Məhkəmə qərarları › İş №2(001)-3372/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3372/2024

19.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3372/2024 19.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinin mümkünlüyünü yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qaynanası 1928-ci il təvəllüdlü X1 ona məxsus olan Xutor y/sahəsi 3-cü sıra ev 2 a ünvanında yaşayırdı. Xəstə olduğundan qızı X2 ona qulluq edirdi. Qaynanası 04 mart 2024-cü il tarixdə saat 05:45 radələrində dünyasını dəyişdir və bu barədə təcili və təxirəsalınmaz X3 ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 307.2.8. məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, əvvəla ərizəçi özünün eyniləşdirmə məlumatlarını göstərməmişdir. Yəni ərizəçi şəxsiyyət vəsiqəsi məlumatlarını(fin və ya seriya nömrəsi) ərizəsində göstərməmiş və ya onun surətini ərizəsinə əlavə etməmişdir. Bundan başqa ərizəçi ərizəni bir nüsxədə tərtib etmiş və maraqlı şəxsə göndərilməsi üçün ərizənin surətini əlavə etməmişdir. Eyni zamanda ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsinin mümkünsüzlüyü barədə sənədi, yəni qeydiyyat orqanının imtinasını ərizəyə əlavə etməmişdir. Bununla yanaşı ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu ərizəsində əsaslandırmamışdır. Eyni zamanda ərizəçi iddia ərizəsi verilməsi üçün dövlət rüsumu ödəməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir və geri qaytarılmalıdır. Eyni zamanda ərizəçiyə izah edilir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 263-264cü, 267-268-ci maddələrini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi geri qaytarılsın. Ərizəçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar