Məhkəmə qərarları › İş №2(001)-2923/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2923/2023

12.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2923/2023 12.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, Ərizəçi (maraqlı şəxs 3 saylı Bakı “Asan-xidmət” mərkəzinin notariat ofisi cəlb edilməklə) ölüm haqqında şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 məxsus AZ-İ 827332 nömrəli, 27 sentyabr 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin ona məxsus olan 465068 nömrəli doğum haqqında şəhadətnamənin ata qrafasında qeyd edilmiş X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanı, yəni hazırki işdə qeydiyyat şöbəsi tərəfindən verilmiş şəhadətnamənin müəyyən şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Bununla bağlı iddiaçı, inzibati orqan sayılan qeydiyyat şöbəsinin qərar, hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi (maraqlı şəxs 3 saylı Bakı “Asan-xidmət” mərkəzinin notariat ofisi cəlb edilməklə) ölüm haqqında şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, inzibati orqan sayılan qeydiyyat şöbəsinin qərar, hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar