Məhkəmə qərarları › İş №2(3-8)-513/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-513/2026

11.08.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-513/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı qanunsuz tikilmiş artırmanın sökülməsi və qaz xətti borularının yaşayış binasının qarşısından götürülməsi, mülkiyyətdə olan əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı və iddiaçı iddiaçı2 nümayəndəsi iddiaçı1 iştirakı ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı qanunsuz tikilmiş artırmanın sökülməsi və qaz xətti borularının yaşayış binasının qarşısından götürülməsi, mülkiyyətdə olan əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı qanunsuz tikilmiş artırmanın sökülməsi və qaz xətti borularının yaşayış binasının qarşısından götürülməsi, mülkiyyətdə olan əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən */** saylı binanın * saylı mənzili üzərində iddiaçı2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına çıxarış verilmişdir. Mülkiyyətində olan mənzil binanın 2-ci mərtəbəsində yerləşir. Cavabdehə məxsus * saylı mənzil binanın və onların blokun 1-ci mərtəbəsində yerləşir. Cavabdeh 2023-cü ilin aprel ayında həmin mənzili almış və mənzili aldıqdan sonra onu qeyri-yaşayış sahəsinə çevirmiş və daha sonra həmin mənzilin qarşısında, gediş-gəliş yolunun üstündə artırma etmiş və ##.##.2024-cü il tarixdə qaz istismarı və texniki təhlükəsizlik qaydalarına zidd şəkildə qaz xətti çəkmiş, həmin qaz xətti də onun eyvanının qarşısından çəkilməklə binanın görkəmini ciddi şəkildə pozmaqla yanaşı, sakinlər üçün bir təhlükə mənbəyinə çevrilmişdir. Cavabdeh mənzili aldıqdan sonra binanın özülündə qazıntı işləri aparmış və oradan 2 kamaz maşını ilə daş, qum çıxarılmışdır. Tikilən həmin artırmaya qaz xətti çöldən çəkilmiş və bu da binanın xarici görünüşünə eybəcər bir görüntü vermişdir. Bundan başqa həmin qaz xətti yaşadıqları mənzilin eyvanı qarşısından çəkilsə də, bu mənzilin sahibi kimi onun razılığı belə alınmamışdır. Həmin qaz xətti çəkiləndən bəri onların rahatlıqları pozulmuş və ümumiyyətlə binanın özülünün qazılaraq oradan 2 kamaz maşını ilə daş və qumların daşınması binaya ciddi zərərin vurulmasından xəbər verir. Bundan başqa qeyriyaşayış sahəsinə qaz xəttinin çəkilməsi qanunaziddir. O, bu qanunsuzluqlar barəsində Ali hüquq mühafizə orqanlarına, Sumqayıt şəhər Prokurorluğuna və aidiyyəti üzrə qurumlara dəfələrlə müraciət etmiş, lakin həmin şəxslər barəsində tədbir görülməmiş və Sumqayıt şəhər Polis Idarəsi TŞ-nin baş təhqiqatçısı X1 ##.##.2024-cü il tarixli Qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

3. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı qanunsuz tikilmiş artırmanın sökülməsi və qaz xətti borularının yaşayış binasının qarşısından götürülməsi, mülkiyyətdə olan əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərcləri iddiaçılara aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçılar iddiaçı2 və iddiaçı1 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22 AZ34CTRE00000000000002088501 hesabına köçürülməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini Sumqayıt şəhəri, 30cu məhəllə, ev 5/13-də yerləşən * saylı mənzilin qarşısında cavabdeh tərəfindən tikilmiş artırmanın və həmin artırmaya çəkilən qaz xəttinin iddiaçıların hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasını təsdiq edən hər-hansı sübut(lar) məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

5. Iddiaçı iddiaçı2 Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini, qanunsuz tikilinin sökülməsi, qaz xəttinin mülkiyyətində olan mənzilin eyvanının qarşısından götürülməsi, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozaraq sübutları obyektiv qiymətləndirməmiş, ekspertiza rəyinə lazımi hüquqi qiymət verməmişdir. Belə ki, ## ####### 2025-ci il tarixli **/**** nömrəli ekspertiza rəyi ilə cavabdehin mülkiyyətində olan mənzilə bitişik 7x4 m ölçüdə olan tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli *** nömrəli qərarının 3-cü və 4-cü bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən olunmuşdur. Eyni zamanda, cavabdeh həmin tikiliyə sahiblik hüququnu sübut edən heç bir sənəd təqdim edə bilməmişdir. Cavabdehin mülkiyyət hüququ olmadığı və bunu sübut edəcək sənədlər təqdim edə bilmədiyi halda məhkəmənin bu mülki iş üzrə tətbiq etdiyi hüquq və gəldiyi nəticədə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan mülkiyyət hüququnun toxunulmazlığına istinad etməsi əsassızdır. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi və xarici divarları Mənzil Məcəlləsinin 35-ci maddəsinə görə ümumi paylı mülkiyyətdir. Məhkəmə cavabdehin bu ümumi sahəni zəbt edərkən digər mülkiyyətçilərin (o cümlədən onun) razılığını alıb-almaması faktını tam aydınlaşdırmamışdır. Məhkəmə öz qətnaməsində Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüququnun toxunulmazlığına istinad etsə də, cavabdehin həmin tikili (artırma) üzərində mülkiyyət hüququnu təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd iş materiallarında mövcud deyildir. Beləliklə, məhkəmə sübut olunmamış bir halı (cavabdehin mülkiyyət hüququnu) qətnamənin əsası kimi qəbul etmişdir. Məhkəmə iddia edir ki, qanunsuz artırmanın və qaz xəttinin onun hüquqlarına toxunmasını təsdiq edən sübut təqdim edilməmişdir. Lakin ## ####### 2025-ci il tarixli **/**** nömrəli ekspertiza rəyi ilə tikilinin tikinti normalarına uyğun olmadığı və onun mənzilinin eyvanının qarşısından keçməsi faktı mülkiyyətdən istifadəyə maneə yaratdığı halda, məhkəmə bu halın sübut olunmadığı qənaətinə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı və digər iddiaçı iddiaçı2 nümayəndəsi iddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, izahatında qaz xəttinin mülkiyyətində olan mənzilin eyvanının qarşısından götürülməsini tələb etdiklərini bildirmişdir.

9. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh Cavabdeh nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı iddiaçı2 apellyasiya şikayəti verərək, gəlinən nəticəni mübahisələndirmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Iş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

14. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini Sumqayıt şəhəri, 30cu məhəllə, ev 5/13-də yerləşən * saylı mənzilin qarşısında cavabdeh tərəfindən tikilmiş artırmanın və həmin artırmaya çəkilən qaz xəttinin iddiaçıların hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasını təsdiq edən hər-hansı sübut(lar) məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı iddiaçı2 apellyasiya şikayəti verərək, gəlinən nəticəni mübahisələndirmişdir.

16. Baxılan iş üzrə iddia tələbi qanunsuz tikilmiş artırmanın sökülməsi və qaz xətti borularının yaşayış binasının qarşısından götürülməsi, mülkiyyətdə olan əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması barədədir.

17. Iddiaçı iddiaçı2 iddia tələbində və apellyasiya şikayətində mübahisəli tikilinin onun mülkiyyətində olan mənzilin eyvanının qarşısında yerləşdiyini, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin ümumi paylı mülkiyyət olduğunu, həmin sahədən istifadə zamanı digər mülkiyyətçilərin razılığının alınmalı olduğunu, qaz xəttinin isə qanunvericiliyin tələblərinə zidd olaraq çəkildiyini bildirmişdir.

18. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhəri, 30cu məhəllə, ev 5/13, mənzil 4 xüsusi mülkiyyət hüququ əsasında iddiaçı2 adına dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, * saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.

19. Iş materiallarında olan Sumqayıt şəhər Icra Hakimiyyəti başçısının ## ### 2023-cü il tarixli, *** nömrəli sərəncamından cavabdehin mülkiyyətində olan * saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirildiyi müəyyən olunur.

20. Iş üzrə aparılmış ekspertiza ilə isə cavabdehin mülkiyyətində olan * saylı mənzilin qarşısında inşa edilmiş 7x4 metr ölçüdə tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** nömrəli qərarının 3-cü və 4-cü bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.

21. Lakin məhkəmə kollegiyası qeyd edir ki, həmin ekspert rəyinin nəticəsi mübahisəli tikilinin tikinti normalarına uyğun olmamasını müəyyən etsə də, bu hal öz-özlüyündə tikilinin iddiaçı iddiaçı2 mülkiyyət hüququnu pozmasını və ya onun mənzilindən istifadəni konkret olaraq qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətinləşdirməsini təsdiq etmir.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyasında iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini zəruri hesab edərək məhkəmə tikinti-texniki ekspertiza təyin etmiş, lakin qaz xəttinin texniki şərtə və layihə sənədlərinə faktiki uyğunluğunun, habelə normativ-texniki sənədlərin tələblərinin pozulub-pozulmamasının müəyyən edilməsi ekspertin səlahiyyətlərinə aid olmadığından, həmin məsələlər üzrə ekspert tədqiqatı aparılmamışdır.

23. Bu baxımdan, apellyasiya şikayətində qaz xəttinin texniki şərtlərə və normativ-texniki tələblərə zidd çəkilməsi barədə irəli sürülən dəlillərin öz-özlüyündə təsdiq edilmiş hal kimi qəbul edilməsi mümkün deyildir.

24. Bununla belə, məhkəmə kollegiyası nəzərə alır ki, ekspert tərəfindən tədqiqat aparılmaması qaz xəttinin qanunsuzluğunun müəyyən edilmiş olması anlamına gəlmir. Əksinə, bu hal həmin məsələnin ekspertiza yolu ilə müəyyən edilmədiyini göstərir.

25. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçılar qaz xəttinin qanunsuz çəkildiyini və bunun onların mülkiyyət hüquqlarına və ya mülkiyyətdən istifadə imkanlarına maneə yaratdığını iddia etdiklərindən, həmin halları təsdiq edən mötəbər və mümkün sübutları məhkəməyə təqdim etmək onların üzərinə düşür.

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən qaz xəttinin qanunsuzluğu ilə bağlı dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayət edən əsas təşkil etmir.

27. Eyni zamanda, apellyasiya şikayətində “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 14.9-cu maddəsinə istinad edilərək qanunsuz tikiliyə qaz xəttinin qoşulmasının yolverilməz olduğu bildirilmişdir. Lakin iş materiallarında olan X4 Agentliyinin ##.##.2024-cü il tarixli və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Istehsalat Birliyinin ##.##.2024-cü il tarixli məktubları qaz xəttinin texniki şərt və layihə əsasında çəkildiyini təsdiq edir. Bundan başqa, qaz kəmərinin istismara qəbulu barədə akt da iş materiallarına əlavə edilmişdir. Iddiaçının həmin sənədlərin qanunsuz əsaslarla verilməsi barədə mülahizələri isə öz-özlüyündə həmin sənədlərin hüquqi qüvvəsini aradan qaldırmır və qaz xəttinin götürülməsi barədə tələbin təmin edilməsi üçün kifayət edən sübut hesab edilə bilməz.

28. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan, yaxud şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

29. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikintinin sökülməsi barədə tələb müvafiq icra hakimiyyəti orqanı və ya maraqlı tərəf tərəfindən irəli sürülə bilər.

30. Göründüyü kimi, qanunverici özbaşına tikilinin mövcudluğunu həmin tikilinin sökülməsini tələb etmək hüququnun yaranması üçün yeganə və müstəqil əsas kimi müəyyən etməmiş, belə tələblə çıxış edən şəxsin həmçinin “maraqlı tərəf” olmasını tələb etmişdir.

31. Bu baxımdan, iddiaçının maraqlı tərəf hesab edilməsi üçün mübahisəli tikilinin məhz onun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunması müəyyən edilməlidir.

32. Hazırkı iş üzrə isə iddiaçı iddiaçı2 mülkiyyət hüququnun dövlət qeydiyyatında olması mübahisə doğurmasa da, mübahisəli tikilinin həmin mülkiyyət hüququnun həyata keçirilməsinə konkret və real maneə yaratması iş üzrə toplanmış mötəbər sübutlarla təsdiq olunmur.

33. Apellyasiya şikayətində ekspertiza rəyinə istinad edilərək tikilinin iddiaçının mənzilinin eyvanının qarşısında yerləşdiyi və bunun mülkiyyətdən istifadəyə maneə yaratdığı bildirilsə də, ekspert rəyinin məzmunundan tikilinin iddiaçının mənzilindən istifadəyə konkret maneə yaratdığı barədə nəticə çıxmır. Ekspertin qarşısında qoyulmuş suallar çərçivəsində müəyyən edilmiş tikinti normalarına uyğunsuzluq ilə mülkiyyət hüququnun pozulması arasında hüquqi nəticə yaradan səbəbli əlaqə də müəyyən edilməmişdir.

34. Bu səbəbdən iddiaçı iddiaçı2 ekspert rəyinə istinad etməsi birinci instansiya məhkəməsinin həmin rəyi nəzərə almadığı və ya düzgün qiymətləndirmədiyi qənaətinə gəlmək üçün əsas vermir. Əksinə, birinci instansiya məhkəməsi ekspert rəyini iş üzrə digər sübutlarla birlikdə qiymətləndirərək tikilinin normativ tələblərə uyğun olmadığını nəzərə almış, lakin bunun iddiaçının subyektiv hüququnun pozulmasını sübut etmədiyi nəticəsinə gəlmişdir.

35. Apellyasiya şikayətinin cavabdehin mübahisəli tikili üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd təqdim etməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin həlli üçün əsas məsələ cavabdehin həmin tikiliyə mülkiyyət hüququnun tanınması deyil, iddiaçıların həmin tikilinin sökülməsini tələb etmək üçün subyektiv hüquqa malik olub-olmamasıdır.

36. Başqa sözlə, cavabdehin tikili üzərində hüququnun rəsmiləşdirilməməsi faktı iddiaçının həmin tikilinin sökülməsini tələb etmək hüququnun yaranmasına səbəb olmur. Bunun üçün, ilk növbədə, iddiaçının öz hüququnun pozulduğunu sübut etməsi tələb olunur.

37. Apellyasiya şikayətində Mənzil Məcəlləsinin 35-ci maddəsinə istinad edilərək çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin ümumi paylı mülkiyyət olması və cavabdehin həmin sahəni digər mülkiyyətçilərin razılığı olmadan zəbt etməsi qeyd edilmişdir.

38. Lakin həmin dəlil də qətnamənin ləğvi üçün kifayət edən əsas kimi qiymətləndirilə bilməz. Belə ki, ümumi mülkiyyətin mövcudluğu ilə yanaşı, iddiaçının ümumi mülkiyyətdən istifadə hüququnun məhz cavabdehin hərəkətləri nəticəsində pozulması da sübut edilməlidir. Iş materiallarında isə belə pozuntunun konkret olaraq nədən ibarət olduğunu müəyyən etməyə imkan verən mötəbər sübutlar yoxdur.

39. Apellyasiya şikayətində həmçinin birinci instansiya məhkəməsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Istehsalat Birliyini işə cəlb etməməsi və qaz xəttinin çəkilməsinin qanuniliyini tam araşdırmaması prosessual pozuntu kimi göstərilmişdir.

40. Məhkəmə kollegiyası bu dəlillə də razılaşmır. Çünki iş üzrə mövcud yazılı sübutlarla qaz xəttinin texniki şərt əsasında çəkilməsi və layihə-smeta sənədlərinə uyğunluğu barədə məlumatlar mövcuddur. Şikayətçi isə bu sənədlərin etibarsızlığını və ya onların qanunsuz əldə edilməsini təsdiq edən mötəbər sübut təqdim etməmişdir.

41. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

42. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iş materiallarında olan çıxarışları, dövlət orqanlarının məktublarını, aktları və ekspert rəyini araşdırmış və onların məcmusuna hüquqi qiymət vermişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki hallarla ziddiyyət təşkil etmir.

43. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsində isə iddia tələbinin hər üç hissəsi üzrə hüquqi qiymətləndirmə aparılmış, iddiaçıların tələblərinin əsaslandırılması üçün zəruri olan sübutetmə yükünün onların üzərində olduğu göstərilmiş və nəticədə həmin halların sübut edilmədiyi qənaətinə gəlinmişdir.

44. Bu baxımdan, birinci instansiya məhkəməsinin iddia tələbinin sübut olunmaması barədə gəldiyi nəticə iş materiallarına uyğundur və apellyasiya şikayətində həmin nəticəni təkzib edən əsaslı dəlillər irəli sürülməmişdir.

45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.

46. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI Iddiaçı iddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar