Məhkəmə qərarları › İş №2(001)-3215/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3215/2022

07.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3215/2022 07.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”-nə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 24 avqust 1994-cü il təvəllüdlü X2 05 noyabr 1994-cü il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu 24 avqust 1994-cü il təvəllüdlü X5 05 noyabr 1994-cü il tarixində ölmüşdür. Bu günə qədər də, ölümü təsdiq edən sənədi almamışdır. Lakin bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gəncə şəhər birləşmiş xəstəxanası” PHŞ və Qeydiyyat Şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin poliklinika arayışın, qeydiyyat şöbəsi ilə ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Eyni zamanda öz imtina ərizəsində bu barədə məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Binəqədi rayon qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, ərizəçi həyat yoldaşının bacısıdır. Uşaq 1994-cü ilin avqust ayında doğulmuş, həmin ilin noyabr ayında Gəncə şəhərində vəfat etmişdir. Həmin vaxt Gəncə şəhərində yoldaşının ata evində birlikdə yaşadıqlarından hadisələrdən xəbərdardır. Uşağın doğulandan ürəyində xəstəlik var idi. Hətta uşaq doğulanda belə orada olmuşdur. Uşağın ölümü ilə bağlı yas olmamışdır, lakin qəbrinin üstünə ziyarətə getmişdir. Uşağa qayınanasının qardaşının adını qoymuşdular. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: V-ЖГ seriyalı, 480840 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə Ərizəçi arasında 25 dekabr 1993-cü il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25.12.1993-cü il tarixində 476 № ilə qeyd edilmişdir. XXİİ- ЖГ seriyalı, № 383525 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 24 avqust 1994-cü il tarixində Gəncə şəhərində doğulmuşdur. X1, anası Ərizəçidır. Gəncə Şəhər Bİrləşmiş Xədtəxanası PHŞ tərəfindən Bakı şəhər X8 göndərilən 12.04.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2022-ci il tarixli 137 saylı əmrinə əsasən uşaq tibb müəssisələrində müxtəlif qeydiyyat sənədlərinin saxlanma müddəti 25 ildən çox olmadığı üçün 24.08.1994cü ildə anadan olmuş X4 aid tibb sənəd tapılmamışdır. Gəncə şəhəri Nizami rayon Bələdiyyəsi dəfn və mərasim Xidməti şöbəsi tərəfindən verilən 05.04.2022-ci il tarixli, 370 saylı arayışdan görünür ki, X5 4 №-li qəbirstanlıqda 05.11.1994-cü il tarixdə dəfn olunmuşdur. Bakı şəhəri 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi göndərilən 21.12.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatın qaydası”–nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ərizəsinin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, Ərizəçi mərhum X3 anasıdır. Belə ki, X3 05 noyabr 1994-cü il tarixində Gəncə şəhərində vəfat etməsi iş materiallarından olan sübutlarla, şahid ifadəsi ilə sübut olunur. Ərizəçi oğlunun vəfat etməsi ilə əlaqədar səhiyyə orqanlarından tibbi şəhadətnamə əldə edə bilmir. Həmin sənədin alınması ərizəçiyə oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün lazımdır. Odur ki, Ərizəçi oğlu 24 avqust 1994-cü il təvəllüdlü X2 05 noyabr 1994-cü il tarixində Gəncə şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli fakt olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24 avqust 1994-cü il təvəllüdlü X2 05 noyabr 1994-cü il tarixində Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Ərizəçinin oğlu 24 avqust 1994-cü il təvəllüdlü X2 05 noyabr 1994-cü il tarixində Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar