkəninin cavabdehlər X1, cavabdeh2 və cavabdeh3 hesabına sökülməsi hissəsində ləğv edilməklə, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin ünvan 5 həyətində inşa edilmiş özbaşına iki mərtəbəli tikilinin pilləkəninin cavabdehlər X1, cavabdeh2 və cavabdeh3 hesabına sökülməsi hissəsində təmin edilməməsi, qətnamədə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni ünvan 5-in həyətində iddiaçının evinin pəncərəsi qarşısında quraşdırılmış dəmir lövhənin cavabdehlər X1, cavabdeh2 və cavabdeh3 hesabına sökülməsi hissəsində dəyişdirilmədən saxlanılması, qətnamənin qalan hissəsinin, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsinin hazırkı apellyasiya baxışının predmetinin olmamasının nəzərə alınması qət edilmişdir (hakimlər - M.Məmmədov (məruzəçi), F.Talışinski və A.Imanov).
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, rayon məhkəməsi iddiaçının evinin pəncərəsi qarşısında quraşdırılmış lövhənin cavabdehlərin hesabına sökülməsi ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. Çünki həmin lövhə iddiaçıya məxsus evin pəncərəsindən təxminin 0,8 metr aralı yerləşir və iddiaçının evinin normal havalandırılmasına, təbii işıqla işıqlandırılmasına maneə olur.
18. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi pilləkən və lövhə müvafiq icazə alınmadan, həmçinin tikinti normalarına riayət edilmədən tikilmişdir. Lakin mübahisəli pilləkən iddiaçının hüquqlarını pozmur, iddiaçının özünə məxsus evdən normal, rahat və maneəsiz istifadəsinə, iddiaçının evinin havalanmasına, evin təbii işıqla işıqlanmasına mane olmur.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 180-cı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 72-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
20. Iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin qismən - Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsinin ünvan 5-in həyətində inşa edilmiş özbaşına iki mərtəbəli tikilinin pilləkənin cavabdehlər X1, cavabdeh2 və cavabdeh3 hesabına sökülməsi hissəsinin ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə mülki işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəlləsinin 152.1,152.2,152.3, 157.4, 157.8-ci, habelə tikinti təhlükəsizliyini təmin edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.4-cü maddələri, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsini tətbiq edərək cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş pilləkənin sökülməsi hissəsində iddianı təmin etmiş Bakı şəhəri Xətai rayon məhkəməsinin e-2(011)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsini qüvvədə saxlamalı olduğu halda bunu etməyərək, nəticədə qanuni və əsaslı olmayan qətnamə qəbul etmiş, MPM-nin 217.1-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, Bakı Apellyasiya Məhkəməsində mülki işə baxıldıqdan sonra “xxxx” MMC-nin verdiyi mütəxəssis rəyinə əsasən qeyd edilən pilləkən iddiaçı İddiaçı həm mülkiyyətində olan, həm də faktiki istifadəsində olan, təmirə ehtiyacı olan evlərinin divarlarının və damlarının təmiri üçün ayaqaltılar quraşdırılmasına imkan vermir, çünki həmin pilləkənlə evlər arasında ara məsafəsi saxlanılmamışdır.
b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh cavabdeh1 (vəkil vəkil1) kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
25. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
26. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
27. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
28. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
29. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikasınin Şəhərsalma və Tikinti Məcəlləsi
30. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: Maddə 69.1.1. Tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); Maddə 69.1.2. Tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə.
31. Maddə 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur.
32. Maddə 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur.
33. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
34. Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir:
35. Maddə 69.5.1. Divar hündürlüyünün 0,6 hissəsi;
36. Maddə 69.5.2. Yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi;
37. Maddə 69.5.2-1. Bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi.
38. Maddə 69.5.3. Yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi.
39. Maddə 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil.
40. Maddə 69.7. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: Maddə 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; Maddə 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; Maddə 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; Maddə 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü.
41. Maddə 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
42. Maddə 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.
43. Maddə 72.2. Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın ünvan 5-in həyətində inşa edilmiş özbaşına iki mərtəbəli tikilinin pilləkəninin cavabdehlər X1, cavabdeh2 və cavabdeh3 hesabına sökülməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
51. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
55. Işə baxmış məhkəmə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
56. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində “xxxx” MMC-nin verdiyi mütəxəssis rəyinə istinad etməsi ilə bağlı bildirir ki, sübutların birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilməli olması ilə bağlı MPM-də imperativ qaydalar müəyyənləşdirilmişdir. Belə ki, sübutlar birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmasına hazırlıq mərhələsi başa çatanadək təqdim edilməlidir. Bununla belə qanun müəyyən hallarda sübutların birinci instansiya məhkəməsinin baxış mərhələsində, eləcə də apellyasiya instansiyası məhkəməsində təqdim olunmasına imkan verir.
57. Göründüyü kimi sübutların yalnız birinci instansiya məhkəməsində təqdim edilməsi əsas qayda olaraq müəyyənləşdirilmişdir, apellyasiya instansiyasında isə sübutların təqdim olunması yalnız qanunla müəyyən olunmuş konkret hallarda (MPM-in 372.2-ci maddəsi) mümkündür. Kassasiya instansiyası məhkəməsində yeni sübutların təqdim olunması isə yolverilməz olmaqla yanaşı, üçpilləli məhkəmə sisteminin təyinatına, məqsədinə və mahiyyətinə ziddir.
58. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarı).
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.