Məhkəmə qərarları › İş №2(001)-312/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-312/2022

03.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-312/2022 03.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin naturada bölünməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onun mülkiyyətində olan 3 otaq – 46,9 kv.metr, köməkçi sahələrin – faktiki istifadəsində olan ümumi sahəsi 115,07 kv.metr, o cümlədən yaşayış sahəsi 99,76 kv.metr, yardımçı sahəsi 15,31 kv.metr natura şəklində bölünməsi, istifadə qaydasının müəyyən edilməsi və evin altında və həyətində yerləşən 209,93 kv.metr torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, 15 iyun 1989-cu il tarixdə verilmiş etibarnamə əsasında keçmişdə yaşadığı Ermənistan respublikası Kalinin rayonu, Qızıl Şəfəq kəndində olan evini hazırda yaşadığı evlə dəyişdirmişdir. Həmin vaxtdan həmin evdə ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. Bakı şəhəri Kirov rayon XDS-nin İcraiyyə Komitəsinin 55/465 saylı, 25 avqust 1989-cu il tarixli qərarı ilə ailə üzvləri ilə birlikdə həmin evə qeydiyyata alınmışdır. Eyni zamanda onun mərhum atası da keçmişdə yaşadığı evini onunla eyni ünvanda olan, evin divarı ilə təcrid olunmuş şəkildə yerləşən evlə dəyişdirmişdir. Atası anası ilə birlikdə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 92 saylı, xx.xx.1992-ci il tarixli qərarı ilə həmin evə qeydiyyata alınmışdır. Hər iki ev bir-birindən evin divarı ilə təcrid olunmuş şəkildə olsa da, ünvan nömrələri onlara qədər eyni – 76 nömrəli ünvan kimi qeydə alınmışdır. Cavabdeh 1994-cü ildə ailəsi ilə birlikdə Rusiyadan qayıdaraq atasına məxsus evdə yaşamağa başlamışdır. Atası evin özünə məxsus hissəsini 27 noyabr 2007-ci il tarixdə cavabdehə bağışlamışdır. 12 dekabr 2007-ci il tarixdə evin həmin hissəsi və ona məxsus evin dam hissəsinin bir hissəsi yanmışdır. Atası 15 dekabr 2007-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra cavabdehlə mübahisə başlamış, bugünədək davam etməkdədir. ünvan 1 ünvanda yerləşən evin paylar üzrə 3 yaşayış otağı onun, üç yaşayış otağı isə cavabdehin mülkiyyəti kimi qeydiyyata alınmışdır. Eyni zamanda, 29 dekabr 2007-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində (keçmiş 20-ci Qurultay) istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 46,9 kv.metr sahəli 3 otaq iddiaçının, 46,2 kv.metr sahəli 3 otaq isə cavabdehin adına qeydiyyata alınmışdır. 23 iyul 1992-ci il tarixdə tərtib olunmuş texniki parportun surətindən görünür ki, paylı mülkiyyətdə olan evin ümumilikdə altında və həyətində yerləşən torpaq sahəsinin ümumi sahəsi 400,81 kv.metrdir. İddiaçıya məxsus payın altında və həyətində yerləşən torpaq sahəsinin və evinin eskiz layihəsi tərtib edilərkən müəyyən olunmuçdur ki, ümumi torpaq sahəsi 201,25 kv.metr, evin sahəsi isə 140,91 kv.metrdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiq edib, ekspert rəyində göstərilənlərlə razı olduğunu bildirib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlamış, etirazda göstərmişdir ki, mülki atası Bəhlul Musayevə məxsus olmuşdur. Sağlığında atası mülkin yarısını ona, yarısını isə qardaşı Həmzəyə bağışlamışdır. Atasının adına olan fərdi yaşayış evinin texniki pasportunda həmin evin həyətyanı sahəsi 400,8 kv.metr göstərilmişdir. O, öz adına çıxarış aldıqdan sonra evini və obyektlərini layihələndirmiş, ona məxsus fərdi yaşayış evinin qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi 225,33 kv.metr müəyyən edilmişdir. Ona məxsus fərdi yaşayış evində 2007-ci ildə yanğın baş vermiş, bundan sonra İddiaçı ona məxsus məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi barədə Binəqədi Rayon Məhkəməsiə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 06 may 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2010cu il tarixli qətnaməsinə əsasən, ona məxsus yaşayış sahəsinə aid divar zolağının qarşısında tikilmiş özbaşına tikilinin sökülməsi qərara alınmışdır. Həmin qərarı İddiaçı icra etmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli qərardadına əsasən, İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə qarşı (3-cü şəxs Cavabdeh) cavabdeh şöbənin 3-cü şəxsin mülkiyyətində olan M.Məmmədxan küçəsi 76 saylı ünvanda yerləşən yaşayış evinin iddiaçının həyətinə bitişik qanunsuz sökülmüş güc götürən divar zolağın sökülməsi barədə hərəkətlərinin qanunsuz sayılması və həmin güc götürən divar zolağının əvvəlki vəziyyətə cavabdeh şöbənin vəsaiti hesabına bərpa edilməsi tələbindən ibarət iddiası mümkün sayılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ona qarşı divar zolağının bərpa edilməsi barədə iddiası onun mülkiyyətində olan evin həyətyanı yotpaq sahəsinin sərhəddində mövcud olmuş qanunsuz sökdüyü divar zolağının onun vəsaiti hesabına əvvəlki vəziyyətə bərpa edilməsi barədə iddiası rədd edilmişdir. Hazırda iddiaçı ona məxsus, qeyd olunan ünvandakı həyətyanı torpaq sahəsində qeyri-qanuni inşa etdiyi özbaşına tikilini və həmin özbaşına tikintiyə aid zəbt etdiyi torpaq sahəsini hüquqi qaydada öz adına rəsmiləşdirmək istəyir. Halbuki, həmin özbaşına tikintiinin sökülməsinə dair məhkəmə qətnaməsi var və həmin qətnaməni icra etmədiyinə görə İddiaçı barəsində məhkəmə hökmü vardır. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil iddianı qəbul etmədiklərini, iddiaya etirazda göstərilənləri təsdiq etdiyini bildirib, izahatında göstərdi ki, onlar ekspert rəyi ilə razı deyillər. Belə ki, sözügedən ünvan əvvəllər tam ünvan olmuş, sonradan ərazi bölgüsü aparılsa da, küçəyə giriş-çıxış müəyyən edilməmişdir. Hazırki ekspert rəyində torpaq sahəsinin təxminən 400 kv.metr olduğu göstərilmişdir, lakin bu ölçüdə torpağa tərəflərin mülkiyyət hüquqları yoxdur. Həmin torpaq sahəsi istifadədə olan torpaqdır. Sonda Vəkil ərazinin naturada bölgüsünə razı olduqlarını, lakin bölgünün M.Məmmədxan küçəsinə paralel şəkildə deyil, şaquli istiqamətdə aparılmasını, beləliklə M.Məmmədxan küçəsinə həm iddiaçının, həm də cavabdehin giriş-çıxış qapısının müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkilinin izahatında göstərilənləri təsdiq etdiyini, əlavəsinin olmadığını bildirdi. Mülki iş materiallarında olan: - 27 noyabr 2007-ci il tarixli müqavilənin surətindən görünür ki, X5 Bakı şəhəri Tİ və MHQİ-dən verilmiş kitab № 19. Səh.2722, 30/84, 02.09.92 tarixli, MH № 158712 seriyalı qeydiyyat vəsiqəsinə və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsindən verilmiş xx.xx.2007-ci il tarixli arayışa əsasən 0,0401 ha. torpaq sahəsində olan, yaşayış sahəsi 93,1 kv.metr, köməkçi sahəsi 95,5 kv.metr, ümumi sahəsi 188,6 kv.metr olan 6 otaqlı, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsi ünvanında yerləşən 76 nömrəli fərdi yaşayış evinin ona aid olan hissəsini Cavabdeh bağışlamışdır. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15 dekabr 2007-ci il tarixdə vəfat etmişdir. - Bakı şəhəri İcra Hakmiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı,182951 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 20-ci Qurultay küçəsində 76 nömrəli fərdi yaşayış evinin 3 yaşayış otağı İddiaçı, qalan hissəsi X3 adına 10 dekabr 1998-ci il tarixdə qeydiyyatdan keçmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 3 otaq – 46,9 kv.metr, Cavabdeh 3 otaq qalan hissə - 46,2 kv.metr adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli, 2(103)- 4296/2010 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı “küçəyə çıxış yolunun açılması ilə əlaqədar sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətinə məxsus yaşayı sahəsinə aid 5 metrə yaxın divar zolağının qarşısında tikilmiş hasarın sökülərək ünvan üzrə Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsinə çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2010-cu il tarixli, 2-149/10 saylı qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin bu qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2010-cu il tarixli qətnaməsi qismən, yəni iddianın özbaşına tikilinin sökülməsi barədə hissəsinin rədd olunması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, Cavabdeh məxsus, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə aid divar zolağının qarşısında tikilmiş özbaşına tikilinin sökülməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli, 2(001)- 2420/2011 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etməklə “məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilməmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(001)-7438/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “divar zolağının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia rədd edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(112)-7619/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsi 76 nömrəli fərdi yaşayış evinin qanuni istifadəsində olan 225,33 kv.metr həyətyanı torpaq sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, İddiaçı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Həmin məhkəmə tərəfindən aparılmış araşdırma zamanı ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi bağışlama müqavilələri əsasında X5 tərəfindən İddiaçı və Cavabdeh bağışlanmışdır. 1992-ci ildə tərtib olunmuş texniki pasportda olan məlumatlardan görünür ki, sözügedən evin yerləşdiyi faktiki torpaq sahəsi 400,8 kv.metr (istifadədə olmaqla), tikinti altı sahəsi isə 271 kv.metr təşkil edir. Göründüyü kimi, həqiqətən də fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə bağlı Cavabdeh mərhum atasının adına texniki inventarlaşdırma orqanı tərəfindən texniki posport tərtib edilmişdir ki, həmin texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüləri göstərilmiş və ən əsası isə texniki pasport xx.xx.2001-ci il tarixədək tərtib olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarı əsasında Cavabdeh iddiası təmin edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(001)- 312/2022 saylı qərardadına əsasən, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sualları qoyulmuşdur: - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin və torpaq sahəsinin paylara mütənasib olaraq təcrid şəkildə naturada ayrılması mümkündürmü, əgər mümkündürsə, hansı qaydada ayrıla bilər? - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən 76 saylı evin yerləşdiyi torpaq sahəsindən İddiaçı və Cavabdeh istifadə qaydalarının müəyyən edilməsi mümkündürmü, əgər mümkündürsə bu hansı qaydada həyata keçirilməlidir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 10/2674 saylı müvafiq rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin və torpaq sahəsinin təcrid şəklində naturada ayrılması mümkündür. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir: Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini əmlakın naturada bölgüsünün mümkünlüyü hissəsində mötəbər sübut kimi qiymətləndirir və belə qənaətə gəlir ki, iddia tələbi “əmlakın naturada bölünməsi” hissəsində qismən, ekspert rəyində göstərilən sxemə uyğun təmin edilməlidir. Məhkəmə iddia tələbinin “həyətani torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, işin məhkəmə araşdırılması ilə və iş üzrə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 10/2674 saylı rəyi ilə belə müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin və torpaq sahəsinin təcrid şəklində naturada ayrılması mümkündür. Bununla yanaşı məhkəmə iddia tələbində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onun mülkiyyətində olan 3 otaq – 46,9 kv.metr, köməkçi sahələrin – faktiki istifadəsində olan ümumi sahəsi 115,07 kv.metr, o cümlədən yaşayış sahəsi 99,76 kv.metr, yardımçı sahəsi 15,31 kv.metr natura şəklində bölünməsi, istifadə qaydasının müəyyən edilməsi və evin altında və həyətində yerləşən 209,93 kv.metr torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, 76 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətində olan 3 otaq – 46,9 kv.metr, köməkçi sahələrin – faktiki istifadəsində olan ümumi sahəsi 115,07 kv.metr, o cümlədən yaşayış sahəsi 99,76 kv.metr, yardımçı sahəsi 15,31 kv.metr natura şəklində bölünməsi yalnız iddiaçı tərəfin mövqeini ifadə etdiyindən digər tərəfə münqasibətdə bölgünü tam əhatə etmədiyindən, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 10/2674 saylı rəyində ümumi istifadə olan həm torpaq sahəsi, həm də fərdi yaşayış yerinin sərhədləri tam göstərildiyindən, eləcə də hər iki sahəyə giriş-çıxışın hardan olması qeyd edildiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, bölgü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 10/2674 saylı rəyinə əlavə olunmuş sxemə uyğun aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat cavabdehdən iddiaçının xeyrinə, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat vəsaitin isə 25 manatı iddiaçıdan, 25 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi və torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyinə əlavə olunmuş, aşağıda göstərilən sxemə uyğun olaraq onların arasında naturada bölünsün: İddiaçı və Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi və torpaq sahəsindən istifadə qaydası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq müəyyən edilsin və həmin qaydalara uyğun olaraq onların bərabər vəsaiti hesabına bu torpaq sahələri arasında sərhəd hasarı çəkilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaitinin əvəzi kimi 25 manat İddiaçı, 25 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar