Məhkəmə qərarları › İş №2(001)-269/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-269/2024

18.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-269/2024 18.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış sahəsindən kompensasiya verilməklə çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə, Cavabdeh 25000 manat məbləğində kompensasiya verilməklə, ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsini və evdən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəs., 1-ci Şimal Tinq, ev 41/81 onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeyd edilərək daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq olaraq çıxarış verilmişdir. Cavabdeh- Cavabdeh onun atasıdır. Lakin atası son zamanlar spirtli içkilərin alüdəçisi olduğundan öz hərəkətlərinin mənasını başa düşmür. Belə ki, onu və anasını evdən çıxarmış və hazırda da onun xüsusi mülkiyyətində olan evə onları buraxmır. Odur ki, 4-cü aydır ki, məcburiyyət qarşısında qalaraq kirayədə yaşayırlar. Lakin kirayədə yaşadıqları evin sahibi kirayə haqqını qaldırdığı səbəbi ilə ödənişi edə bilmədiyi üçün evdən çıxarılma təhlükəsi ilə üz-üzə qalmışdır. Başqa yayayış yeri olmadığından məcbur olub atasını məhkəməyə verir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi yerləşən ərazi narkomanlar yeri kimi tanınır. Həmin evə köçürülsələr də, sonradan cavabdehlə aralarında yaranan problemlərə görə evdən çıxmalı olmuşlar. Fərdi yaşayış evi iki hissədən ibarətdir. Hər iki mərtəbədə iki otaq bir mətbəx var. Evindi ikinci hissəsi isə daşla yox, şifer və alçıpanla, cavabdehlə birgə yaşadıqları dövrdə tikilib. Həmin hissə çıxarışda qeyd edilməyib. Cavabdeh evdə yaşamasına şərait yaratmır, onu təhqir edir. Onunla bir evdə yaşaması mümkün deyildir. Evin otaqları 350-400 manatdan kirayə verilə bilər. Cavabdehə 25000 manat məbləğində kompensasiya təklif edir və hesab edir ki, kifayət qədər adekvat qiymətdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Hazırda kompensasiya məbləği kimi 25000 manat pul ödəyə bilər. Ödənişi əmlakı banka ipoteka qoymaqla götürəcəyi vəsait hesabına edəcək. Vaxtı ilə əmlak atasının adında olanda onu və anasını evdən 3000 manat kompensasiya verməklə çıxarılmalarını məhkəmə qaydasında istəmişdir. Mübahisəli ev həyət evidir. Çıxarışda sahəsi 84 kv.m olsa da, faktiki olaraq ərazisi genişdir. Həmin ərazidə kirayə qiymətləri elə də, yüksək deyil. Belə ki, 200-300 manatdan yüksək kirayə haqqı tələb edilmir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, ev 8 otaqdan ibarətdir və hər otaq yaşayış üçün uyğun şəraitdədir. Həmin ərazidə evin 1kv.m qiyməti 2200 manat təşkil edir. İddiaçının qeyd etdiyi yardımçı tikili çıxarışda qeyd edilməsə də, texniki pasportda qeyd edilib. Evin ümumi sahəsi 200 kv.m-dir. Evi özü üçün tikmişdir. İddiaçı onu aldadaraq, evini ələ keçirmişdir. Təklif edilən kompensasiya məbləği ilə razı deyil. İddiaçı özü onu dəflərlə təhqir edib, ona qarşı namərdlik edir. Bu səbəbdən onu bağışlamır. Həmin evi hazırda özü 500 manata kirayə verə bilər. Evin quruluşu elədir ki, ayrı-ayrı mənzil kimi istifadə etmək olur. O, hazırda 2 otaq bir mətbəxi olan hissədə yaşayır.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatlarında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, hazırda 25000 manata özünə 1 otaqlı ev ala bilməz. İddiaçı evi 200000 manata satmaq istəyir. Amma kompensasiya məbləği kimi ona 25000 manat təklif edir. Hansı ki, həmin ev əvvəllər onun mülkiyyətində olmuşdur. Daha sonra evi oğluna bağışlasa da, tamahkar olmasından və nankorluğundan hazırda ona qarşı belə bir iddia qaldırılmışdır. Hazırda səhhəti belə ona həmin evdən çıxmağa imkan vermir. Ev ikimərtəbəli və iki hissədən ibarətdir, orta hissədə isə həyət yerləşir. 4 otaq sol tərəfdə, 4 otaq isə sağ tərəfdədir. İddiaçı otaqları 20 günə qədər kirayə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddianın təmin edilməsi, ilkin iddia üzrə iddiaçılar X1, X2 və İddiaçı Alfiddin oğlu ilkin iddia üzrə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5403/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı Alfiddin oğluna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 5403/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5403/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 5403/2023 saylı qərardadı ilə prosessual müddət buraxıldıqdan sonra verildiyindən geri qaytarılmışdır. Sonuncu qərardadan verilmiş şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2775/2024 saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1628/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-5403/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-5403/2023 saylı qərardadı ilə iddiaçının müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2775/2024 saylı qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. İddiaçı cavabdehin oğludur və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüşdür.

14. Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 2019-cu ildə İddiaçı adına bağışlamış, sonuncu adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır.

15. Hazırda iddiaçı cavabdeh tərəfindən mənzildə yaşamasına maneçilik yaradıldığını əsas gətirməklə, 25000 manat kompensasiya qarşılığında cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini və əşyaları ilə birlikdə çıxarılmasını xahiş edir.

16. Cavabdeh isə təklif edilən kompensasiya məbləği ilə razılaşmır və iddia tələbini qəbul etmir.

17. Cavabdeh tərəfindən bağışlama müqaviləsinin etibarlığı mübahisələndirilsə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5403/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı Alfiddin oğluna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilmiş, qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmüş və daha sonra bərpa edilməmişdir. Nəticədə qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. Tətbiq edilən maddi hüquq normaları və qərarlar:

18. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

19. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

20. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

21. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tətbiq edilən prosessual normalar:

22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

23. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

26. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

29. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hüquqi əsaslandırma və məhkəmənin mövqeyi:

30. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi kimi ilk addım iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılması və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmasının yoxlanılmasıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Hansı ki, qeyd edilən yaşayış sahəsinin əvvəlcə cavabdehin mülkiyyətində olması və onun istifadə hüququnun mövcudluğu işin mübahisəsiz halıdır. Ona görə də, məhkəmə hesab edir ki, istifadə hüququnun hansı əsasla yaranmasından asılı olmayaraq iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir.

32. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.

33. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

34. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir.

35. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.

36. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

37. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçinin və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı onun elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.

38. İnsan hüquqları haqqında Ümumi Bəyənnamənin 25-ci maddəsinə əsasən hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq və yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən mərhum olduğu hallarda təminat hüququna malikdir. İqtisadi, sosial, və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci maddəsinə görə bu Paktda iştirak edən dövlətlər hər kəsin özü və ailəsi üçün, kifayət qədər qida, paltar, mənzil, həmçinin həyat şəraitinin fasiləsiz yüksəlişi daxil olmaqla, qənaətbəxş həyat səviyyəsinə nail olmaq hüququnu tanıyırlar. İştirakçı dövlətlər bununla əlaqədar azad razılığa əsaslanan beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyətini etiraf edərək, bu hüququn təmin olunması üçün lazımi tədbirlər görməyi qərarlaşdırmışlar.

39. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.

40. İşdə olan sənədlərdən də göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ərazi üzrə və yaxın ətrafda yerləşən fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqının bazar dəyərinin müəyən olunması üçün keçirilmiş ekspertiza tədqiqatı nəticəsiz qalmışdır. Belə ki, məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə ekspertin xx.xx.2024-cü il tarixli məlumatına görə mübahisəli evə yaxın ərazidə yerləşən anoloji fərdi yaşayış evlərinə dair satış elanları və kirayə qiymətləri olmadığına görə qiymətləndirmə aparılması mümkün olmamışdır.

41. Lakin iddiaçı məhkəmə iclasında izahatlarında evin kirayə qiymətinin təqribən 200-300 manat, cavabdeh isə 500 manat olduğunu bildirmişdir. Hazırda məhkəmə tərəflərin izahatlarını nəzərə alaraq, hesab edir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ərazidə anoloji evlərin kirayə qiyməti təxminən 600-700 manat arası hesab etmək olar. Belə olduğu təqdirdə iddiaçının təklif etdiyi (25000 manat) kompensasiya ilə cavabdeh təqribən 3 ilə yaxın bir müddətdə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər.

42. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır.

43. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, Cavabdeh mübahisəli mənzilindən istifadə hüququna xitam verilməsi müqabilində ona 25000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Nəticə

44. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh 25 000 (iyirmi beş min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Şimal Ting ünvanında yerləşən 41/81 saylı evə istifadə hüququna xitam verilməli, Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Şimal Ting ünvanında yerləşən 41/81 saylı evdən çıxarılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Şimal Ting ünvanında yerləşən 41/81 saylı evdən istifadə hüququna 25 000 (iyirmi beş min) manat məbləğində kompensasiya verilməklə xitam verilsin və Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Şimal Ting ünvanında yerləşən 41/81 saylı evdən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar