Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2887/2022 07.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizənin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Ərizənin məzmunundan göründüyü kimi, ərizəçinin anası X2 1 saylı Şəhər Klinik Xəstəxanasında vəfat etmiş və ərizəçi tərəfindən ərizəyə həkimlər Jalə Səmədova, Bəhram Zeynalov və Kəmalə Zeynalova tərəfindən imzalanmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hakimə qədər ölüm halını təsdiq edən Akt əlavə edilmişdir. Belə olan halda hazırkı ərizə ilə mülki məhkəmə icraatı qaydasında deyil, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırılmalı idi. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, şərh olunanlara əsasən hesab edirəm ki, ərizəçi tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Bundan əlavə qeyd etməyi zəruri hesab edirəm ki, ərizəçi ərizəsində ünvanını tam olaraq qeyd etməmiş və ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə müvafiq tərtib edilməmişdir. Ərizəçi ərizə ilə məhkəməyə ikinci dəfə müraciət etdiyi halda, qeyd olunanların nəzərə alınması mütləqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 152.1.1, 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizə verilərkən dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat məbləğində pul ödəniş etmiş şəxsə (X1, FİN: 1DKTRMX) qaytarılsın. Ərizəçiyə izah edilsin ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2887/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2887/2022
07.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver