Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3175/2021 15.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və cavabdehin mənzildən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Bakı şəhəri, Binəqədi rayonu, xxxx nömrəli yaşayış evinə dair bağlanmış xx xxxxxx 2020-ci il tarixli ilkn alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin ona məxsus fərdi yaşayış evindən çıxarılması və həmin evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxxx 2020-ci il tarixdə 26 saylı Notariat ofisində ilkin alqı-satqı müqaviləsi bağlamışdır. Aralarında olan razılığa əsasən ona məxsus olan və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 45.000 manata satmağa dair razılaşdılar. xx xxxxxx 2020-ci il tarixdə cavabdeh ona zəng edərək evi satmağa dair pulun hazır olduğunu bildirdi və onu notariat ofisinə apardı. Cavabdeh Notariat ofsinə çatanda bildirdi ki, üstündə 15.000 manat pul var yerdə qalan 30.000 manatı isə qısa zamanda qaytaracağını bildirdi. O, artıq bu qədər yolu gəldiyini görüb razılaşdı. Cavabdeh hər şeyi tez-tələsik edir və ona göstəriş verirdi. Cavabdeh bildirdi ki, o, sənədləri tez-tez imzalasın. Cavabdeh təcili işinin olduğunu bildirdi. O, görmüşdür ki, müqavilədə 16.000 manat pul yazılıb. Cavabdehə sual verəndə ki, bəs burda niyə 45.000 manat yazılmayıb. O, isə cavabında ona bildirmişdir ki, müqavilədə pul çox yazılanda verginin rüsumu çox baha olur və çox pul çıxır. Cavabdeh ona belə işlərə çox əhəmiyyət verməməsini bildirdi. Üstündən bir müddət keçəndən sonra o, cavabdehdən pulunu tələb eləmişdir. Cavabdeh isə ondan qaçır və pulunu ödəməyəcəyini evi guya 15.000 manata aldığını bildirdi. İlkin alqı-satqı müqaviləsində göstərilən 1.000 manatı ödəyəcəyinə dair razılaşsa da o, həmin məbləği belə ödəməmişdir. Ona məxsus evin bazar qiyməti hal-hazırda 45.000-55.000 manat təşkil edir və o, özünə məxsus fərdi yaşayış evini heç bir zaman bu qiymətə satmaz. Cavabdehin niyyəti onu aldadaraq mülkiyyətini ələ keçirtmək olmuşdur. Hal-hazırda o, evsiz-eşiksiz qalmışdır. 15.000 manata heç kim ev satmır. Cavabdehin 15.000 manat pulunu ödəməyə belə hazırdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdeh tərəfindən ona ilk dəfə 4.000 manat məbləğində beh verilmiş, daha sonra isə 16.000 manat məbləğində vəsait verilmiş, evdən qeydiyyatdan çıxdıqda isə 1.000 manat verilmiş, beləliklə o cavabdehdən cəmi 21.000 manat məbləğində pul almışdır. Əgər cavabdeh ona evi qaytarsa, o, aldığı pulları hər ay 500 manat olmaqla cavabdehə ödəyə bilər, çünki onun həmin məbləği birdəfəlik ödəməyə maddi imkanı yoxdur. O, ilkin alqı-satqı müqaviləsini imzalayarkən onun yetkinlik yaşına çatmış oğlu və qızı yanında olmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirdi ki, tərəflər arasında xx xxxxxx 2020-ci il tarixdə mübahisəli evlə bağlı ilkin alqı-satqı müqaviləsi bağlanmış, ondan əvvəl isə tərəflər sadə yazılı formada mübahisəli evin alqı-satqısı barədə xx xxxxxx 2020-ci il tarixdə müqavilə imzalamışlar. Bununla da iddiaçı mübahisəli evi faktiki olaraq cavabdehə satmışdır. Cavabdeh iddiaçıya razılaşdırılmış evin dəyərini, yəni 21.000 manatı ödəmiş, iddiaçı evi boşaldaraq cavabdehə təhvil vermiş, hətta qeydiyyatdan da çıxmışdır. Həmin müqaviləyə iddiaçının yetkinlik yaşına çatmış övladları da imza etmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx xxxxxx 2020-ci il tarixli “evlərin alqı-satqı” müqaviləsindən görünür ki, İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış evi 21.000 manata Cavabdeh satılmışdır. Müqavilə İddiaçı, Cavabdeh və vasitəçi X1 tərəfindən imzalanmışdır. Həmin müqaviləyə əlavə edilmiş iltizamlara əsasən evdə qalan 1 ədəd kondisioner, 1 ədəd pitiminutka, 1 ədəd peç və peçaltı, 1 ədəd moyka, 1 ədəd ceyran peçi, 2 ədəd karniz Cavabdeh tərəfindən İddiaçı təhvil verilmiş, qeyd olunan iltizam onlar və vasitəçi Rüstəmov Məhəddin tərəfindən imzalanmışdır. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı tərəfindən yazılmış iltizama əsasən o, özünə məxsus 2 otaqlı fərdi yaşayış evinin 21.000 manata satılmasına razıdır, evə görə 3.000 manat beh alınmış, xx xxxxxx 2020-ci il tarixdə əlavə olaraq 1.000 manat da beh alınmışdır. Cəmi 4.000 manat beh olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə X3 tərəfindən yazılmış iltizama əsasən o, anasına məxsus 2 otaqlı fərdi yaşayış evinin 21.000 manata satılmasına razıdır, evə görə 3.000 manat beh alınmış, xx xxxxxx 2020-ci il tarixdə əlavə olaraq 1.000 manat da beh alınmışdır. Cəmi 4.000 manat beh olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə X6 tərəfindən yazılmış iltizama əsasən o, anasına məxsus 2 otaqlı fərdi yaşayış evinin 21.000 manata satılmasına razıdır, evə görə 3.000 manat beh alınmış, xx xxxxxx 2020-ci il tarixdə əlavə olaraq 1.000 manat da beh alınmışdır. Cəmi 4.000 manat beh olmuşdur. xx xxxx 2020-ci il tarixli akta əsasən İddiaçı tərəfindən həmin tarixdə, saat 18:30-da fərdi yaşayış evi Cavabdeh təhvil verilmişdir. Qeydiyyat üçün qalıq pulun 2.000 manatının İddiaçı və qızı X6 may ayının 30-na kimi qeydiyyatda qaldığına görə 1.000 manat verilmişdir. Akt İddiaçı, X6, Cavabdeh və X1 tərəfindən imzalanmışdır. xx xxxx 2020-ci il tarixli iltizama əsasən İddiaçı satdığı evdən qeydiyyatdan çıxdığına görə 1.000 manat qalıq pulu Cavabdeh qəbul etmiş və bildirmişdir ki, əlavə heç bir iddiası və tələbi yoxdur. Bakı şəhəri 26 saylı notariat ofisində İddiaçı və Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı istifadəsində və sahibliyində olan ünvan 2 ünvanında yerləşən yaşayış evin ümumi dəyəri 16.000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər arasında əmlak ilə əlaqədar hesablaşma qaydası tərəflər bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətə, yəni 16.000 manata dəyərləndirdilər. 15.000 manatı hal-hazırda notariusun bankdakı depozit hesabı vasitəsilə ödəyir, qalan 1.000 manatı isə nağd şəkildə ödəməy öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı isə qeyd olunan yaşayış evinə dair çıxarış alındıqdan sonra alqı-satqı müqaviləsi bağlamağı öz öhdəsinə götürür. Qeyd olunan müqavilə reyestrdə 3M-49 nömrə ilə qeyd edilmişdir. xx xxxxxx 2020-ci il tarixli xəzinə mədaxil orderlərinin surətindən görünür ki, Cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X2 hesabına 15.000 manat məbləğində vəsait ödənilmişdir. Bakı şəhəri 26 saylı notariat ofisində, xx xxxxxx 2020-ci il tarixdə İddiaçı tərəfindən verilmiş ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu və istifadəsində olan ünvan 2 ünvanında yerləşən yaşayış evini Cavabdeh 16.000 manata satılması barədə razılığa gəlmişdir. Onun həmin fərdi-yaşayış evinə dair hər hansı bir tələbi, iddiası yoxdur və gələcəkdə olmayacaqdır. Çıxarış alındıqdan sonra qarşı tərəfin adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri 26 saylı notariat ofisində, xx xxxxxx 2020-ci il tarixdə X4 və X5 tərəfindən verilmiş ərizələrin surətindən görünür ki, onlar qeydiyyatda olduqları ünvan 2 ünvanında yerləşən yaşayış evinin satılmasına etiraz etmirlər. xx xxxx 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evi tərəflərin qarşılıqlı razılığı əsasında 21.000 manata cavabdehə satılmış, cavabdeh tərəfindən həmin məbləğ iddiaçıya ödənilmiş, iddiaçı ona məxsus əşyaları həmin evdən çıxarmış, habelə özü və yetkinlik yaşına çatmış övladları həmin evdən qeydiyyatdan çıxmışlar. Həmin ev dövlət reyestrində qeydiyyata alınmadığından tərəflər həmin evin alqı-satqısını xx xxxxxx 2020-ci il tarixdə sadə yazılı formada rəsmiləşdirmiş, daha sonra isə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisində ilkin alqı-satqı müqaviləsi bağlamışlar. Hazırda iddiaçı cavabdeh tərəfindən aldadıldığını bildirərək xx xxxxxx 2020-ci il tarixli ilkin alqısatqı müqaviləsinin etibarsızlığını, habelə cavabdehin mübahisəli evdən çıxarılmasını və evin ona təhvil verilməsini xahiş edir, cavabdeh tərəf isə iddianı qəbul etmir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsini onun aldadılması nəticəsində imzaladığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Belə ki, həmin müqavilədən öncə mübahisəli evin 21.000 manata satılması barədə razılığa gəlmiş, həmin müqavilə imzalanarkən iddiaçının yetkinlik yaşına çatmış övladları da orada iştirak etmiş və razılıqlarını bildirmiş, iddiaçı evi boşaldaraq cavabdehə təhvil vermiş və bir müddət sonra isə həmin evdən qeydiyyatdan çıxmışlar. Bundan əlavə, mübahisələndirilən ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, iddiaçı həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi “ilkin alqı-satqı müqaviləsinin etibarsızlığı” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdehin evdən çıxarılması və evin təhvil verilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, mübahisəli ev rəsmi reyestrdə qeydə alınmadığına görə onun alqı-satqısının qanunvericiliyə uyğun olaraq notarial formada rəsmiləşdirilməsi qeyrimümkündür. Ona görə də hazırki mübahisəyə mülki qanunvericiliyin daşınmaz əmlakın alqı-satqısını tənzimləyən maddi hüquq normaları tədbiq edilə bilməz. Bununla belə məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli evin alqısatqısına dair razılıq əldə edilmiş və yazılı formada rəsmiləşdirilmiş, həmin razılığa əsasən tərəflərin öhdəlik münasibətləri yaranmış, cavabdeh öz üzərinə düşən öndəliyi icra edərək evin dəyərini iddiaçıya ödəmişdir. Ona görə də, məhkəmə iddia tələbinin “cavabdehin evdən çıxarılması və evin təhvil verilməsi ” hissələrini də əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbləri bu hissədə də təmin edilməməlidir. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1-ci maddəsinin tələbinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və cavabdehin mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və cavabdehin mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3175/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3175/2021
15.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver